25 ildir anbara sığınan köçkün ailələri çıxılmaz vəziyyətdə qalıb - VİDEO

Xəbərlər 24 Fevral 2020 16:11 Oxunub 1475
25 ildir anbara sığınan köçkün ailələri çıxılmaz vəziyyətdə qalıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Amma belə anlaşılır ki, dövlət bunların imdadına çatmağa tələsənə bənzəmir"

"Laçın rayonundan məcburi köçkün olan bir xanım həmkarımız var. Əmisi Qarabağ döyüşlərində şəhid olub. Atası ermənilərə qarşı savaşda öndə olub. Məlum səbəbdən ailəcə köçkün düşüblər, Xırdalanda bir yerə sığınıblar. Xalq arasında buraya “Mexkolon 23” deyilir (MK qəsəbəsi, Qaçaq Nəbi küçəsi). Yəni yaşayış sahəsi deyil. Bir anbar sahəsidir, köçkünlər gəlib orada özlərinə sığınacaq tapıblar. Özü də qəzalı tikilidir". Bunları Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət öz bloqunda yazıb. A.Həsrət bu yazısının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət olduğunu qeyd edib: “Ərazi bütövlükdə "AzEnCo" şirkətinin yaxınlığında yerləşir, konkret fiziki şəxsə məxsusdur. Bizim həmkarımız da oradakı digər 10 ailə ilə birlikdə sığınmaqdadır. Hay-küydən uzaq bir ailədir. Bir neçə il öncə Qarabağ veteranı olan atası haqqın rəhmətinə qovuşub. İndi ailədə həmkarımızın yaşlı anası, özü və universitet tələbəsi olan oğlu qalıb. Bu üç şəxs illərdir yaşayış üçün heç bir şəraiti olmayan bir yerə sığınıb dövlətdən mədəd umur. Amma belə anlaşılır ki, dövlət bunların imdadına çatmağa tələsənə bənzəmir.

Əlbəttə, onu da anlayırıq ki, bir anda bütün köçkünlərin problemlərini həll etmək, onları mənzillə təmin etmək mümkün deyil. Amma bəzən bir ailədən həm ailə başçısının, həm də övladlarının ayrı-ayrılıqda mənzil aldığının şahidi oluruq. Demirik ki, onlar da pis durumda qalmalıdır. Əsla. Sadəcə düşünürük ki, Qarabağda şəhid vermiş, qazi olmuş və indi də dünyasını dəyişmiş bir Vətən oğlunun ailəsi belə vəziyyətdə qalmamalıdır axı. Olmazmı ki, bu kiçik (cəmi üç nəfərlik) ailəyə də mənzil verilsin? İndi bu ailə abırına qısılır, hay-küy salmır, qapılar döymür deyə, elə belə də qalmalıdır?

Çox istərdik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev şəxsən bu məsələyə diqqət ayırsın. Bu ailə ən azından şəhid verdiyinə, qazi ailə başçısını itirdiyinə görə mənzil alanların ön sırasında olmalıdır. Hər halda, Rövşən Rzayevin quruma rəhbər gəlməsindən sonra həyata keçirilən işlər ən azından ümid etməkdə haqlı olduğumuzu deməyə əsas verir.

Həmkarımız deyir ki, “ev”də yaşamaq mümkünsüz olduğu üçün kirayəyə çıxmaq istəyirlər. Lakin qiymətlər baha olduğu üçün onu da edə bilmirlər. Çünki gəlirləri yetərli deyil. Hər halda bir yaşlı ananı və bir tələbə oğlu dolandırmaq bir xanım üçün elə də asan məsələ ola bilməz axı. Ona görə də belə çıxılmaz durumda qalıblar."

Əməkdar jurnalist haqqında danışılan şəxsin adını bilərəkdən yazmadığını deyib:

"Ümid edirik ki, "Qaçqınkom" o adı bizdən öyrənmək istəyəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh