Daha iki yeraltı tunel və körpü tikintisi planlaşdırılır - Natəvan Bayramova

Yeniliklər 29 Yanvar 2020 17:30 Oxunub 1702
Daha iki yeraltı tunel və körpü tikintisi planlaşdırılır - Natəvan Bayramova
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələrin baş verməsinin əsas səbəbi qanunun tələblərinin pozulmasıdır

Son dövrlərdə dəmir yollarında bir neçə qəza, bədbəxt hadisə qeydə alınıb. Baş verən hadisələr isə insanlar arasında narahatlığa səbəb olub. Lakin məsələyə birtərəfli yanaşmaqla ondan çıxış yolu tapmaq mümkün deyil. Bütün hadisələrdə isə aidiyyəti qurumları günahlandırmaq olmaz.

Bu məsələlərlə bağlı oxu.az-ın suallarını “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova cavablandırıb:

- Sıx müşahidə edilməsə də, yol qəzaları ilə yanaşı, avtomobillərin dəmir yollarına çıxaraq, qəza törətməsi halları müşahidə edilir. Bu kimi hadisələrin baş vermə səbəbləri nədir?

- "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin 1-ci bəndində deyilir ki, nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarında qatara yol verməklə, yalnız dəmir yol keçidlərindən keçə bilərlər. Bəzi sürücülərin bu tələblərə daha ciddi əməl etməsini arzulayardıq. Onu da təəssüflə qeyd edək ki, hazırki statistika və apardığımız araşdırmaların nəticələrinə görə də bu cür hadisələrin baş verməsinin əsas səbəbi məhz həmin qanunun tələblərinin pozulmasıdır.

- Bu gün dəmir yollarının keçdiyi mənzillərin hansında qorunan dəmir yolları və ya şlaqbaumlar var, hansında yoxdur? Bəzən elə görünür ki, şlaqbaumlar bədbəxt hadisələrin qarşısını almağa kifayət etmir.

- Nəzərinizə çatdırım ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzarətində ümumilikdə 526 ədəd dəmir yolu keçidi fəaliyyət göstərir. Onlardan 459 ədədi baş yolların, 67 ədədi isə stansiya və xüsusi dalan yollarının üzərində yerləşir.

Baş yolların üstündəki keçidlərdən 123-ü qorunan, 336-sı isə qorunmayan keçiddir. Dəmir yolunun “Texniki istismar qaydaları”na və “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”a əsasən sutka ərzində keçidlərdən hərəkət edən qatarların və avtonəqliyyatın sayına görə, keçidlər dərəcələrə bölünür və bu dərəcələrin sayı dörddür.

Qorunan keçidlər birinci dərəcəli keçidlərdir. Bu keçidlərdə sutka ərzində 16-dan çox qatar və yeddi mindən çox avtonəqliyyat vasitələri hərəkət edir. İkinci və üçüncü dərəcəli keçidlərdə isə əgər qeyri-kafi görünmə şəraiti və qatarların sayı 16-dan çox olduqda, qorunan keçidlər quraşdırılır.

Amma təəssüf ki, bəzi hallarda şlaqbaum quraşdırılan ərazilərdə də qəzalar baş verir. Bunun səbəbi isə bəzi sürücülərin yol hərəkətinin və quraşdırılmış nişanların tələblərinə əməl etməməsidir. Nəzərə almaq lazımdır ki, qatarın əyləcləmə sistemi avtomobillərdən fərqlidir. Maşinist təhlükəni uzaqdan görərək, əyləcdən istifadə etsə də qəza qaçılmaz olur.

- Bəzi mənzillər yaşayış məntəqələrinin kifayət qədər yaxınlığından keçir. Bu gün hansı istiqamətlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var?

- Qeyd edim ki, dəmir yollarında son illər aparılan tikinti işləri keçidlərdən də yan keçməyib. Dəmir yolunun Bakı-Böyük-Kəsik istiqamətində yolların əsaslı təmiri zamanı bu sahədə sərnişin və yük qatarlarının hərəkətinin intensivliyi nəzərə alınaraq, qorunmayan keçidlər qorunan keçidlərlə əvəzlənib. Yəni bu istiqamətdəki 76 keçidin hamısı qorunan dərəcəsindədir.

Dəmir yolları ilə avtomobil yollarının eyni səviyyədə kəsişdiyi ərazilərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir yolları” QSC tunellər, yeraltı və yerüstü keçidlər inşa edir.

Belə ki, Bakı-Sumqayıt dairəvi xəttinin təmir tikintisi zamanı 15 keçidin əvəzinə altı yeraltı tunel tipli avtomobil keçidi tikilərək, istifadəyə verilib. Dörd keçidin əvəzinə isə hazırda tunel tikintisi davam etdirilir. Əlavə keçid olmayan iki yerdə (Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi və Sabunçu qəsəbəsi ərazisində) tunel tipli avtomobil keçidləri də tikilərək istifadəyə verilib. Bu istiqamətdə keçidlərin əvəzinə əlavə iki yeraltı tunel və körpünün tikintisi planlaşdırılır.

Biləcəri stansiyasındakı bir keçiddə isə tunel tikintisinə yerli şərait imkan vermədiyi üçün keçid həm qorunan dərəcəsində fəaliyyət göstərir və əlavə olaraq avtomobillərin hərəkəti istiqamətində şlaqbaumla dəmir yolunun kənar relsi arasında yerdən avtomatik qalxan barelyerlər də quraşdırılıb.

Bunlar təhlükəsizliyin təmin edilməsinə yönələn əlavə tədbirlərdir. Sadalanan bu işlər Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların təhlükəsiz hərəkətinə şərait yaradır. Bu tədbirlərin dəmir yolunun digər sahələrində də davam etdirilməsi nəzərdə tutulur.

Məlumat üçün onu da əlavə edim ki, Bakı-Abşeron dairəvi dəmir yolunda hasarlama insanların sıx məskunlaşdığı ərazidə aparılıb və bu işlər davam etdirilir.

- Mövcud olan təhlükəsizlik tədbirlərinə baxmayaraq qəzalar baş verirsə, əlavə daha hansı tədbirlər görülə bilər? 

- Qəzaların baş verməməsi üçün zəruri şərtlərdən biri ilk növbədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, qanunlara riayət olunmasıdır. Həmçinin, eyni səviyyəli kəsişmədən müxtəlif səviyyəli kəsişməyə keçmək məqsədəuyğun olar. Bu istiqamətdə də “Azərbaycan Dəmir Yolları” QSC  intensiv işlər aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh