Ekspert:“Yükdaşımalar artdıqca BTQ-nin iqtisadi səmərəliliyi daha böyük olacaq”

Gündəm 23 Yanvar 2020 13:50 Oxunub 1728
Ekspert:“Yükdaşımalar artdıqca BTQ-nin iqtisadi səmərəliliyi daha böyük olacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs dəhliz hansı potensial imkanlara malikdir və iqtisadi səmərəsi varmı?

Son bir neçə ildə ölkəmizin dəmir yollarında tranzit potensialının artırılması istiqamətində əhəmiyyətli iş gedir. Bunlardan biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir.

Bəs dəhliz hansı potensial imkanlara malikdir və iqtisadi səmərəsi varmı?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev BTQ ilə yükdaşımaların gəmi nəqliyyatına nisbətən daha tez avtomobil və hava nəqliyyatı ilə müqayisədə daha ucuz başa gəldiyini deyib:

“Xəzər qapalı hövzədir və onun birbaşa dünya okeanına çıxışı yoxdur, bu da kommunikasiyaları qapadır. Nəticədə alternativlər gündəmə gəlir və bunlardan biri də BTQ-dir. Prosesin təməli əslində "Əsrin Müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi ilə qoyuldu. Belə ki, o, neft nəqlini nəzərdə tutursa, BTQ də bunun yükdaşıma elementidir. Bu dəhliz şərqdən qərbə ən qısa yollardan biridir. Onunla yükdaşımalar gəmi nəqliyyatına nisbətən daha tez avtomobil və hava nəqliyyatı ilə müqayisədə daha ucuz başa gəlir. Dəhliz həm öz yüklərimizin daşınması, həm də ölkənin tranzit potensialını ortaya qoymaq üçün geniş imkanlar verir. Belə ki, tranzit potensialının artması Azərbaycanın regional haba çevrilməsini səciyələndirir. Statistikaya baxsaq, görərik ki, BTQ ilə ildən-ilə yükdaşımalarda artan dinamika var və Azərbaycan bundan dividendlər əldə etməyə başlayıb. Dəhlizə daha çox ölkə qoşulduqca və yükdaşımaların həcmi artdıqca BTQ-nin iqtisadi səmərəliliyi daha böyük olacaq".

Ekspertə görə, BTQ-nin üstünlükləri çoxdur, lakin yerləşdiyimiz bölgənin mürəkkəb geosiyasi mənzərəsinə baxsaq, onda hər hansı yeni dəhlizin əsas üstünlüklərindən biri alternativ ortaya qoymasındadır: “Yəni deyək ki, Orta Asiya ölkələri hər hansı yüklərin daşınmasını yalnız şimal marşrutu üzrə Rusiya üzərindən həyata keçirirdilər. İndi isə həmin ölkələr Azərbaycan üzərindən BTQ vasitəsilə həm Çinin, həm də öz yüklərini Avropa İttifaqına çatdırmaq imkanı əldə ediblər. Eyni zamanda Cənub-Qərb istiqaməti üzrə Fars körfəzindən Qara dəniz limanlarına və Türkiyə istiqamətində yükdaşımalar zamanı da BTQ-nin potensialından istifadə oluna bilər. Belə ki, İranın Türkiyəyə çıxışı yalnız Van gölündəndir. Yükdaşımalar barjalar vasitəsilə həyata keçirilir ki, bu da tam güclə fəaliyyət göstərməyə imkan vermir.

Bir məsələyə diqqət çəkək, BTQ-nin potensialı böyükdur, lakin bununla yanaşı, bir tərəfdən ciddi piara və gömrük sadələşdirilməsi prosedurlarına ehtiyac var. Digər tərəfdən, sürətin optimallaşdırılması və infrastrukturun daha da təkmilləşdirilməsi istiqamətində işlərin davamlı olması böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, yaxın gələcəkdə həm BTQ, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri daha da təkmil şəkil alacaq”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Ötən il ərzində BTQ ilə yükdaşımalar 42% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh