"Toyota" avtomobillərini əldə edərkən nəyə diqqət yetirilməlidir? - Müəmmalı zəmanət təklifi - VİDEO

Avtobazar 1 Dekabr 2023 10:00 Oxunub 3776
"Toyota" avtomobillərini əldə edərkən nəyə diqqət yetirilməlidir? - Müəmmalı zəmanət təklifi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar Çindən və Ərab ölkələrindən gətirilən və qeyri-rəsmi şəbəkələrdə satılan Toyota avtomobillərə həmin şəbəkələr öz adlarından “zəmanət” təqdim edirlər. Bu “zəmanətin” əsası varmı? Sürücülər hər hansı problem baş verdikdə təqdim olunan “zəmanətdən” istifadə edə bilirlərmi?

Çünki rəsmi diler mərkəzlərinə zəmanətlə bağlı Çindən və Ərab ölkələrindən əldə olunan avtomobillərlə bağlı müraciət etdikdə müsbət cavab verilmir. Bəs bunun səbəbi nədir?

Bu və digər suallarla bağlı Avtosfer.TV-nin qonağı “Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə nümayəndəsi Sabir Kazımzadə olub. O, ekspert Elməddin Muradlı ilə birlikdə qeyd olunan məsələlər ətrafında danışıb.

Sabir Kazımzadə bildirib ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunmuşdur.

Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilədə Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.

“Ona görə də, Çindən və Ərəb ölkələrindən idxal olunan və bu yeni avtomobilləri qeyri-rəsmi şəbəkələrdən əldə edən şəxslər sonradan hər hansısa bir zəmanət məsələsi ilə üzləşdikdə çox təəssüf ki zəmanət çərçivəsində köməksiz qalırlar. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir.”

Qeyri-rəsmi şəbəkələrin təqdim etdiyi “zəmanət”ə münasibət bildirən qonaq qeyd edib ki, Azərbaycanda yalnız rəsmi Toyota mərkəzləri Toyota avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər. “İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrin bəzən birinin dəyəri 30-35.000 ABŞ dollarına çatır. Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanətlə heç bir ələqasi yoxdur.”

Sabir Kazımzadə alıcılara məsləhət görüb ki, bu riskləri hər zaman nəzərə alsınlar. “Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətinə dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər? Göründüyü kimi bır sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar.”

Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.

Xatırladaq ki, Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi, Toyota Gəncə Mərkəzidir. Bu mərkəzlərdə Toyota tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək standartlara uyğun xidmət göstərir.

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh