Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT

Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb. Rəsmi statistikaya görə, 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm iki milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı sürətli artım həm yol infrastrukturuna ciddi təzyiq göstərir, tıxacların çoxalmasına səbəb olur, həm də ekoloji vəziyyətə mənfi təsir edir.
Məhz bu səbəbdən Gürcüstan hökuməti 6 ildən köhnə avtomobillərin ölkəyə idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır. Bu addımın əsas məqsədi avtomobil parkını yeniləmək, zərərli emissiyaları azaltmaq və bazara daha müasir nəqliyyat vasitələrinin daxil olmasını stimullaşdırmaqdır.
Avtosfer.az xəbər verir ki, bu qərarın regional bazarlara, xüsusilə də Azərbaycan avtomobil sektoruna mümkün təsiri müzakirə mövzusudur. Gürcüstan uzun illərdir ki, regionda avtomobil idxalı üçün əsas tranzit mərkəzlərdən biri hesab olunur. Bu ölkədə tətbiq olunacaq məhdudiyyətlərin qiymət formalaşmasına, təklif və tələbin balansına necə təsir edəcəyi maraq doğurur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşları da Gürcüstandan ikinci əl, köhnə avtomobillər alaraq ölkəyə gətirirlər. Bu qərardan sonra yaşı 6 ildən çox olan avtomobillərin bazarda müəyyən qədər azalacağı gözlənilir:
“Həmin maşınların azalması fonunda qiymətlərdə də müəyyən artım ola bilər. Bu, kəskin bahalaşma demək deyil, lakin faiz nisbətində təxminən 5–10% civarında artım ehtimalı mövcuddur. Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırılıb. Lakin 6–10 il arası olan nəqliyyat vasitələrinin idxalına rəsmi qadağa yoxdur. Əgər Gürcüstanda bu kateqoriya üzrə qaydalar dəyişərsə, avtomobillərin idxal marşrutu da dəyişə bilər. Yəni avtomobillər artıq yalnız Gürcüstan üzərindən deyil, digər ölkələr vasitəsilə də gətirilə bilər. Düzdür, Gürcüstanda təkrar ixrac sistemi kifayət qədər inkişaf edib və qanunvericilik müəyyən qədər liberaldır. Bu da region ölkələri üçün əlverişli şərait yaradır. Lakin ehtimal olunur ki, yeni məhdudiyyətlərdən sonra növbəti addımlar təkrar ixrac qaydalarına da şamil oluna bilər. Bu halda Gürcüstandan köhnə avtomobil gətirilməsi əvvəlki qədər sərfəli olmaya bilər. Artıq ötən ilin statistikasına nəzər saldıqda da görünür ki, 2025-ci ildə Gürcüstandan gətirilən köhnə avtomobillərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə olunur. Bu isə bazarda struktur dəyişikliklərinin başladığını göstərir. Burada bizim ölkəmiz üçün nə ciddi risk, nə də xüsusi fürsət görürəm. Çünki məsələ əsasən qaydalar və qanunvericilik çərçivəsində tənzimlənir. Azərbaycanın regionda avtomobil alqı-satqısı və təkrar ixrac mərkəzinə çevrilməsi üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Qanunlar imkan verməlidir ki, təkrar ixrac prosesi daha sərbəst şəkildə həyata keçirilsin. Bu, nəzəri baxımdan mümkündür. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın dünya okeanlarına birbaşa çıxışı yoxdur. Gürcüstanın limanlarının isə beynəlxalq bazarlara çıxışı var. Məhz buna görə də avtomobillər əsasən oraya daşınır, daha sonra isə region ölkələrinə, o cümlədən Azərbaycana yönləndirilir”.
Nurcan Babək
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO











