Azərbaycanda niyə qadın yol polisi yoxdur? - DYP-dən və ekspertdən cavab

Yol polisi 6 Mart 2020 13:31 Oxunub 1653
Azərbaycanda niyə qadın yol polisi yoxdur? - DYP-dən və ekspertdən cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanımlarının yol polisi olmasına nə mane olur? -

Dünyanın bir çox ölkəsində yol patrul xidmətində kişilərlə yanaşı qadınlar da işləyir. Azərbaycanda xanımları bir çox sahələrdə kişilərlə çiyin-çiyinə çalışır. Bəs görəsən Azərbaycanda da qadın yol polisləri fəaliyyət göstərirmi? Məsələ ilə bağlı 1news.az-a danışan Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycanda Yol Patrul Xidmətində xanım polis işləmir: “Baş Dövlət Yol Polisi İdarəsində və ASAN xidmətdə sürücük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı olan pəncərədə ümumilikdə 61 nəfər xanım çalışır. Yol patrul xidmətində iş bir az çətin olduğu üçün xanımlar bir o qədər də həvəs göstərmirlər. Bundan əlavə xanımın tək istəyi deyil, eyni zamanda tələblərə də cavab verməlidir, boy, fiziki güc və təhsil baxımından uyğunluq olmalıdır. İlin fəsillərindən, havadan aslı olmayaraq Yol Patrul Xidmətinin əməkdaşları yolda bayır xidməti aparmalıdır. Ola bilsin ki, xanımlarımız bu səbəbə görə Yol Patrul Xidmətində çalışmaq istəmirlər”.

Nəqliyyat məsələləri üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, Azərbaycanda yol polisi sistemində xanımlar çoxdur, sadəcə onlar idarədə olurlar.

“Bayır xidmətində fəaliyyət göstərən xanımlar yoxdur. Mən bildiyimə görə SSRİ vaxtında Azərbaycanda  yol patrul xidmətində çalışan xanımlar olub. O dövrlə indiki dövr arasında xeyli fərq var. Sürücülərin mədəniyyət səviyyəsi, davranışları və s. kimi məsələlərdə fərqlər müşahidə olunur. Bununla yanaşı Azərbaycanın özünün də mental xüsusiyyəti var, heç kim istəməz ki, xanım gecə saat 12-də bayırda xidmət aparsın. Mental xüsusiyyətlər baxımından bu o qədər də xoş qarşılanmaya bilər.

Amma əgər Yol Polisində bayır xidmətində işləməyi arzulayan xanımlar varsa, onlar müraciət etsələr Daxili İşlər Nazirliyinin rəhbərliyi onunla bağlı müəyyən addım atar. Normal şəraitdə, qaranlıq gecə xidmətinə qalmadan xanımlar patrul xidmətini həyata keçirə bilər. Xanım sürücülərin  bu qədər artdığı bir dövrdə xanım yol polislərinin olması da pis olmazdı. Hər bir halda bununla bağlı vətəndaş özü qərar verməlidir”.

Avtomobil təlimçisi Arzu Kürsüm Babazadə deyib ki, Azərbaycanda qadın yol polislərinə ehtiyac var. “Peşəkar olsalar, işlərini vicdanla icra etsələr çox yaxşı olar. Bizdə mentalitet məsələsi var, yol polislərimiz kişidi deyə bəzən qadın sürücülərimizi saxlayanda müəyyən aqressiv hallar yaşanır. Bu məsələlər absurd olsa da reallıqdır”.

Xanım təlimçinin sözlərinə görə,  Azərbaycan xanımları yol polisində işləməkdə çox da maraqlı deyillər. “Xanımlarımızın müəyyən hissəsində polis əməkdaşı kimi işləməyə maraq var. Mən özüm bir xanım olaraq xanımların yol polisi olmağının tərəfdarıyam. Bütün sahələrdə olduğu kimi yol patrul xidmətində də xanımların olması yaxşı olardı”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh