"Formula 1" yarışı azarkeşsiz başlaya bilər - RƏSMİ AÇIQLAMA

Yarışma 9 Aprel 2020 09:35 Oxunub 1435
"Formula 1" yarışı azarkeşsiz başlaya bilər - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bizim fikrimizcə, Mövsümün Avropada başlaması daha münasibdir"

“Formula 1” üzrə dünya çempionatında yeni mövsüm Avropada başlaya bilər. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlama verib. Braun mövsümə tezliklə başlamaq istədiklərini və koronavirus pandemiyasına görə ilk yarışların azarkeşsiz keçirilə biləcəyini istisna etməyib: "Bizim fikrimizcə, Mövsümün Avropada başlaması daha münasibdir. Çox güman ki, ilk Qran-pri azarkeşsiz keçiriləcək. Plana əsasən, biz qapalı məkan yaradacağıq, komandalar çarter reysləri ilə gələcək. Biz onları avtodromlaradək ötürərək, testlər keçirə bilərik. Əmin olmalıyıq ki, heç kim risk etməyəcək". 

Braun hesab edir ki, heç bir Qran-pri təşkil etməməkdənsə, azarkeşsiz keçirmək daha yaxşıdır: "Azarkeşsiz Qran-pri ideal variant deyil. Amma heç nədənsə, bu yaxşıdır. Xatırlatmağa məcburuq ki, milyonlar idmanı evindən izləyir, hazırda izolyasiyadadırlar. Yarışların keçirilməsi onlar üçün belə çətin dövrdə böyük bonus olacaq. Digər tərəfdən, əmin olmalıyıq ki, mövsümə başladıqdan sonra yenidən dayandırmalı olmayacağıq. Bu, ən pis variant olardı".

Bütün logistikanı öyrəndiklərini deyən "Formula 1" rəsmisi 18-19 Qran-pri keçirməyə qadir olduqlarını vurğulayıb. Onun fikrincə, mövsümə iyulda başlasalar, bunu etmək alınacaq: "Əlbəttə, çətin olacaq. Bizi ardıcıl üç həftəsonu gözləyəcək, sonra bir həftəlik fasilə və yenə üç uik-end olacaq. Dünya çempionatı keçirmək üçün 8 Qran-pri tələb olunur. Hətta oktyabrda başlasaq, bu qədər sayda Qran-pri keçirə biləcəyik. Yəni, məhz bu tarix start üçün son nöqtə olacaq". 

Bu arada "Grand Prix Radio" xəbər verir ki, mövsümə iyulun 19-da Böyük Britaniya mərhələsi ilə başlanılacaq, Azərbaycan Qran-prisi isə oktyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monako mərhələsini ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh