Müasir yol infrastrukturu yüksəlişdən xəbər verir

Yazarlar 29 Dekabr 2019 11:35 Oxunub 1717
Müasir yol infrastrukturu yüksəlişdən xəbər verir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur

“Yol mədəniyyətdir. Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Müasir anlamda səliqəli, rahat yollar hər bir ölkənin inkişafını, tərəqqisini, iqtisadi gücünü göstərən əsas amillərdən biridir. Yol iqtisadiyyat və həyat deməkdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, yolun rahat olması insanlarda, ölkəyə gələn turistlərdə xoş ovqat yaradır. 

Son illər Azərbaycanda yol infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması, beynəlxalq əlaqələri daha da genişləndirən yolların istifadəyə verilməsi ölkəmizin nüfuzunun artmasında böyük rol oynayıb. İnşa olunan yeni körpülər, tunellər paytaxtımıza müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır”. 
Beşinci çağırış Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu fikirləri ölkəmizdə yol infrastrukturunun yüksək səviyyədə qurulmasına münasibət bildirərkən dedi. 
O, son illər beynəlxalq tədbirlər məkanına çevrilmiş Bakının avtomobil yollarının səliqəli, rahat və gözoxşayan olmasının şəhərimizə təşrif buyurmuş xarici qonaqlarda xoş ovqat yaratmaqla yanaşı, sürücülərin də sevincinə səbəb olduğunu bildirdi. Dedi ki, beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır: “Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Belə irimiqyaslı layihələrdən biri də Bakı – Quba -- Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisidir. Dövlətimizin başçısı da həmin yolun inşası ilə tanış olarkən belə yolların tikintisinə böyük ehtiyac olduğunu bildirdi. Qeyd etdi ki, hazırda Rusiya ilə ticarət dövriyyəmiz artır, eyni zamanda, Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur”.
Son illər beynəlxalq, xüsusilə qonşu dövlətlər arasında yükdaşımaların artdığını vurğulayan Ç. Qənizadə belə bir məqamda artan yüklərin rahat daşınması üçün yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasının prioritet vəzifələrdən olduğunu bildirdi. Ölkə Prezidenti də bu faktı diqqətə çatdıraraq yeni çəkilmiş yolun şimal rayonlarımız üçün əhəmiyyətindən danışdı. 
Ç.Qənizadə yol infrastrukturunun yenidən qurulmasının turizmin inkişafına və ölkəmizin əlaqələrinin genişləndirilməsinə əlverişli şərait yaradacağını bildirdi: “Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Bu, ölkəmizin getdikcə artan iqtisadi gücünün göstəricisidir”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh