“ADY Konteyner”in direktoru: “Bu proses ölkəmizdə konteynerləşmənin sürətlənməsinə şərait yaradıb” - MÜSAHİBƏ

Gündəm 3 Aprel 2020 16:45 Oxunub 1179
“ADY Konteyner”in direktoru: “Bu proses ölkəmizdə konteynerləşmənin sürətlənməsinə şərait yaradıb”                          - MÜSAHİBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən son görüşlər isə "Metrans" və “Rail Cargo” şirkətləri ilə keçirilib

Bu il dəmir yolu ilə konteyner daşımalarının həcminin proqnozlaşdırılan artımı əsasən Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.

Müsahibənin tam mətnini təqdim edirik:

- Ötən ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə  illik artımın 50%-dən çox olacağı proqnozlaşdırılır. Bu artım əsasən hansı ölkələrə daşımaların hesabına təmin olunacaq? Ümumiyyətlə, Azərbaycanın kontenyer daşımalarında əsas bazarı hansılardır?

- Son illər ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək, artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edildi.

Şirkət 2017-ci il avqustun 1-dən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti dövründə konteynerlərlə yükdaşımaların həcmi 2016-cı illə müqayisədə 4 dəfədən çox artıb. 2019-cu ildə 2018-ci illə müqayisədə idxalda 58%, tranzitdə 74%, ümumilikdə isə 61% artım qeydə alındı.

Konteynerlə yükdaşımaların həcminin artmasında bütün istiqamətlərdə təşkil edilən uzunməsafəli blok qatarların rolu böyükdür. Statistik məlumatlara görə, 2019-cu ildə ümumilikdə Çindən Avropa istiqamətində 600 mindən artıq konteyner daşınıb. Bu daşımalarda “ADY Konteyner”in də payı var. Belə ki, şirkət ölkəmizin ərazisindən keçən Orta koridor vasitəsilə (Çindən başlayaraq, Qazaxıstan və Azərbaycan üzərindən keçməklə) Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə Qara dəniz vasitəsilə Avropaya və ya BTQ dəmir yolu xətti ilə Türkiyəyə, oradan isə Avropaya dəmir yolu vasitəsilə konteynerlərlə yükdaşımalar həyata keçirir.

Digər marşrutlara nisbətən Orta koridorun üstün cəhəti geniş diversifikasiya imkanlarına malik olmasındadır. Çindən Avropaya həm “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan”, həm “Çin-Qazaxıstan - Azərbaycan-Gürcüstan-Türkiyə”, həm də Çin-Rusiya-Azərbaycan marşrutları ilə konteynerlərlə yüklərin daşınmasını həyata keçirmək mümkündür.

Orta koridorla daşınan konteynerlərin sayının ildə 100 min TEU-ya çatdırılması hədəflənir. Bunun üçün təkcə Azərbaycanda deyil, marşrut boyu yerləşən digər ölkələrdə də buraxılış imkanlarının genişləndirilməsi, daşımaların sürətini və həcminin artırılması istiqamətində böyük həcmdə investisiyalar yatırılıb, infrastruktur layihələri həyata keçirilib. Bu isə imkan verir ki, Orta koridorla Çindən Avropaya daşınan konteynerlərin sayı ildə 150-200 min TEU-ya çatdırılsın.

Şirkətimiz Avrasiyanın bir sıra aparıcı operatorları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə konteynerlə yükdaşımaların həcmini daim artırmağa imkan verir. 2020-ci ildə proqnozlaşdırılan 50 faizlik artımın, əsasən, Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.

- Konteyner daşımalarında müsbət tendensiya müşayiət olunsa da, bütövlükdə ölkədə konteynerləşmə səviyyəsi kifayət qədər aşağıdır. Bunun hansı obyektiv və ya subyektiv səbəbləri var?

- Burada əsasən subyektiv yox, obyektiv səbəblərdən danışmaq olar. Belə ki, konteynerlə daha çox hazır məhsullar daşınır. Hazır məhsulların maya dəyəri yüksək olduğu, istehsal müəssisələri müxtəlif yerlərdə yerləşdiyi və onların arasında dəmir yolu bağlantısı olmadığı üçün daşıma zamanı daha sürətli olan avtomobillərə üstünlük verilir.

 

 

Konteynerləşmənin səviyyəsinin artırılması üçün “ADY Konteyner” müəyyən addımlar atır. Məsələn, Gürcüstanın Poti və Batumi limanları istiqamətində vahid tariflərlə mütəmadi fəaliyyət göstərən blok qatarlar təşkil edilir. Bu proses konteynerləşmənin sürətlənməsinə şərait yaradıb. Məsələn, 2018-ci ildə bu istiqamətdə konteynerlərlə 24 505 TEU yükdaşınmışdısa, 2019-cu ildə bu rəqəm 35 895 TEU-ya çatdırılıb, il ərzində artım 46% olub.

Həmçinin Türkiyənin İstanbul, Mersin şəhərlərinə, Orta Asiyanın əsas şəhərlərinə, Qara dənizdən keçməklə Avropaya, Azərbaycan üzərindən keçməklə İrana, Orta Asiyaya, Rusiya və Çinə blok qatarlar təşkil edilir. Bu isə yük sahibləri üçün cəlbedici olduğundan konteynerlə daşımalara müraciətlərin sayı da müvafiq olaraq artır.

Bir məqamı da diqqətinizə çatdırım ki, postsovet məkanında, o cümlədən qonşu ölkələrdə uzun illər dəmir yolu ilə daşımalar əsasən vaqonlarla həyata keçirildiyi üçün konteynerləşmə prosesi zaman tələb edir. Bu baxımdan, Azərbaycanın tranzit potensialını artırmaq məqsədilə artıq konteynerləşmə prosesi yüksək səviyyədə olan bazarların Azərbaycan üzərindən digər ölkələrə tranzitlə keçməsi üzərində işləyirik. Məsələn, Şimal-Cənub marşrutu ilə Hindistan, Fars körfəzi ölkələrinin Azərbaycan üzərindən keçməklə Baltik dənizi ilə, Körfəz ölkələrinin Qara dəniz ölkələri ilə birləşdirilməsi prosesi gedir. Bu marşrutlar digər marşrutlara nisbətən daşıma müddətini bir neçə dəfə azaldır. Həmçinin Şərq-Qərb marşrutu ilə Uzaq Şərq ölkələrinin (dünyanın nəhəng iqtisadiyyatlarından olan Çinin, Yaponiyanın, Cənubi Koreyanın cəmləşdiyi region) Avropa ilə birləşdirilməsi davam edir.

- Bildiyimiz kimi, konteynerlər hər iki istiqamət üçün kirayələnir. Konteyner geriyə boş qayıdanda bu daşıyıcı üçün itkilərə səbəb olur. Bu faktorun neytrallaşması istiqəmətində hansı addımlar atılır?

- Təbii ki, hər iki istiqamətə yük olmadığı halda, dəmir yolu ilə konteyner daşımalarının cəlbediciliyi avtomobillərlə müqayisədə daha aşağıdır. Avtomobillə daşıma zamanı geriyə boş qayıtmasın deyə, maşın çox aşağı qiymətə olsa da, yük götürə bilir. Dəmir yolunda isə müəyyən öhdəliklər, vahid tariflər mövcuddur ki, ondan kənara çıxmaq çətindir. Avtomobil sahibləri isə dolu və ya boş getməsindən asılı olmayaraq qiyməti özləri tənzimləyə bilir.

Qurudan quruya daşımalar həyata keçirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC konteynerlər alıb və yaxın illərdə onların sayı daha da artırılacaq. Eyni zamanda “ADY Konteyner” MMC bu problemi tərəfdaş şirkətlərlə əməkdaşılıq çərçivəsində həll edir. Belə ki, dəniz xətlərində əməkdaşlıq etdiyimiz "Maersk", MSM, CMA/CGM kimi iri şirkətlərin özəl konteyner bazası var və kirayəyə ehtiyac qalmır.

- Mövcud konteyner terminallarının modernləşməsi nə dərəcədə əhəmiyyətlidir?

 - Konteyner terminallarından danışarkən bildirim ki, “ADY Konteyner” MMC fəaliyyətinə Keşlə Konteyner Terminalında başlayıb. Lakin qısa zaman kəsiyində yükdaşımaların həcmi artdığı üçün, bazarın tələbatına uyğun olaraq yeni terminallara ehtiyac yarandı. Azərbaycan hökumətinin dəstəyi ilə daha böyük sahəyə və imkanlara, müasir infrastruktura malik, məsələn Abşeron Logistika Mərkəzi kimi terminal yarandı. Artıq bir çox istiqamətlər üzrə daxil olan konteynerlər məhz bu terminalda aşırılır.

Hazırda "ADY Konteyner" şirkətinin balansında olan Sumqayıt terminalı önəmli nəqliyyat qovşaqlarından birinə çevrilib. “ADY Konteyner”in balansına daxil olanadək burada demək olar ki, konteyner daşımaları dayanmışdı. Bu gün isə aylıq orta hesabla Sumqayıt terminalından 300-dək konteyner yola salınır və bu rəqəm artmaqdadır. Paralel olaraq terminalın modernləşdirilməsi uğurla davam etdirilir. Bildiyiniz kimi Sumqayıtda bir sıra iri müəssisələr yerləşir. Bu müəssisələrdə istehsal edilən, xüsusən ixrac məhsullarının ölkə xaricinə daşınmasında “ADY Konteyner” şirkəti də iştirak edir. Məhz bu səbəbdən Sumqayıt terminalının tam müasir səviyyədə qurulması qarşıya qoyulan məqsədlərdən biridir. Bu, həm də terminaldan daşınan konteynerlərin sayının artırılmasına imkan yaradacaq.

Eyni zamanda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na uyğun olaraq, bölgələrimizdə yeni müəssisələr yaradılır. Bu, bizə əsas verir ki, bütün regionlarda konteyner meydançlarını hazır vəziyyətə gətirək. Ölkənin ixrac potensialına dəstək olaq.

 - “ADY Konteyner” yeni marşrutların yaradılması istiqamətində nə kimi addımlar atır?

 - Şirkətimiz, əsasən, beynəlxalq daşımalar üzrə ixtisaslaşıb. Onun yaradılmasında da əsas məqsəd beynəlxalq daşımalarda Azərbaycanın mövqeyini gücləndirmək və ölkənin tranzit imkanlarını genişləndirməkdir.

Biz dövlətimizin bir sıra xarici layihələrinin həyata keçirilməsində iştirak edirik. Əsasən, Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, həmçinin Avropa ölkələri, o cümlədən Ukrayna, Türkiyə, Rusiya, İran, Hindistan və digər ölkələrlə Şərq-Qərb, Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizləri, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması istiqamətində əməkdaşlığı genişləndiririk. Təsadüfi deyil ki, “ADY Konteyner” şirkətinin bu gün üçün şüarı məhz belədir - “Biz kontinentləri birləşdiririk”.

 

 

Həmçinin mövcud dəhlizlərlə yanaşı, yeni marşrutların yaradılması üzərində iş aparılır. Yeni marşrutlara Gürcüstan-Azərbaycan- Türkmənistan-Özbəkistan- Qırğızıstan-Çin istqamətini, həmçinin Uzaq Şərqdəki Naxodka limanını Azərbaycandan keçməklə Türkiyə və İranla birləşdirən istiqaməti göstərə bilərik.

Bununla yanaşı bu yaxınlarda "ADY Konteyner" tərəfindən həyata keçirilən Sian-Praqa konteyner qatarı qarşımızda yeni imkanlar açdı və mövcud marşrutların diversifikasiyasını mümkün etdi. Marmaray tunelindən konteyner daşımaları üçün ilk dəfə istifadə edilməsi və tunellə konteyner daşımaları həyata keçirmək üçün imkanların yaradılması bizə Avropa dövlətləri, o cümlədən Cənub-Şərqi Avropa ölkələri ilə fasiləsiz dəmir yolu əlaqələri qurmağa imkan verir. Bu istiqamətdə bir sıra Avropa ölkələrinin dəmir yolu şirkətləri ilə, o cümlədən İtaliyanın "Mercitalia", Avstriyanın "Rail Cargo", Polşanın "PKP", Bolqarıstanın "BGZ", Rumıniyanın "CFR" və s. şirkətlərlə danışıqlar aparılıb. Ən son görüşlər isə "Metrans" və “Rail Cargo” şirkətləri ilə keçirilib.

Bu yerdə vurğulamaq istəyirəm ki, Hamburq limanının törəmə şirkəti olan "Metrans" Avropadakı 15 terminalı vasitəsilə təkcə qitənin daxili bazarında 1 milyon konteyner daşıyır. "Metrans"ın bu kimi imkanları yüklərin ölkə ərazisindən tranzit keçərək Mersindən, İstanbuldan və Qara dəniz limanlarından Avropa sərhədlərinə və buradan Avropanın istənilən nöqtəsinin çatdırılmasında çox vacib rol oynayacaq. Bu istiqamətdə bir çox dəmir yolu şirkətləri ilə müxtəlif marşrutlar üzərində işlər aparırıq. PKP LHS Avroterminal, Grandpet şirkəti vasitəsilə Rumıniyanın Konstansa limanı ilə Gürcüstanın Poti və Batumi limanlarını, BGZ Karpo ilə həmçinin Varna limanını Batumi, Poti ilə birləşdiririk. Türkiyənin Kapıküllə stansiyasından Rumıniya, Bolqarıstan və Serbiya, Orta və Cənubi Avropa ölkələrinə yükadaşımaları Rail Сargo, Metrans şirkəti, İtaliyanın limanılarından isə MercitaliaTriyest limanı və Genuya limanından həyata keçirilməsində maraqlıyıq.

Mertrans şirkəti ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

O ki qaldı “Rail Cargo”ya, bu şirkətlə tarixi “Sian-Praqa” konteyner qatarının Avropaya çatdırılması istiqamətində əməkdaşlıq təcrübəmiz var. Bu yaxınlarda “Rail Cargo” şirkətinin iştirakı ilə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan İşçi Qrupunun növbəti iclası keçirildi. Qeyd edim ki, “ADY Konteyner” MMC-də İşçi Qrupunun üzvüdür. Bildirildi ki, bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır. “Rail Cargo Group” ilə əməkdaşlıq çərçivəsində 2020-ci ilin birinci yarısında, artıq Venlodan (Niderland) ilk sınaq qatarı Azərbaycan üzərindən keçməklə Çinə yollanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh