Bakı polisinin Tapıntılar Bürosundan - REPORTAJ

Gündəm 18 Fevral 2020 21:15 Oxunub 1779
Bakı polisinin Tapıntılar Bürosundan                          - REPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Büro iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) tabeçiliyində Tapıntılar Bürosu fəaliyyət göstərir. Tapılan əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarət olan Büro tərəfindən ötən il 3 600 vətəndaşın müraciətinə cavab verilib. O cümlədən, 400 vətəndaşın tapılan sənəd və əşyası onların özlərinə qaytarılıb.

Büroya daxil olan bütün müraciətlərlə diqqət göstərilir.

Avtosfer.az-ın məlumatına görə büro əməkdaşı, polis serjantı Mazan Nuriyev Büronun fəaliyyəti haqqında “Report”un əməkdaşına danışarkən bildirib ki, küçədə, ictimai nəqliyyatda, sənədlərinin və əşyalarını itirilməsi ilə bağlı çoxsaylı müraciətlər üzrə müvafiq araşdrıma aparılır:

“Əgər itirilən sənəd hansısa şəxs tərəfindən tapılıb, yaxud hardasa unudulubsa, paytaxtın polis orqanlarına təqdim edildikdə dərhal bu barədə Büroya məlumat verilir. Bununla bağlı əsas bizi qayğılandıran hal, tapılan sənədlərin, əşyaların təqdim olunmasında etinasızlıq halları olur ki, bizə vətəndaş müraciət etdikdə müsbət cavab verməkdə çətinlik çəkirik. Daxil olan bütün sənədləri araşdıraraq, əsasən aidiyyatı üzrə göndərilməsini təmin edirik.

 

 

Bundan başqa, sənədləri itən şəxs yenisini çıxartmaq üçün “ASAN Xidmət”ə müraciət edir. Həmin şəxs “ASAN Xidmət”dən də Tapıntılar və Buraxılış Bürosuna göndərilir və ərizə ilə bizə müraciət edir. Əgər həmin vətəndaşın itən sənədi bizdə yoxdursa, onda yazırıq ki, Tapıntılar və Buraxılış Bürosuna sənədlə bağlı müraciət daxil olmayıb. Vətəndaş da bizim yazdığımız ərizəni “ASAN Xidmət”ə təqdim edir və yeni sənəd çıxarır.

Paytaxt sakinlərinə tövsiyə edirik ki, onlara məxsus olmayan hər hansı əşyanı, sənədi tapdıqda vətəndaş mövqeyi nümayiş etdirərək bizə təqdim etsinlər ki, biz də onun sahibinə gönədilməsini təmin edək”.

 

 

Onu da əlavə edək ki, Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosu Daxili İşlər Nazirliyinin (DİN) müvafiq əmri ilə 2006-cı ildə BŞBPİ-yə bilavasitə tabe olan struktur hissə kimi yaradılmaqla fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə, DİN və BŞBPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.

Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olan, tapılan əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd olunan xidmətə görə dövlət rüsumu nəzərdə tutulmur. Büronun əməkdaşları tapılan əşya və sənədlərin saxlanılmasına cavabdehlik daşıyırlar. İtirilən sənəd və ya əşyalar barədə daxil olan müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır və bu haqda onlara büro əməkdaşları tərəfindən imzalanan və möhürlə təsdiq edilən arayış verilir.

 

 

Tapılan əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır və bu müddətdə sahibi müraciət etmədikdə ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlərin (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və sair) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir.

Büro iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir.

Büronun fəaliyyəti və əlaqə telefonları (490-91-19) BŞBPİ-nin rəsmi internet saytında (www.bakupolice.gov.az) yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh