Tıxacdan milyonlar qazananlar varmış; ŞOK RƏQƏM

Avtobazar 1 Noyabr 2014 11:51 Oxunub 2661
Tıxacdan milyonlar qazananlar varmış; ŞOK RƏQƏM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxacda qalan maşın 2-4 litr artiq benzin işlədir

Azərbaycanda son illərdə müşahidə olunan ciddi sosial bəalardan biri də tıxaclardır. Səhər və axşam saatlarında bu problem özünü daha qabarıq göstərir.. Əsas tıxac zonalarının 20 Yanvar dairəsi, Nobel prospekti, Dərnəgül şossesi və Tbilisi prospektində olduğunu deyən sürücülər şəxsi minik avtomobillərinin də çoxluğundan şikayətlənirlər. Təbii ki, bu tək Azərbaycana aid olan problem deyil. Dünyanın əksər iri şəhərlərində də tıxac yaranır. Məsələ ondadır ki, ölkəmiz üçün bu problemin yaranmasının özünün bəlli səbəbləri var. Bizdə olan avtomobillərin sayının 1,3 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da, hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaşaması üçün əsas deyil.

Məsələ ondadır ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60 faizi Bakının payına düşür. Qalan 40 faiz avtomobilin 10-15 faizi isə gün ərzində paytaxta daxil olub çıxır. Paytaxtda gün ərzində 800 min avtomobil olur və bu da Bakı əhalisi üzrə hər 3 nəfərə 1 avtomobilin düşməsi deməkdir. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır.

Tıxacın yaranması səbəbləri, onun aradan qaldırılması yolları ilə bağlı “Üç nöqtə” müntəzəm  olaraq məqalələr dərc edir. Bu dəfə isə tıxacın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərərlə bağlı məlumat vermək istəyirik. Təxmini hesablamalara görə, əvvəllər 100 km yol üçün 5 manatlıq benzin istifadə olunurdusa, indi bu pula 70-80 km yol gedilir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Bakı yollarında hər gün 40-50 min maşın hərəkət edir və tıxaclarda qalan avtomobil gün ərzində kifayət qədər çox benzin işlədir: “Azərbaycanda tıxacın iqtisadi ziyanını araşdıran qurum yoxdur, amma beynəlxalq aləmdə, misal üçün Türkiyədə hesablayıblar ki, hər gün tıxacda qalan maşın 2-4 litr artıq benzin işlətməli olur”.

O qeyd edir ki, ki, tıxaclar ölkə iqtisadiyyatının iş tempini zəiflədir: “Sürətli nəqliyyat daşınması olmadığına görə malların dövriyyəsi aşağı düşür. Başqa sözlə ərzaq məhsulları zamanında ünvanına çatmayanda xarab olur və bu, bizim cibimizə birbaşa təsir edir”.

İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, tıxacda itkilər çoxdur: "Tıxacda iqtiasdiyyata dəyən tam ziyan hələlik bilinmir. Amma bunu müxtəlif qurumlar hesablaya bilər. Burada benzin sərfiyyatı ilə yanaşı, avtomobilin ehtiyat hissələrinin dağılması, zaman itkisi, insan səhhətinə dəyən ziyan və sair var. Bir sıra ölkələrdə işdən evə çatmaq üçün normalar mövcuddur. Bu normalara diqqət etdikdə, görərik ki, bir sıra hallarda istədiyimiz yerə, istədiyimiz vaxtda çata bilmirik. Yəni, tıxacın təkcə vətəndaş yox, dövlət üçün də iqtisadi zərəri var. Vətəndaş üçün söhbət yanacaqdan, avtomobildən və ya vaxt itkisindən gedirsə, dövlət üçün bunun zərəri daha böyükdür. Dövlət məcburən vəsaitlərini yol çəkilişlərinə yönəltməli olur. Tıxac olmasa, əlavə yollar, körpülər, keçidlər tikilməz. Bu vəsaiti başqa tərəfə yönəltmək olardı. Tıxacın biznesə də ziyanı var. Daşımalar vaxtında ünvana çata bilmir. Bundan çıxış yolu şəhəri genişləndirmək yox, demoqrafiya məsələsidir. Regionların inkişaf etdirilməsi və insanların paytaxta axının qarşısını almağı sürətləndirmək lazımdır”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan paytaxtından fərqli olaraq artıq tıxac yaranan əksər şəhərlər üzrə bu problemin vurduğu zərər hesablanır. Məsələn, iqtisadi araşdırmalara görə, Britaniya paytaxtı London il ərzində tıxaclar nəticəsində təxminən 8,5 milyard dollar itirir. 2030-cu ildə zərərin həcmi 14,5 milyard dollara yüksələcək. Ümumilikdə isə hazırda ölkə üzrə tıxacların vurduğu zərər 20,5 milyard dollar qiymətləndirilir. ABŞ-da bu göstərici 93 milyar dollara bərabərdir. Hesabatda həmçinin ABŞ-da il ərzində tıxclara görə vətəndaşlara dəyən zərərin miqdarı da göstərilib. Belə ki, 2014-cü ildə tıxaclar nəticəsində ABŞ vətəndaşlarına dəyən zərərin pulla miqdarı 1,2 milyard dollardır. Tıxacda yanacaq sərfi isə 10,5 milyon litr həcmindədir. Növbəti 10 il üçün rəqəmlərin daha da artacağı proqnozlaşdırılır. Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh