Reklam

Bakıda maşınların ölüxanası - FOTO

Al-sat 11 Noyabr 2014 10:28 Oxunub 10258
Bakıda maşınların ölüxanası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Və ya "maşın qəbirstanlığı"ndan reportaj

"5 il bundan öncə 7 min dollar verib maşın aldım. İlk vaxtlar avtomobil mənə çox kömək oldu. Amma sonradan ili köhnə olduğu üçün çətinlik yaratmağa başladı. Artıq vəziyyət o həddə gəlmişdi ki, hər üç gündən bir ustanın yanına gedirdim. Axırda bezib maşını satmaq istədim, amma ili köhnə olduğu üçün bazarda maşına yaxın düşən də olmadı. Mən də məcbur olub avtomobili "ölüxana"ya tulladım. Əvəzində isə mənə 300 dollar pul verdilər. Əvvəl taksi işləyirdim və çörək pulumu maşınla çıxarırdım. İndi isə işsiz qalmışam". Bunları anspress-in "qaynar xətt"inə müraciət edən paytaxt sakini Tahir Məmmədov deyir. Onun sözlərinə görə, hazırkı şəraitdə heç cür yeni avtomobil almağa imkanı yoxdur. Tahir deyir ki, bankdan avtomobil krediti götürə bilmir, çünki şərtlər çox ağırdır: "Ailə dolandırıram. Yenə əvvəl maşınım var idi azdan-çoxdan pul qazanırdım. İndi köhnə maşınım da əlimdən getdi, özümdə çətin vəziyyətdəyəm. Avtomobil kreditinin şərtləri isə mənim maşın sahibi olmaq istəyimi xəyala çevirir".

Təəssüf ki, bu gün Tahir kimi çıxılmaz vəziyyətdə qalanlar az deyil. Ölkədə istismar olunan avtomobillərin istehsal ili də vaxt keçdikcə köhnəlir. Bununla da köhnəlmiş avtomobillər sıradan çıxır və iş o həddə gəlib çatır ki, maşın sahibi dörd çarxlı dostunu su qiymətinə satmağa məcbur olur.

Bazarı araşdıran ekspertlər vəziyyətdən çıxış yolu üçün bir nəçə təkliflə çıxış edirlər. Əmlak məsələləri üzrə mütəxəssis Ramin Osmanlı hazırda ili köhnə avtomobillərin sürətlə artdığını deyir. Mütəxəssis təklif edir ki, avtomobillər utilizasiya olunmalıdır və yaxud maşın sahibinə kompensasiya verilməlidir. Bu vasitə ilə həmin avtomobillər geri alına bilər və onların sonrakı taleyinə hökumət qərar verər:  "Hesab edirəm ki, Azərbaycanda avtomobil istehsalı o qədər böyük deyil ki, avtomobil istehsalçıları bu qədər maşını qəbul edə bilsin. Ona görə də ola bilər ki, maşın "metallom"a göndərilsin və ya utilizasiya olunsun. Yəni həmin avtomobilləri istismardan çıxarılaraq alternativ sənaye sahələrində istifadəsini həyata keçirmək olar".

Ekspert qeyd edir ki, bu yolla avtomobil sahibləri də asanlıqla köhnə maşınlarını aidiyyatı üzrə təqdim edərək yenisini ala bilərlər. Bunun üçün müəyyən bir mexanizm hazırlamaq olar və bu yolla bir neçə problemi kökündən həll etmək olar. Ölkədə Avro standartlara cavab verməyən avtomobillərin istismarı ekoloji duruma ağır zərbə vurur. Təklif olunan variantların tətbiqi Azərbaycanda ekoloji vəziyyəti də yaxşılaşdıra bilər. Həmçinin köhnə istehsallı avtomobilini dəyişmək istəyənlərin də işləri bir xeyli asanlaşar. Ekspertin fikrincə, Azərbaycanın mövcud avtomobil parkındakı istismar olunan maşınların yarıdan çoxu hazırki Avro standartlara cavab vermir. Mütəxəssisin sözlərinə görə, ölkədəki ekoloji vəziyyətin tənzimlənməsi baxımından istismarda olunan avtomobillərə də standartların tətbiq etmək lazımdır: "Çünki ölkədə təxminən 1 milyon 100 minə yaxın avtomobil var və bunun 600 minə qədəri standartlara cavab vermir. Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün ili köhnə avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq kifayət etmir. Ölkədə olan və standartlara cavab verməyən avtomobilləri də avtomobil parkından kənarlaşdırmaq lazımdır",- deyə Ramil Osmanlı bildirib. Yəni, əgər vaxtında qabaqlayıcı addımlar atılmazsa sonda avtomobillərin gedəcəyi son ünvan maşın "ölüxana"sı olacaq. Bu isə son nəticədə cibimizə və ciyərlərimizə böyük zərbə vurur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh