Avtosfer.az | Reklam
Polad Aslanov kimdir, kimlərə işləyir?— Azərbaycana qarşı CASUS OYUNLARI
Gündəm 24 Yanvar 2020 11:10 231 dəfə oxunub
Polad Aslanov kimdir, kimlərə işləyir?— Azərbaycana qarşı CASUS OYUNLARI
Polad Aslanov bu hədə-qorxudan təxminən 1 ay sonra DTX tərəfindən həbs olundu

Bakı-Tehran xəttində münasibətlərin istiliyinə rəğmən cənubdan Azərbaycana doğru “soyuq küləklər”in əsdiyi zaman-zaman müşahidə olunub. İki ölkə arasında yüksək rəsmilərin mövqeləri qarşılıqlı münasibətlərin atmosferinə uyğun olsa da, rəsmi Bakı Tehrana qarşı daim mehriban və etibarlı qonşuluq siyasətinə üstünlük versə də, hansısa dairələr gərgin abu-havanın olmasında maraqlı tərəf kimi çıxış edirlər. 

Xüsusilə İranda bəzi dini-klerikal dairələrin özfəaliyyəti kimi görünən Azərbaycana qarşı hücumlar qarşılıqlı münasibətlərin atmosferini korlayır. 


Bu dairələrin anti-Azərbaycan hücumları bir neçə istiqamətdə müşahidə olunur:


1. İranda dini-klerikal dairələrə bağlı media orqanlarında Bakıya qarşı qondarma iddialarla bəzədilmiş qarayaxma kampaniyasının aparılması;


2. Azərbaycanda, xüsusilə media sahəsində müxtəlif vasitələrlə ələ aldıqları, yaxud medianın içinə öncədən hazırlanaraq saldıqları subyektlərdən istifadə etməklə;


İkinci istiqamət “sapı özümüzdən olanlar” nöqteyi-nəzərindən daha təhlükəlidir. Çünki başqa ölkələrin qaranlıq qruplarının sifarişlərini yerinə yetirənlər azərbaycanlı kimliyi altında fəaliyyət göstərdikləri üçün ictimai rəyi asanlıqla manipulyasiya edə bilirlər. Bunun ən real nümunəsi ötən ilin iyun ayında ortaya çıxdı.

 


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “Xeberman” və “Press-az” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanıldı. Hazırda həmin şəxslə bağlı cinayət işinin məhkəməyə daxil olduğu məlum olmuşdur. 


Polad Aslanov kimdir, kimə işləyir? 


İran-Azərbaycan münasibətləri və bu münasibətlərdə daim problemə çevrilən qaranlıq qrupların maraqları kontekstində bu sual aktuallaığını qoruyur. İstintaq sirr olduğu üçün onun əməlləri haqda geniş informasiya ictimaiyyətə açıqlanmır, lakin kiçik araşdırma P.Aslanovun kimliyi və kimlərə işlədiyini anlamağa imkan verir.


“Casus tapıntısı”, yaxud Azərbaycan vətəndaşları necə ələ alınır?


Araşdırmalar təsdiqləyir ki, Polad Aslanovun İrandakı dini-klerikal dairələr və bu dairələrin xüsusi xidmət orqanları, güc strukturlarında uzantıları ilə birbaşa əlaqəsi olub və əsas işi Azərbaycanda dini təbliğat aparmaqla yanaşı, yeni şəxslərin “casus şəbəkəsi”nə cəlb edilməsi imiş. 


- Pul və digər vədlər;

- İrana səfərlərin təşkili və vasitəçilik;

- Şantaj, hədə-qorxu;


Birinci istiqamət üzrə Polad Aslanovun əsas işi pul və digər vədlərlə insanları dini-klerikal dairələrin şəbəkəsinə cəlb etmək olub. Misal üçün, onun Ağstafa raylonunun Yenigün kəndindən olan Səxavət İsmayılov adlı vətəndaşı “yaxşı ödəniş” qarşılığında əməkdaşlığa cəlb etmək istəyi haqda məlumatlar var. 


Məlumatlara görə, Polad Aslanov Səxavət İsmayılova İrana səfər etməyi təklif edib və bildirib ki, ona yaxşı pul verəcək, o cümlədən, Azərbaycana qayıtdıqdan sonra məşhurlaşmağını təmin edəcəklər. Belə faktlar çoxsaylıdır və yəqin ki, araşdırma aparan istintaqa məlumdur.


İctimaiyyətə məlum olan isə Polad Aslanovun İrandakı anti-Azərbaycan dairələrin Bakıya qarşı “səlib yürüşündə” “xaçlılar”dan biri olmasıdır. 


Vaxtilə Polad Aslanovun hüquqlarını müdafiə etmiş Samir Zeylanov mənimlə söhbət zamanı deyir ki, bu şəxs və rəhbərlik etdiyi saytlar İranda bəlli dairələrin Azərbaycandakı ruporu rolunda çıxış edib. Və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin fevralında Tehranda “məşhur selfisi”nə qarşı Azərbaycan ictimaiyyətinin etirazını “cilovlamağa” hesablanmış təbliğat materialları da məhz Polad Aslanovun vasitəsilə yayılırmış. 

 


Söhbət ötən ilin 27-28 fevral tarixində Nikol Paşinyanın Tehrana səfəri zamanı ermənilərlə görüşü zamanı İran tərəfinin ayırdığı salonda “Qarabağ Ermənistanındır!” posterinin asılması və erməni baş nazirin bu posterin önündə selfi çəkərək, paylaşmasından gedir. Həmin vaxt Azərbaycan ictimaiyyətində İrana qarşı ciddi etirazlar edildi. Bu etirazların davam etdiyi bir vaxtda Azərbaycanın media seqmentində “Ayətullah Xamneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirdi” sərlövhəsi ilə məqalə peyda oldu. 


Samir Zeylanov bildirir ki, həmin məqalə İranın bəlli dairələri tərəfindən Polad Aslanova yayımlanması üçün göndərilib və məqsəd Azərbaycan ictimaiyyətində İranın müsbət imicinin formalaşması olub.


Samir Zeynalov onu da qeyd edir ki, bu işlərdə təkcə P.Aslanov yox, onun həyat yoldaşı Gülmirə Aslanova da iştirak edir. 

 


O maraqlı sual verir: Gülmirə Aslanovanın həyat yoldaşının “işini” davam etdirməsinə niyə göz yumulur?! 


Bu sualın cavabı hələlik açıqdır və güman ki, güc strukturları bütün məsələlərdən xəbərdardırlar. 


Araşdırmalarsa göstərir ki, P.Aslanovun İranda dini-klerikal dairələr tərəfindən Azərbaycan auditoriyasına hesablanmış “Səhər Tv”-də “ekspert” kimi çıxış etməsi təsadüfi deyilmiş. Bu “ekspert” bütün çıxışlarında təbii olaraq İranın maraqlarını müdafiə edir, dini dairələrin təbliğatını aparırdı.


Əsasən Kərbəla və Nəcəfə dini səfərlər təşkil edən “Eşq səfəri” MMC-nin direktoru Fəxri Həsənov isə Polad Aslanovun İranda olarkən şübhəli görüşlərinin olduğunu deyir. Hətta Aslanov bildirirmiş ki, “Azərbaycana qayıtdıqdan sonra DTX-nı diz çökdürəcəm, dostlarım da yaxşı qonarar verəcəklər”. 

 


Bütün bildikləri haqqında istintaqa məlumat verdiyini deyən Fəxri Həsənov qeyd edir ki, Polad Aslanov İranda bəlli dairələrin sifarişi ilə onu aldadaraq, Azərbaycan təhlükəsizlik orqanlarına qarşı çıxış etdirib və bu çıxışı öz maraqları naminə yayımlayıb.


Polad Aslanov həm də İranla əməkdaşlıq etməkdən imtina edənlərə qarşı “şantaj, hədə-qorxu” işini həyata keçirirmiş. 


“Azerbaycanrealligi.com” saytının təsisçisi Dəyanət Babayev onun hədə-qorxusu ilə üzləşənlərdən biridir. 


Dəyanət Babayev mənimlə söhbət zamanı danışır ki, ötən ilin fevralında müalicə məqsədilə İrana səfər edib. Özünü İranın xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılıb və ona əməkdaşlıq təklif edilib. Azərbaycanlı jurnalistin fotolarını çəkən “İran kəşfiyyatı” onu məxfi əməkdaşlığa məcbur ediblər. 

 


Dəyanət Babayev Bakıya qayıdandan sonra “tapşırıqların” heç birini etməyib və təxminən üç ay sonra – ötən ilin may ayında Polad Aslanov onu görüşə çağıraraq, “tapşırıqları” icra etməyi tələb edib. 


Tapşırıq Azərbaycanın hərbi hissələrinin fotolarını çəkmək və ünvanlar haqqında məlumatları vermək olub. Polad Aslanov Dəyanət Babayevə “tapşırıqları” yerinə yetirməsə, onu “İran və Qloballaşma qaçılmazlığı” adlı məqaləsindən sonra qətlə yetirilən jurnalist Rafiq Tağının taleyi gözlədiyini deyib. 


Ölümünə İrandan fətva verilmiş, müəmmalı şəraitdə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş Rafiq Tağının ölüm ayağında İran dini radikallarının sifarişi ilə hücuma məruz qalması barədə müsahibəsi, eləcə də ölümündən sonra fətva vermiş “ayətullah”ın  oğlunun  təbrik mesajları KİV-də çox müzakirə olunub. 

 


Polad Aslanov bu hədə-qorxudan təxminən 1 ay sonra DTX tərəfindən həbs olundu. Hazırda onun barəsində yaxın günlərdə məhkəmə prosesinin başlanılması gözlənilir. Hərçənd, həyat yoldaşı Gülmirə Aslanovanın xüsusilə sosial şəbəkələrdə “aktiv fəaliyyəti” diqqətdən yayınmır.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh