Xaricdən ikinci əl avtomobil almaq istəyənlərin nəzərinə: Bunlara diqqətin edin - ARAŞDIRMA

Avtobazar 26 Oktyabr 2023 13:38 Oxunub 1122
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərin nəzərinə:  Bunlara diqqətin edin - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dönəmlər ABŞ, xüsusilə Kanada, Koreya, Gürcüstan, Almani̇ya, Çi̇n, Fransa, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən ucuz və sərfəli qiymətə avtomobil alanlar sırasında azərbaycanlıların sayı kifayət qədər artıb. Amma həmin avtomobilləri ölkəyə gətirdikdən sonra ortaya çıxan problemlər çox sayda sürücünü narazı salır. Ölkədə avtomobil satışları ilə məşğul olan rəsmi dilerlər, ikinci əl avtomobillərin satıldığı bazarlar, alqı-satqı saytları ilə yanaşı xaricdən sifarişlə avtomobil gətirən şirkətlər də fəaliyyət göstərir. Belə saytların hər birində bu sloqana tez-tez rast gəlirik: “Biz istənilən avtomobilin qiymətini hesablamada, xaricdən avtomobil sifariş verilməsində, avtomobil saytı və daxili bazarlarda avtomobil satış elanlarını müştərilərə təqdim edilməsində, ölkəyə gətirilməsində və daşınmasında vasitəçilik xidmətləri göstəririk”. Bir qədər təcrübəsi az olan sürücülər bu cür elanlara aldanaraq həm vaxtlarını, həm də pullarını itirmiş olurlar. Xüsusilə,  Amerikanın sığorta hərraclarında işlənmiş avtomobillərin alınmasında ciddi problemlər yaşanır.

Pravda.az məsələ ilə bağlı şikayətləri araşdırıb. 

Məlum olub ki, xaricdən gətirilən işlənmiş avtomobillərin bəzilərinin səsboğucu sistemində ''katalizator'' olmur, bəziləri isə sudan çıxarılmış, qəzaya düşmüş avtomobillər olur. Maşın ustaları isə deyirlər ki, bəzi işbazlar xaricdə ''katalizator''u içindəki qiymətli metala görə çıxarıb satırlar. Məsələn, Gürcüstandan işlənmiş maşın alan sürücü bildirib ki, bir müddət sürdükdən sonra müəyyən problemlər ortaya çıxıb. Ustaya apardıqda isə məlum olub ki, avtomobilin katalizatoru çıxarılıb.

Mütəxəssislərin sözlərinə görə, son vaxtlar avtomobillərdə belə hallara tez-tez rast gəlinir, hətta Gürcüstandan gətirilən avtomobillərdə bu hal daha çox müşahidə edilir. Katalizator sisteminin çıxarılmasında isə əsas səbəb həmin qurğuda, təxminən, 1 kiloqrama yaxın platin metalının olmasıdır. Bəzi işbazlar katalizatoru 1000-2000 manata satırlar. Araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, ikinci əl avtomobil almaq istəyən şəxslərin mütləq təcrübəli mütəxəssislərin dəstəyindən yararlanması daha məqsədəuyğundur. 

Elə bu səbəbdən problemə daha geniş diqqət çəkmək üçün mütəxəssislərin rəyini öyrəndik. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında dedi ki, istənilən halda, avtomobil alarkən ciddi şirkətlərlə işləmək lazımdır: 

“Bu, əsas şərtdir. Digər tərəfdən, ehtiyatı əldən verməmək üçün mütləq sənədləşdirmə işi, müəyyən prosedurlar həyata keçirilməlidir. Belə olduğu təqdirdə, sözsüz ki, qarşı tərəfdə müəyyən məsuliyyət formalaşır və sizi qane etməyən məqamlar olarsa, ölkəyə gətirdiyiniz avtomobilə görə təzminat ala bilirsiniz. Belə məsələlərə başdansovdu yanaşmaq olmaz. Mütləq hüquqi prosedurları öyrənmək, təhlil etmək lazımdır. Nəzərə alaq ki, bu, yalnız və yalnız sizin xeyrinizə olacaq. Hüquqi prosedurları bilmək gələcəkdə haqqınızı tələb etmək deməkdir. Təəssüf ki, son vaxtlar problemlər ortaya çıxır, insanlar şikayətlənirlər. Hələ ki, hüquqi mexanizmi yoxdur, buna görə də vətəndaşlara bəzi hallarda hər hansı yardım etmək olmur. İnsanlar özləri diqqətli olsunlar, hər elana, şirin vədə inanmasınlar, çünki sonrakı fəsadları ağır olur. Əvvəlcədən məsələni dəyərləndirmək, nəzərə almaq lazımdır ki, nəticədə ortaya problemlər çıxmasın”. 

E.Muradlı deyib ki, xaricdən gətirilən ikinci əl avtomobillərdə texniki problemlər olur: “Çox təəssüf, elə şirkətlər var ki, maşının bəzi detallarını sökür, müştəriyə isə başqa formada gətirib təqdim edirlər. Sonra da müştərini aldadırlar ki, avtomobilin həmin detallarını özümüzə aid mağazada satırıq, istəsən, bizdən ala bilərsən. Təsəvvür edirsiniz? Eyni maşının detallarını söküb onu alan müştəriyə yenidən satırlar. Belə halların baş verməsi insanların öz haqq və hüquqlarını yaxşı bilməmələrindən irəli gəlir. Qaydaları öyrənmirlər, tələbetmə metodlarından xəbərsiz olurlar. Təkrar edirəm, mütləq etibarlı şirkətlərlə iş görmək lazımdır. Naxələf şirkətlər insanları aldatmağa daha çox maraq göstərirlər və bir çox hallarda, əfsus ki, istəklərinə nail olurlar”. 

Rəşad Usta isə saytımıza açıqlamasında Amerikadan ikinci əl avtomobil alan sürücülərə bəzi məsləhələtlərini verib:

Sürücülərin nəzərinə: Havalar soyuyur, bunlara əməl edin Pravda.az

“Amerikanın qanunvericiliyinə görə, orada satılan bütün avtomobillər VİN kodla internetə yerləşdirilir. Avtomobildə aparılan bütün təmir işləri, zədələr barədə məlumatların hamısı sığorta platformasında yığılır. Siz Amerikadan gəlmiş istənilən avtomobilin VİN kodunu Carfax (Karfaks) xüsusi texniki hesabatına daxil etməklə həmin avtomobilin bütün tarixçəsini əldə edə bilirsiniz. Hətta pullu proqramlar da var ki, 10-20 dollar ödəməklə avtomobilin keçmiş tarixçəsini, nə vaxtsa suda olub-olmadığını, zədə alıb-almadığını əldə edirsiniz. Avtomobili aldıqdan sonra ölkəyə gətirilərkən yolda baş verən problemlərlə, hansısa detalın dəyişdirilməsi ilə üzləşməmək üçün sığortalı şirkətlər vasitəsilə avtomobil tam sığortalanmalıdır. Belə halda, avtomobil hansı vəziyyətdə alınıbsa, eyni vəziyyətdə sizə onu təhvil verirlər. Daşınma zamanı hansısa problem, nasazlıq yaranarsa, artıq bunu sığorta qarşılayır. Təəssüf ki, Avropadan, Koreyadan, Yaponiyadan gəlmə bir çox maşınların keçmiş tarixçəsini Carfax (Karfaks) hesabatında görmək olmur. Amma Amerikadan gələn istənilən avtomobildə bu, mümkündür”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə açıqlamasında məsələnin hüquqi tərəflərini izah edib: 

“Xüsusən ABŞ və Yaponiyadan ölkəmizə idxal olunan avtomobillərlə bağlı zaman-zaman problemlər eşidilib. Hətta bu problemlə üzləşənlər arasında ətrafımızda tanıdığımız insanlar da olub. Yaponiyada, eləcə də ABŞ-də qəzaya düşmüş, su altında qalmış avtomobillərin Azərbaycana gətirilməsi, eləcə də onlarda sükanın yerinin dəyişdirilməsi hallarına rast gəlinib. Sürücülərin isə bunu sonradan bilmələri problemlər yaradıb. Əvvəla, diqqətli olmalıyıq, sifarişlər ciddi şirkətlərdən verilməlidir. Çünki belə şirkətlər avtomobilləri sırf satış mərkəzlərindən alırlar. Avtomobillərin bütün sənədləşmə prosesini də çox diqqətlə araşdırmalıyıq. Alınan ölkə, yaxud avtomobili ölkəyə gətirən şirkətlə bu məsələləri öncədən hər bir detalına qədər müzakirə etməliyik. Alıcı aldadılırsa, avtomobildə problem olduğu barədə ölkəyə gətirəndən sonra xəbər tutursa, təbii ki, bütün sənədləri toplayaraq xidməti göstərən şirkəti hüquqi əsaslarla məhkəməyə verə, ödədiyi məbləği geri ala bilər. Vətəndaş haqlı olduğunu sübut edərsə, təbii ki, qanun onun tərəfində olacaq”.

V.İskəndərovun sözlərinə görə, təkcə ABŞ, Cənubi Koreya, Yaponiya deyil, Avropadan da problemli avtomobillərin ölkəmizə gətirilməsi faktları var: “Hətta Avropadan qaçırılmış oğurluq avtomobillərin hansısa sənədlərini dəyişdirərək ölkəyə gətirilməsi barədə də eşitmişik. Bu da "qara biznes"dir. Belə hallar təkcə Azərbaycanda yox, dünyanın hər yerində mövcuddur. Buna görə də xidmət göstərən şirkətləri düzgün seçməli, əvvəlki xidmətləri ilə tanış olmalı, tam dəqiq araşdırandan sonra avtomobili sifariş etməliyik. Daşıyıcı şirkətin avtomobildə problem olmadığına dair zəmanəti varsa, problem ölkədə yaranıbsa, bu məsələni də vətəndaş hüquqi yolla həll edə bilər”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh