Qəzaya düşən moped və motosikletlərin sığorta problemləri necə həll edilməlidir? - AÇIQLAMA

Avtobazar 22 Aprel 2026 12:48
Qəzaya düşən moped və motosikletlərin sığorta problemləri necə həll edilməlidir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkədə moped və motosikletlərdən istifadə halları xeyli artıb. Bununla yanaşı, bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərərin qiymətləndirilməsi məsələsi də aktuallaşıb. Xüsusilə Çindən gətirilən modellərə aid moped və motosikletlərin ehtiyat hissələrinin qiymət fərqləri sığorta ödənişləri ilə bağlı narazılıqlar yaradır.

Sürücülərin bəzi hallarda qəza zamanı zədələnən hissələrin real dəyəri ilə sığorta şirkətlərinin müəyyən etdiyi məbləğ arasında ciddi fərq olduğunu iddia edirlər. Nəticədə, ayrılan vəsait nə təmir xərclərini tam qarşılayır, nə də lazım olan ehtiyat hissələrinin alınmasına kifayət edir. Xüsusilə nadir modellər və ya bazarda çətin tapılan detallar üçün bu problem daha qabarıq şəkildə hiss olunur.

Məsələ ilə bağlı sığorta ekpserti Vüsal Bədəlov Avtosfer.az-a açıqlamasında bildirib ki, “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunda qeyd olunur ki, nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu mümkün olduqda, ikinci əl, tapılmadıqda isə yeni detalla əvəz olunur:

“Sığorta şirkəti, həmçinin təklif edə bilər ki, nəqliyyat vasitənizi onların əməkdaşlıq etdiyi servislərdə təmir etdirəsiniz. Bu halda detalları da onlar özləri təmin edir, təmir xərclərini qarşılayır və prosesi idarə edirlər. Digər variant olaraq, zərər qiymətləndirilir və əgər məbləğlə razılaşırsınızsa, qanunauyğun şəkildə rekvizitlərinizi təqdim edirsiniz və sığorta ödənişi hesabınıza köçürülür. Belə bir vəziyyətdə sığorta şirkətinə təklif edə bilərsiniz ki, nəqliyyat vasitənizi özləri təmir edib sizə təhvil versinlər. Əgər bazarda detal, məsələn, 50 manata mövcud deyilsə, sığorta şirkəti bunu həmin qiymətə təklif edə bilməz. Əgər 50 manata mövcuddursa və harada olduğu göstərilibsə, siz həmin detalı tələb edib oradan əldə edə bilərsiniz. Əgər bazarda uyğun detal yoxdursa, siz qüsur barədə rəy alaraq, real bazar dəyərinə uyğun qiyməti servisin möhürü ilə birlikdə sığorta şirkətinə təqdim edə bilərsiniz. Sığorta şirkəti bu təkliflə razılaşmazsa, ilk növbədə Mərkəzi Banka şikayət edə bilərsiniz. Sığorta şirkətlərinə nəzarət edən əsas qurum məhz Mərkəz Bankdır. Bundan əlavə, müstəqil ekspert də tələb edə bilərsiniz. Mərkəzi Bankın siyahısından istədiyiniz müstəqil eksperti seçərək nəqliyyat vasitəsinə dəyən zərərin yenidən qiymətləndirilməsini təmin edə bilərsiniz”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, iki təkərli, yüngül mühərrikli nəqliyyat vasitələrinin ehtiyat hissələrinin əlçatan olmaması həmin nəqliyyat vasitələrini ölkəyə gətirən şirkətin problemidir:

“Yəni bu məsələ birbaşa biznes fəaliyyəti ilə bağlıdır. Sığorta qiymətləndirməsi məsələsində isə müxtəlif mexanizmlər mövcuddur. Əgər qəza baş veribsə və nəqliyyat vasitənizə zərər dəyibsə, sizin icbari sığorta şirkətiniz bu zərərin aradan qaldırılması, yəni təmir prosesi ilə məşğul olur. Zərərçəkən şəxs isə təmir üçün nəzərdə tutulan məbləği alır”.

Azərbaycan Motosiklet İdmanı Federasiyanın Prezidentı Fuad Bağırov bildirib ki, Federasiyaya bu mövzularla bağlı sistemli və ya rəsmi şikayətlər daxil olmur, çünki bu məsələlər daha çox aidiyyəti dövlət qurumlarının və sığorta şirkətlərinin fəaliyyət sahəsinə daxildir:


“Moped və motosiklet sürücülərinə tövsiyə edərdik ki, belə hallarla qarşılaşdıqda sığorta müqaviləsinin şərtlərinə diqqətlə yanaşsınlar, mümkün olduqda rəsmi servis və sənədləşdirilmiş qiymətləndirmə yollarından istifadə etsinlər və yaranan mübahisələri aidiyyəti qurumlara rəsmi qaydada təqdim etsinlər. Federasiyanın əsas fəaliyyəti motosiklet idmanının inkişafı və təşviqi ilə bağlıdır”.
 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək

Oxunub : 328
ŞƏRH YAZ
Ad

E-mail

Şərh