Reklam

Azərbaycanda elektromobil idxalını necə artırmaq olar? - FOTO

Avtobazar 19 Yanvar 2021 12:36 Oxunub 1478
Azərbaycanda elektromobil idxalını necə artırmaq olar?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər sənayenin sürətlə inkişafı və nəticədə qlobal iqlim dəyişikliyi dünya ölkələrini müəyyən addımlar atmağa vadar etdi. Məhz bir neçə il öncə ətraf mühitin qorunması ilə bağlı keçirilən Paris konfransında da BMT-yə üzv ölkələr karbon dioksidin (CO2) azaldılması üçün öhdəliklər götürdülər.

Bir sıra Qərb ölkələrində atmosfer tullantılarının minimuma endirilməsi istiqamətində atılan addımlar sırasında təmiz enerjidən istifadə də önəmli yer tutur. Həmçinin elektrik enerjisi ilə çalışan avtonəqliyyat vasitələrinin istifadəsi də həmin ölkələrin prioritetindədir.

Ölkəmizdə isə bu növ avtomobillərin istifadəsi ilə bağlı göstəricilər heç də ürəkaçan deyil. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında Azərbaycanda elektromobillərdən istifadənin az olmasına bir neçə amilin səbəb olduğunu qeyd edib.

“Dünyada baş verən iqlim dəyişkənliyi bir çox inkişaf etmiş ölkələri ona sövq edir ki, artıq nəqliyyatın atmosferi korlamasına son qoyulsun. Bilirsiniz ki, ekoloji vəziyyətə, atmosferə ən çox zərər verən amillər neft-qazın hasilatı, kosmosun çirklənməsi və avtomobillərin havaya buraxdığı CO2 dediyimiz karbon qazıdır. Bu məqsədlə həmin ölkələr iri avtomobil istehsalçıları qarşısında tələb qoyublar ki, onların ölkələrində yalnız ekoloji təmiz avtomobillər istifadə edilsin.

Bu səbəbdən də həmin iri avtomobil şirkətləri artıq ekoloji təmiz avtomobil istehsalına başlayıblar. Bu özlüyündə olduqca gözəl prosesdir. Belə avtomobillər müxtəlifdir. Hazırda dünyada kütləvi istehsalda olan ekoloji təmiz avtomobillər hidrogenlə (su) işləyən, hibrid (benzin və elektriklə) və sırf elektriklə çalışan avtomobillərdir.

Hər 3 seqment üzrə avtomobil hazırda Avropa ölkələrində satılır. Təəssüf ki, Azərbaycanda vətəndaşlarımız tərəfindən belə avtomobillərin istismarı o qədər də çox geniş təbliğ edilməyib. Düzdür, 2 il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi tədbirlər təşkil elədi. Hətta bura Dövlət Yol Polisi də qoşulmuşdu. Orada ekoloji təmiz avtomobillərin idxalı və istismarının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişdilər.

Sadaladığım avtomobil seqmentləri arasında elektromobillər hidrogenlə çalışan avtomobillərdən sonra ekoloji cəhətdən təmizliyinə görə ikinci yeri tutur. Bu avtomobillər ümumiyyətlə atmosferə CO2 emissiya etmir, səssizdi və daha az xərc tələb edir. Lakin Azərbaycanda elektromobillərə keçid ləngiyir. Bunun bir neçə səbəbi var. İlk səbəb kimi elektromobillərin baha olması ilə əlaqədardır. Çünki onların istehsalında bahalı texnologiyadan istifadə edilib”.

Ekspert hesab edir ki, bir sıra ölkələrdə təşviq məqsədi ilə elektromobil idxalçıları və istifadəçilərinə müəyyən güzəştlər edilir. Azərbaycanda da bu təcrübə sınanmalıdır:

“Bütün inkişaf etmiş ölkələrdə və hətta inkişafda olan ölkələrin bir qismində elektromobillərin ölkəyə idxalı və sonradan onların istismarı üçün müxtəlif güzəştlər tətbiq edilib. Əgər həmin avtomobilləri sahibkarlar ölkəyə gətirirsə, onlardan gömrük rüsumu olduqca az, hətta simvolik məbləğdə alınır. Təbii ki, bu avtomobillərin mühərrik həcminə görə aksiz vergisi yoxdur. Satışdan əldə edilən gəlir üzrə ƏDV həmin elektromobillərə tətbiq edilmir. Bundan əlavə bir sıra ölkələrdə belə bir qaydalar tətbiq edilir: əgər ailədə benzin yaxud dizellə çalışan avtomobil varsa, ikinci nəqliyyat vasitəsi mütləq elektromobil olmalıdır. Həmçinin belə ölkələrdə elektromobillərin icbari və KASKO sığortası üzrə haqları 50 %-dək azdır. Həmçinin şəhər mərkəzlərində digər avtomobillərin dayanması qadağan olduğu yerlərdə elektriklə çalışan avtomobillərin dayanmasına icazə verilir.

Təəssüf ki, biz hələ də Azərbaycanda bu sahədə kifayət qədər addımlar atmamışıq. Düzdür, 2 il əvvəl elektromobil üçün gömrük rüsumları 15 %-ə endirildi. Bu çox yaxşı addımdır, amma ekoloji təmiz avtomobilin ölkəmizdə əlçatan olması üçün 15 % özü də çox böyük rəqəmdir. Bu gün ölkəmizdə elektromobil gətirən rəsmi dillerlər var, onlar həmin avtomobillərin ən ucuzunu gətirir, amma yenə də gömrük rüsumu və satışdan ödənilən ƏDV-yə görə baha başa gəlir. Bu səbəbdən də həmin vergi və rüsumlar ya ləğv edilməlidir, ya da minimuma salınmalıdır. Hesab edirəm ki, həmin rəqəm 5 %-ə qədər azaldılsa ideal nəticə əldə etmək olar.

Digər məsələ təchizat məsələsidir. Düzdür SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrində (YDM) elektriklə hərəkət edən avtomobillərin enerji yığması üçün imkanlar var, amma bu təkcə SOCAR-ın YDM-ləri ilə yekunlaşmamalıdır. Artıq bütün sahibkarlar bilməlidir ki, harada YDM yaradılırsa orda mütləq elektromobil də nəzərə alınmalıdır.

Etiraf etmək lazımdır ki, bu gün elektromobillərin təbliğatı çox azdır. Hətta sıfır səviyyəsindədir. Biz indi daha çox hibrid avtomobillərin təbliğatı ilə məşğul oluruq. Çünki bu avtomobillər üçün ölkəmizdə əlverişli şərait var. Hibridlər qiymət baxımından elektromobildən ucuz olduğuna görə vətəndaşın onu almaq imkanı var.

Əgər il ərzində 2-3 min elektromobil gələcəksə və onlarda tam həcmdə deyil 5 % gömrük rüsumu alınacaqsa biz burda çox böyük məbləğ itirməyəcəyik. Amma əksinə ekologiyamızın qorunması və sağlamlığımız baxımından daha çox qazanarıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh