Reklam

Avtomobil bazarında son vəziyyət necədir?

Avtobazar 21 Noyabr 2020 19:43 Oxunub 1502
Avtomobil bazarında son vəziyyət necədir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin müddəti dekabrın 28-nə qədər uzadılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara görə, həftəsonları əksər sahələr, o cümlədən avtomobil satışı üzrə fəaliyyət qadağan olunub.

 

"Report" bu qadağanın bazara mümkün təsirləri, ümumilikdə isə oktyabr-noyabr aylarında ilkin və təkrar avtomobil bazarındakı vəziyyətlə bağlı araşdırma aparıb, bazar iştirakçılarının fikrini öyrənib.

 

2-ci əl avtomobillərin satışı ilə məşğul olan və adının açıqlamasını istəməyən şəxslərdən biri deyir ki, təkrar avtomobil bazarında vəziyyət acınacaqlıdır: "Artıq bu gündən bazar bağlanıb. Bundan əvvəl də satış demək olar ki, yox idi. Həm Bakının, həm də Sumqayıtın maşın bazarında adam çox olsa da, maşın alan yoxdur. Alınanlar ancaq köhnə maşınlar və az halda "Mercedes C-class” modelləridir. 1992-1993-cü illərin "VAZ 2106”, "VAZ 2199” modellərinə nisbətən tələbat var. "İnamarka"larla isə maraqlanan yoxdur. Qiymətlər də əl yandırır. Məsələn, 1998-ci ilin mühərrik həcmi 1800 kub santimetr olan "Mercedes C-class” avtomobili 12 min manatadır. Qiymətlər hər ay az da olsa qalxmaqda davam edir. ABŞ-dan gətirilmiş avtomobillərin də satışı durğun vəziyyətdədir. Alqı-satqı saytlarında da durum bazarda olduğu kimidir”.

 

Bu sahənin eksperti Eldəniz Cəfərovun sözlərinə görə isə, hazırda avtomobil satışlarında nisbi aktivlik var: "2-ci Qarabağ müharibəsi gedən vaxtlarda ümumilikdə Azərbaycanın avtomobil bazarında aktivlik xeyli aşağı idi. Qələbəmizdən sonra aktivliyin artması hiss olunur. Ötən ay 2-ci əl avtomobil bazarında qiymətlərdə 20% ucuzlaşma var idi. İndi isə tələbat yenidən artdığına görə qiymətlər əvvəlki vəziyyətinə qayıdır. İlkin bazarda isə keçən ay qiymətlərin kəskin enməsi və ya yüksəlməsi müşahidə edilmirdi. Sadəcə dillerlər müəyyən avtomobillərə təxminən 10% civarında endirimlər təklif edirdi. Bəzi dillerlər hələ də belə endirimlər verir. Hazırda bazarda aktivlik müşahidə edirlir və ümid edirəm ki, bu aktivlik dekabrda daha çox olacaq. Karantin dövrü olmasına baxmayaraq insanların nəqliyyat vasitəsinə ehtiyacı var və avtomobil almaqda davam edirlər”.

 

Onun sözlərinə görə, təkrar avtomobil bazarında qənaətcil avtomobillərə tələbat daha çox artıb: "İnsanlar işlənmiş maşın alanda ilk növbədə onun qənaətcil olmasına diqqət yetirir, mühərrik həcmi çox da böyük olmayan maşınlara üstünlük verir. Bunlar həm daxili avtomobil parkında olan avtomobillər, həm də müxtəlif ölkələrdən, xüsusən də ABŞ-dan gətirilən, mühərrik həcmi 1400-1800 kub santimetr olan avtomobillərdir. Hazırda Yaponiya, ABŞ istehsalı olan bu avtomobillərə tələbat daha çoxdur. Əvvəl dizel mühərrikli maşınlara tələbat daha çox idi. İndi isə bu avtomobillər yerini hibridlə çalışan avtomobillərə verir. İlkin bazarda da insanlar ilk növbədə ekoloji təmiz avtomobillərə üstünlük verirlər. Bir çox dillerlərdən yeni avtomobil almaq istəyənlər ilk növbədə onun hibrid, elektromobil olub-olmadığını soruşurlar. Lakin birinci əl avtomobil bazarında mühərrik həcmi kiçik olan avtomobillərin daha çox alındığını deyə bilmərik. Əsasən orta seqment avtomobillər alınır. Bunlar mühərrik həcmi 2000 kub santimetrdən 2500 kub santimetrə qədər olan avtomobillərdir. Vətəndaşlarımız əvvəllər yolsuzluq avtomobillərinə çox üstünlük verirdilərsə, indi yolsuzluq avtomobili ilə sedanın arasında mövqe tutan krossoverləri daha çox alırlar. Çünki krossoverlər mühərrik həcminə görə sedanlarla eyni olsa da, yollarda maneələrin keçilməsi baxımından yolsuzluq avtomobillərinə daha yaxındır və qənaətcildir. Ona görə də krossoverlər həm 2019, həm də 2020-ci ildə demək olar ki, Azərbaycanda ən populyar avtomobillər oldu".

E.Cəfərov qeyd edib ki, son dövrlərdə Azərbaycana ən çox gətirilənlərdən biri də Rusiya istehsalı olan avtomobillərdir: "Rusiya son üç il ərzində yeni model avtomobillər istehsal edir. Azərbaycana ən çox gətirilənlərdən biri də Rusiya istehsalı olan avtomobillərdir. Bizim daxili avtomobil parkında da bu avtomobillər kifayət qədərdir. Rusiyada əsasən təzə istehsal olunan avtomobillər ölkəmizə gətirilir. Onların qiymətləri ucuzdur. Bu avtomobillər müasir dövrə görə çox da komfortlu olmasalar da, qiymətləri münasib olduğuna görə vətəndaşlarımız, əsasən də bölgələrdə yaşayan insanlarımız onları alırlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh