Avtomobillə lovğalanmaq istəyənlər… - Bakıda kirayə maşın bazarı canlanıb
Azərbaycanda son illərdə avtomobil sahibi olmaq, hətta maddi imkana uyğun olaraq bir neçə avtomobil almaq dəbə çevrilib. Ona görə, hər gün Bakı küçələrində tıxaclarla başımızı ağrıtmalı oluruq. Maraqlıdır ki, tək avtomobil alğı-satqısı deyil, həm də avtomobil kirayə bazarı da xeyli inkişaf edir. Əvvəllər Azərbaycanda avtomobil kirayəsinə az hallarda rast gəlirdiksə, bu gün maşın icarəyə verən şirkətlərin də, maşın götürüb, müvəqqəti istifadə edən sakinlərin də sayı xeyli artıb.
Avtosfer.az xəbər verir ki, Modern.az kirayə avtomobil bazarındakı qiymətlər və hazırkı durum haqqında araşdırma apardıq. Bir neçə kirayə avtomobil xidməti təklif edən şirkətin elektron saytına müraciət etdik. Belə görünür ki, Azərbaycanda maşınların gündəlik kirayəsi 50 manatdan başlayır. Bu qiymət avtomobillərin markası, istifadə təyinatından asılı olaraq dəyişir. Hətta gündəlik kirayəsi 1800-2000 manata qədər yüksələn avtomobillərə rast gələ bilərik.
“Ekonom klass” adlandırılan avtomobillərin kirayə qiymətləri nisbətən ucuz olduğu halda, “Biznes klass” tipli avtomobillər xeyli baha təklif edilir. Ən bahalı kirayə qiymətləri olan avtomobillər isə təbii olaraq, “VİP klass” avtomobillərdir.
Bakının ən məşhur kirayə avtomobil şirkətlərindən biri olan “Rent a car Baku” şirkəti ilə əlaqə saxladıq. Şirkət təmsilçisi suallarımızı cavablandırarkən qeyd etdi ki, hazırda Ramazan ayı olduğuna görə kirayə avtomobillərə tələbat azalıb: “Həm toy mərasimlərinin olmaması, həm də insanların regionlara daha az səfər etməsi ilə bağlı kirayə maşın götürənlər azdır. Amma Avropa Liqasının final mərhələsi Bakıda keçiriləcək. Buna görə ölkəmizə gələn qonaqların kirayə avtomobillərə tələbatı çox olur. İndidən sifarişlər alınır. Daha çox sürücü ilə kirayə verilən avtomobillərə üstünlük verirlər. Çünki ölkəmizə gələn xarici qonaqların əksəriyyəti şəhərin küçələrini yaxşı tanımır, gəzmək üçün sürücü və maşına ehtiyac duyurlar.
Ümumilikdə rəqəmləri götürsək, yay mövsümündə daha çox tələbat olur. Bayramlar ərəfəsində tələbat daha çoxdur. Həm əcnəbilər, həm də yerli sakinlər kirayə avtomobillər götürürlər. Ən çox yayda regionlara bir və bir neçə günlük istirahətə, gəzintiyə gedən şəxslər avtomobil icarəsi üçün müraciət edirlər. Sıx rastlaşdığımız hallardan biri də maşını xarab olan, servisə yerləşdirən şəxslərdir. Onlar məhdud müddətlik məsələn, 1 həftəlik, 10 günlük öz şəxsi işləri üçün sürücülü və ya sürücüsüz avtomobillər kirayələyirlər.
Kirayə verdiyimiz avtomobillər tam sığortalıdır. Müştəri tərəfindən ziyan dəyərsə, təxmini 300 manat civarında ziyanı müştəri ödəyir. Ziyanın həcmindən asılı olaraq məbləğ də dəyişə bilir”.
Nəqliyyat eksperti Ərşad Hüseynov kirayə avtomobillərə tələbatı da, bu bazardakı qiymətləri də normal hesab edir: “Kirayə avtomobillərdən istifadə edən şəxsləri 3 kateqoriyaya bölə bilərik. Birinci kateqoriyaya xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri, ölkəmizə gələn iş adamları daxildir. Onlar ölkəmizdə daimi avtomobil sahibi olmaq əvəzinə, kirayə avtomobil götürməyə üstünlük verir, ölkələrinə qayıtdıqda isə maşını təhvil verirlər.
İkinci kateqoriya turistlərdir. Onlar, adətən, bahalı avtomobillərlə səyahət etməyə meyl göstərirlər. Son zamanlar kirayə avtomobil götürən turistlərin sayı da artır.
Üçüncü qrup kirayə avtomobil istifadəçiləri isə yerli sakinlər, özünün fərdi avtomobili olmayan, avtomobillə görünmək istəyən adamlardır. Onların da son zamanlar sayında artım var. Amma bu insanların bəziləri özlərini sadəcə hansısa tədbirdə, toylarda göstərmək istəyirlər. Bu isə təəssüf ki, fəsadlarla nəticələnir. Bir müddət öncə Sumqayıt yaxınlığında bədbəxt hadisə baş vermişdi. İki qardaş kirayə götürülən avtomobildə qəza törətmiş, hər ikisi rəhmətə getmişdi. Belə bəd hadisələrin qarşısını almaq üçün sırf dəb, kiməsə görünmək xatirinə avtomobil kirayələyərkən insanlar təhlükəsizlik qaydalarını unutmamalıdırlar”.
Son zamanlar dünyada avtomobil kirayəsinin “car sharing” adlanan formasının yayıldığını diqqətə çatdıran Ə.Hüseynov bu sistemin mahiyyətini də izah edib: “Belə ki, kirayə avtomobili götürmək üçün internet üzərindən axtarış verirsən, ən yaxın məntəqədə olan kirayə avtomobili seçib, istifadə edirsən. Elektron ödənişlə pulu çatdırıb, avtomobili müddət bitdikdə lazım olmayan hər hansı yerdə qoyub, gedirsən. Növbəti müştəri isə qoyub, getdiyimiz yerdən həmin maşını götürüb, istifadə edir. Azərbaycanda bu sistem yoxdur. “Car sharing”də sürücü icarəyə verənlə təmasda olmur, ancaq virtual təmas baş verir. “Car sharing”in ölkəmizdə yayılmaması etinasızlıqla bağlıdır. Hətta hazırkı sənəd təqdimetməsi qaydasında belə avtomobil kirayə verən şirkətlər istifadəçilərin bəzən avtomobilləri mənimsəməyə çalışdığını deyirlər. Müəyyən detallarını çıxarıb götürmək istəyənlərə belə rast gəlinir. İnsanların bu cür dələduzluqlara əl atdığı şəraitdə Azərbaycanda “car sharing”in olduğu kimi tətbiq edilməsi hələ bir az da gecikə bilər”.