Binəqədi sakinləri: Neyləyək, kimə gəldi səs verək ki, yolumuz düzəlsin? - VİDEO

Xəbərlər 5 Fevral 2020 22:45 Oxunub 1854
Binəqədi sakinləri: Neyləyək, kimə gəldi səs verək ki, yolumuz düzəlsin? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcra hakimiyyətinə gedirik bizi görüb arxa qapıdan qaçırlar

Binəqədi rayonunun Mədən 1, Korpus 15 adlanan ərazisində sakinlər uzun illərdir bərbad vəziyyətdə olan yoldan əziyyət çəkirlər. Minlərlə ailənin yaşadığı paytaxtın mərkəzi hissəsindən o qədər də uzaq olmayan bu yol ilk baxışdan gölməçəni xatırladır. Ərazidə yaşayan sakinlərin uzun müddət məsul qurumlara etdiyi həm yazılı, həm də şifahi çoxsaylı müraciətlərinə baxmayaraq, necə deyərlər, özləri deyib, özləri də eşidiblər.  

Sakinlərdən biri vəziyyəti belə şərh edir: “Yol tapıb evdən çıxa bilmirik. İcra hakimiyyətinə gedirik bizi görüb arxa qapıdan qaçırlar. Bir neçə gün əvvəl millət vəkili seçilmək istəyən bir şəxs gəlib bizə deyir ki, mənə səs verin yolu düzəldəcəm. İndi neyləyək, düşək bir-bir kimə gəldi səs verək ki, yolumuz düzəlsin?” 

Uzun illər sakinlərin müraciətlərinə laqeyd yanaşan rayon İcra Hakimiyyəti təssüflər olsun ki, problemlə bağlı müsahibə verməyə də laqeyd yanaşdı. Belə ki, İcra Hakmiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov problemlə bağlı açıqlama verməklə bağlı sualımıza cavab olaraq bildirdi ki, icra nümayəndələri olaraq mikrofon qarşısına keçib sizə müsahibə verməyə borclu deyilik.  

Əgər istəsəniz, yalnız telefonla sizə məlumat verə bilərik. Müsahibə verməkdən imtina edən icra nümayəndəsi daha sonra telefon vasitəsi ilə bizə cavab yollayaraq bildirdi ki, sözügedən yolun təmir edilməsi rayon İcra Hakimiyyətinin yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işidir.  

İcra nümayəndəsinin sözlərindən o da aydın oldu ki, sözügedən yol təmsil etdiyi qrum üçün maraqlı deyil. Əks halda uzun illər ərzində sakinlərin bu qədər müraciətləri qulaq ardına vurulmazdı.  

Sonda isə gələk icra nümayəndəsinin səsləndirdiyi fikirlərə. Bəli, ölkə yollarının yenidən qrulması və təmiri işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyi cavabdehlik daşıyır. Amma söhbət əsas yollardan gedir. Sözügedən qurumdan elə bir neçə gün əvvəl açıqlamada bildirildi ki, qəsəbədaxili yollar və küçələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil. Həmin yolların nə üçün bərbad vəziyyətdə olması, təmir olunmaması sırf yerli icra strukturlarına aid məsələdir.  (oxu.az)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh