Azərbaycanın avtomobil bazarındakı vəziyyət düzələ bilərmi?

Avtobazar 20 Yanvar 2021 17:20 Oxunub 1758
Azərbaycanın avtomobil bazarındakı vəziyyət düzələ bilərmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil alqı-satqısı hər zaman bazar iqtisadiyyatı proseslərinin mühüm və dinamikliyi ilə seçilən hissəsi olub. Lakin son dövrlər ölkədə pandemiyanın yayılması, bunun nəticəsində insanların maddi rifahında enişlərin ortaya çıxması, sərhədlərin, iri şəhərlərimizdəki təkrar avtomobil bazarlarının bağlanması, ilkin avtomobil satışı ilə məşğul olan şirkətlərin iqtisadi geriləməsi avtomobil alqı-satqısı proseslərinə mühüm təsir göstərib.

Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a verdiyi açıqlamada bu fikirləri təsdiq edərək bildirib ki, hazırda avtomobil bazarında elə bir aktivlik müşahidə olunmur: "Pandemiya və müharibədən sonra yaranmış vəziyyət bütün sahələrdə olduğu kimi avtomobil bazarında da özünü büruzə verdi.

Pandemiya dövründə bazarda durğunluq olsa da, ilkin dövrdə daha çox ikinci əl avtomobillər və bir az qiyməti ucuz olan yeni avtomobillər alqı-satqı prosesində gözə dəyirdi. Bu gün bəzi dilerlər öz reklam kampaniyalarını dayandırmağa başlayıb. Bunu isə hələlik maddi imkanlarının yetərsizliyi ilə əsaslandırırlar. Bəziləri bazardakı ümumi vəziyyətdən razıdır və pandemiyanın satışlara az miqdarda təsir göstərdiyini düşünürlər. İstənilən halda düşünürəm ki, dövlət tərəfindən bu sahənin də zərər çəkmiş bir sahə olduğu nəzərə alınmalı və müəyyən güzəştlər edilməlidir. Ən azından növbəti bir il və ya altı ay ərzində ölkəyə gətirilən avtomobillərə tətbiq olunan gömrük rüsumları və ƏDV-ni azaltmaq olar".

"Dövlət tərəfindən bu sahənin də zərər çəkmiş bir sahə olduğu nəzərə alınmalı və müəyyən güzəştlər edilməlidir"

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert

Onun sözlərinə görə, fərdi qaydada gətirilən avtomobillərə də müəyyən güzəştlər etmək olar. Amma bu elə formada edilməlidir ki, daha yeni və daha komfortlu avtomobillər gətirilsin: "Köhnə maşınlar ölkəyə nə qədər çox gətirilərsə, avtomobil qəzalarında ölüm riski də bir o qədər artar. Müasir və təhlükəsizlik elementləri aktiv olan avtomobillərə üstünlük vermək lazımdır. Bu proses dövlət tərəfindən müəyyən qədər tənzimlənsə, yaxşı nəticələr verəcək. Dövlət tərəfindən qəbul olunmuş köhnə avtomobillərin utilizasiyası proqramı icra olunsa, bu avtomobil bazarına təsir göstərəcək və bazarda qiymətlər tarazlaşacaq. Bundan sonra da dövlət müəyyən güzəştlər tətbiq etməlidir ki, utilizasiya olunan avtomobillərin yeri normal avtomobillərlə doldurulsun”.

Ekspert bəzi dəllalların bazardakı qiymətlərə təsir etdiyini bildirib: “Bu gün Azərbaycanda alınıb-satılan avtomobillərin əksəriyyəti Gürcüstanda yol kənarlarındakı sexlərdə bir qədər kosmetik dəyişkliklər edilərək satılan avtomobillərdir. Bu maşınların texniki göstəriciləri bərbad gündədir. Ona görə də adi bir ağaca dəyən kimi maşın parça-parça olur. Bəzi yüksək imkanlı dəllallar var ki, bazara təsir göstərirlər. Real satıcı görən kimi ondan avtomobili dəyərindən bəlkə də 30 % aşağı qiymətə alırlar.

Bir qədər kosmetik dəyişikliklər edəndən sonra isə xeyli baha qiymətə satışa qoyur və bununla da insanlara haqsızlıq edirlər. Odur ki, qardaş Türkiyədə olan təcrübəni Azərbaycana da gətirmək, yəni avtomobil bazarındakı proseslərə rəsmi qaydada nəzarət etmək lazımdır. Fırıldaqçı alverçilərin qurbanı olan çox sayda insan var ki, aldığı avtomobili iki-üç ildən sonra dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur olur. Hazırda ikinci əl maşınların və Çin istehsalı olan ucuz və yeni avtomobillərin dövriyyəsi bir qədər davam edir. Pandemiya yaz-yay aylarında bitərsə aydan sonra bazarda müəyyən dirçəliş ola bilər”.

E.Muradlı ekoloji təmiz avtomobillərin satışı ilə də bağlı fikirlərini bölüşüb: “Hibridlərə Azərbaycanda maraq çoxdur. Amma təəssüf ki, bunlara gömrük güzəştləri olunmadı və hibridlərin gətirilməsinə görə ƏDV-nin alınması ləğv edilmədi. Lakin dövlət başçısının imzaladığı proqramda göstərilir ki, ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılsın. Hibridlər də bütün dünyada qəbul olunan və ekoloji təmiz sayılan nəqliyyat vasitəsidir.

Keçən il ölkəyə 550-ə yaxın ekoloji təmiz avtomobil gətirilib. Onlardan 39-u tam elektrikli, qalanı isə hibridlərdir. Təəssüf ki, bu gün Azərbaycana gətirilən hibrid maşınların əksəriyyəti qəzalı avtomobillərdir. Məsələn, Gürcüstanda hibrid avtomobillərə təqribən 45-50 % güzəşt tətbiq edilir. Bu gün tam olaraq elektrikli avtomobillərə keçmək üçün Azərbaycanda infrasturktur yoxdur. Bu infrastrukturu yaradandan sonra tam elektrikli avtomobillərə keçmək olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh