Avtomobil şirkətləri satış şərtlərini dəyişir – YENİLİK
Azərbaycanda rəsmi dilerlər satış şərtlərini dəyişir. Söhbət yeni avtomobillərin müştərilərin sifarişi əsasında gətirilməsindən gedir. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, avtomobil ekspertləri bildirib ki, son bir ildə yaranan iqtisadi durğunluq avtomobil bazarında satış “bum”unu yatırdı. Rəsmi dilerlərin satışları kəskin azaldı. Avtomobil dilerlərinin stoklarında hətta 2014-cü ilə aid satılmayan maşınlar qalmaqdadır. Belə olan halda artıq şirkətlər ölkəyə gətirilən yeni modellərin sayını azaltdılar və avtomobillərin sifariş əsasında satışına başladılar.
Rəsmi dilerlər sifariş əsasında satışa başlayıb
Avtomobil eksperti Rəşad Quliyev bildirib ki, dolların bahalaşmaqda davam etməsi avtomobil bazarında durğunluğu daha da dərinləşdirir. Belə olan halda avtomobil almağa maraq kəskin azalır. Bunu nəzərə alan şirkətlər artıq əvvəlki qaydada yeni modelləri gətirib stokda saxlamaqdansa, avtomobili sifariş əsasında gətirməyə üstünlük verirlər. Belə ki, yeni avtomobilləri sifariş edən müştərilərdən əvvəlcə avtomobil dəyərinin 20%-i alınır. Avtomobil bir neçə aydan sonra gətiriləndə isə avtomobil dəyərinin qalan 80%-i ödənilir.
Yeni avtomobillərin 80%-i ölkəyə sifariş əsasında gətirilir
Ekspert bildirib ki, şirkətlərin hazırda satışlarının yalnız 20%-i salondan birbaşa satılan avtomobillər təşkil edir. 10 təzə avtomobildən 8-i hazırda sifarişlə satılır. R.Quliyev deyib ki, şirkətlər əvvəlcə statistikaya əsasən təxmini sifariş edilə biləcək avtomobillərin sayını müəyyən edirlər.
Sifarişlər neçə günə gəlir?
Adətən, yerli avtomobil alıcıları avtomobilin təhcizatında panorama lyuk, monitor, tam dəri salon, arxa kameranı sifariş edir. Avtomobil şirkətləri müştərilərin standard komplektasiya tələbini nəzərə almaqla yeni modelləri zavoddan sifariş edirlər. Avtomobillər rəsmi dilerlərin xaricdəki stoklarında saxlanılır. Müştəri buradan həmin avtomobili sifariş edən zaman avtomobil 2 həftə ərzində ölkəyə çatdırılır.
Əlavə xərclərdən xilas yolu və real satış imkanı
Avtomobildə daha geniş təhcizatın olmasını istəyən müştərilərin sifarişi isə 5-6 ay ərzində reallaşdırılır. Ekspert bildirir ki, bu üsul avtomobil şirkətlərini böhran şəraitindən əlavə daşıma və gömrük xərclərindən azad etməklə maliyyə çatızmazlığını aradan qaldırır və şirkətləri qənaətlə daha səmərəli işləməyə şərait yaradır. Məsələn, avtomobil dilerləri 2014-cü ildən satışların yüksək olmasına görə, stokları tam doldurmuşdular. Amma manatın kəskin ucuzlaşmasından sonra daşıma və gömrük xərci ödənilən avtomobillər uzun müddət satılmadan stoklarda qaldı. Hətta dilerlər 2 il əvvəl buraxılan 0 yürüşlü avtomobillərin satılması üçün məcburən ötən ilin sonunda 20-30% ucuz təklif edirdilər. Avtomobilin sifariş edilərək xaricdəki stoklarda saxlanılması isə şirkətləri satılmayan avtomobillərə görə əlavə xərclərdən xilas edir.
Böhran sifarişlə satışları son bir ildə artırıb
Avtomobil eksperti Fərid Məlikov bildirib ki, avtomobillərin sifarişlə satılması əvvəllər də mövcud olub. İqtisadi durğunluq isə son bir ildə bu şərtlə satışların artmasına şərait yaradıb. Belə ki, rəsmi distribütor yeni avtomobilləri dilerə təqdim edir. Bir müddətdən sonra isə dilerə təqdim etdiyi avtomobillərin pulunu tələb edir. Rəsmi diler isə avtomobili sata bilməyəndə onu geri qaytara bilmir və çətin vəziyyətdə qalır. Digər tərəfdən dolların sürətlə bahalaşması avtomobillərin qiymətlərini manatla getdikcə artırır. Avtomobillərin hər gün manatla bahalaşması və manatın məzənnəsinin stabil olmaması satışlarının dayanmasına gətirib çıxarıb. Belə vəziyyətdə müştərilər avtomobilin dəyərinin 20%-ni ödəyəndən sonra artıq sifarişi geri götürə bilmirlər. Avtomobil şirkətləri də əlavə xərclərdən xilas olmaqla yanaşı, real müştəri qazanmış olurlar.
Ehtiyat hissələri də sifarişlə gətirilir
F.Məlikov bildirib ki, manatın məzənnəsinin qeyri-stabil olması yeni avtomobillərlə yanaşı, artıq ehtiyat hissələrinin də sifarişlər əsasında gətirilməsinə səbəb olub. Belə ki, şirkətlər ehtiyat hissələrinin ortalama aylıq satış dövriyyəsini hesablayırlar və həmin sayda detalı sifariş edirlər.