Avtomobil satışında yeni qayda – "ƏLBƏƏL KREDİT"
Avtomobil bazarında nağd maşın ala bilməyənlər üçün yeni qaydalar formalaşıb. Söhbət rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında centlmen razılaşdırılmış kreditlərdən söhbət gedir. Belə ki, maşın biznesi ilə məşğul olanlar müştəriyə alacaqları avtomobilin yarı qiymətini ödətdirib, qalan borcu isə aylara bölüb, ödəmək imkanı yaradırlar. Maraqlı məqam odur ki, bu cür təklifləri edən maşın dəllaları şərtləri özlərinə sərf eləyən formada qoyurlar. Yəni alıcı avtomobili sahibindən qeyri-rəsmi kreditlə götürür və ödənişi də elə ona edir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti sürücülük hüququnu ehtiva edən etibarnamə verir. Avtosfer.az "yeni musavat"a istinadən xəbər verir ki, onlar bu metodla saytlarda, avtomobil bazarlarında elanlar yerləşdirərək, “faizsiz kredit” adı altında müştəriləri cəlb etməyi bacarırlar.
Kredit şərtləri isə belədir: Məsələn, 10 min manatlıq avtomobili almaq istəyən müştəri ilkin olaraq 5000 manat ödəməli, qalanını isə 24 və 36 ay müddətində hissə-hisə avtomobil sahibinə əlbəəl verməlidir. Maraqlı nüans odur ki, bu proses zamanı ödənişi təsdiq edən heç bir qəbz və yaxud sənəd verilmir. Yeganə sənəd isə müvəqqəti sürmək üçün etibarnamədir. Avtomobilin sahibi istənilən vaxt etibarnaməni ləğv etdirə bilər.
Elan saytlarından birində Namiq adlı şəxsin “Mercedes 240" markalı avtomobilini faizsiz kreditlə satdığını gördük. Sadaladığımız üsullarla kreditə avtomobil satan şəxslə telefon bağlantısı yaradırıq. Avtomobilinin texniki parametrlərini təriflədikdən sonra satıcı ödənişin əlbəəl olduğunu dedi: ”Maşının nağd qiyməti 6900 manatdır. Kreditlə isə qiymətlər dəyişir. İlkin ödəniş 3000 manat ödəyəcəksən, 24 ay müddətində isə 320 manat..."
Satışı necə rəsmiləşdirdiyimizi soruşduqda isə cavabları belə oldu: “Qardaş, biz hansı zəmanədə yaşayırıq ki... Görürəm bu işlərdən xəbərsizsiniz. Avtomobilin ilkin ödənişini etdikdən sonra mən sizə sürməyə etibarnamə erəcəm. Siz də hər ay qrafik üzrə ödəniş edəcəksiniz. Belə...”
- Bir müddətdən sonra aylıq ödənişi ödəyə bilməsəm necə?..
- O zaman müqaviləni ləğv edəcəyik. İlkin ödənişiniz də qaytarılmayacaq. Bir ay müddət veriləcək sizə, əgər ödəyə bilməsəniz etibarnamə qüvvədən düşəcək. Sonra bir başqasına satacağam. Sizə verdiyimiz müqavilə sənədində də qeyd olunur.
Satıcının sözlərindən belə nəticə çıxarmaq olar ki, bağlanan müqavilə heç bir qanuni yolla aparılmır. Özlərinin tərtib etdiyi ödəniş cədvəlini əsas gətirib, müştərini risk qarşısında qoyurlar. Ödənişdə problem yaranda isə asanlıqla müqaviləni, etibarnaməni poza bilirlər.
Avtomobil satış mərkəzlərinin birində çalışan şəxs bu şərtlərlə avtomobil almağın riskli olduğunu dedi: “İllərdir ki, bu sahədə çalışıram. Bu yolla avtomobil almaq düzgün hesab etmirəm. Bu işlərlə daha çox avtomobil alverçiləri məşğul olur. "Faizsiz kredit" adı ilə elan versələr də, ilkin ödənişdən sonra aldıqları pulla aylıq ödənişləri hesablayanda yüksək faizə gətirib çıxarır. Maşın almaq həvəsində olan müştərilər isə bu təkliflərlə razılaşmalı olurlar. Banklardan kredit götürə bilməyən vətəndaşlar məcbur qalıb, avtomobil dəllalları ilə iş görürlər. Lakin nə qədər riskə getdiklərinin fərqində deyillər. Bağladıqları müqavilə formal xarakter daşıyır. Adi bir kağız parçasına qol çəkdirirlər. Heç bir təsdiq olunmamış, adi kompüterdən çıxmış ödəniş cədvəlini göstərirlər. Bir sözlə, qeyri-rəsmi formada fəaliyyət göstərir. Bir problem olan isə həmin sənədin hüquq mühafizə orqanlarında heç bir əhəmiyyət kəsb etməyəcək. Əslində satan və alan şəxsin arasında icarə müqaviləsi olmalıdır və notariusda təsdiqlənməlidir. Üstəgəl, satan şəxs dövlətə vergi üçün müəyyən rüsum ödəməlidir. Bu səbəbdən də qara mühasibatlıqla məşğul olurlar".
Qeyd edək ki, Mülki Məcəllənin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Yəni etibarnamə faktiki olaraq, digər şəxsə müəyyən hüquqlar verir. 2012-ci ilədək nəqliyyat vasitəsinə sərəncam vermə (satmaq, bağışlamaq, girov qoymaq) səlahiyyətini nəzərdə tutan etibarnamələr daha uzun müddətə verilirdisə, 2012-ci ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermək səlahiyyətini nəzərdə tutan etibarnamənin müddəti bir ildən çox olmamaq şərti ilə məhdudlaşdırıldı. Hazırda “baş etibarnamə” bir ildən artıq müddətə verilmir.
Etibarnamə ilə maşın alqı-satqısı etmək də risklidir. Çünki pulunu ödəyib baş etibarnamə alsan da, sonradan maşının sahibi məhkəməyə müraciət edərək, heç bir pul almadığını iddia etməklə onu ləğv etdirə bilər. Həmçinin, etibarnamə ilə alınan maşının sahibi gələcəkdə əmlakı müsadirə edilərsə, o maşın faktiki etibarnamə ilə istifadəsində olan şəxsdən alınacaq. Çünki etibarnamə heç bir halda həmin avtomobilə mülkiyyət hüququ vermir. Alqı-satqı isə etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir.