Reklam

Yeni gömrük qərarı ölkədə avtomobil qiymtlərini artıracaqmı?

Avtobazar 9 Mart 2021 18:53 Oxunub 1110
Yeni gömrük qərarı ölkədə avtomobil qiymtlərini artıracaqmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin istehsal ili 2016-cı ilədək olan avtomobillərin ölkəyə buraxılmama ehtimalının olduğunu açıqlaması insanlar arasında çaşqınlığa səbəb olub. Çünki bildirilib ki, artıq bu qadağa və ya rüsumları artırmaq barədə müzakirələr gedir. Çox insan bundan nəticə çıxararaq ölkədə avtomobil qiymətlərinin kəskin artacağından narahatdır.

Mövzu ilə bağlı danışan avtomobil üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, qəribə səslənsə də, bu addımı alqışlayır: “Əvvəlki müsahibələrimdə dizelin qiymətinin qalxacağını öncədən təxmin edərkən bu barədə də proqnoz vermişdim. Bunun bir çox səbəbi var və qaçılmazdır. Həm iqtisadi, ekoloji cəhətdən, həm də Azərbaycanın idxal-ixrac əməliyyatlarındakı göstəricilərini müsbətə doğru dəyişmək, bu təhlükəsizliyi qorumaq anlamında böyük əhəmiyyəti var. Bu belə də olmalı, qaydalar sərtləşdirilməlidir. Çünki nə qədər pis səslənsə də, dünya standartlarına görə, avtomobil almamalı olan insanlar avtomobil almaq niyyətindədirlər.  Belə olmamalıdır. Çünki bunun nəticəsində ölkəyə ekoloji cəhətdən ziyanlı, xarab avtomobillər gətirilir. Bu, sıravi vətəndaşın anlamayacağı bir şeydir. Ona görə də çoxları o dəqiqə təzyiq göstərir ki, “biz maşın sürməməliyik?”, “biz insan deyilik?” və s. Gəlin görək, dünya əhalisinin nə qədərinin avtomobili var? Dünyada 7-8 milyard əhali varsa, onun 85-90%-nin maşını yoxdur. Bu, insan üçün ölüm demək deyil. Amma maliyyə resurslarını düzün istifadə etməsən, dövlətə ailəyə, şəxsi büdcəyə, eyni zamanda ekologiyaya şiddətli ziyan vura bilərsən. Çox bəsit nümunə deyim. Evdəki balaca uşaq dayanmadan ailə başçısını bahalı əşya almağa sövq edir. Amma bu, ailə büdcəsinə uyğun deyil, yaxud uşağın inkişafına ziyan vura bilər. Belə olduğu təqdirdə uşaq nə qədər ağlasa, onda böyüyə qarşı antipatiya yaransa da, ailə başçısı bunu almır. Çünki bu yolverilməzdir. Bu mövqedən yanaşdıqa Dövlət Gömrük Komitəsinin addımını alqışlayıram”.

Maşınların qiymətində bahalaşmaya gəldikdə isə mütəxəssis vurğulayıb ki, bu, dünyanın hər yerində baş verir: “Hətta Almaniyanın istehsalçı ölkə olmasına baxmayaraq, ilin müxtəlif mövsümlərində avtomobil ehtiyaclarının dəyişməsinə əsasən qiymətlər yüksəlir. Buna qanunlar da təsir edir. Amma bu qiymətlər nə qədər dəyişilir? Aşağı-yuxarı 10%. Şiddətli iqtisadi böhranda bu, 20%-ə qədər olur. Amma hər şey normaldırsa, mövsümə və ehtiyaca görə dəyişimlər 5-10% civarında olur. Bu, ərzaq məhsullarında da baş verir. Məsələn, hansısa mövsümdə məhsul az olsa da, alıcı onu çox tələb edir, qiymət qalxır. Yəni bu alıcı istəyinə görə tənzimlənir. Amma Azərbaycanda bahalaşma 10%- keçməyəcək. Çünki alıcı həmişə özünə alternativ tapacaq. Axı, sürücü nə qədər deyə bilər ki, avtomobilim köhnədir, buna görə də 20 min pul istəyirəm? Bu zaman ortaya alternativ çıxır. Baxırlar ki, ili təzə olan, daha səliqəli, daha modern avtomobil var. Azərbaycanda 2019-2020-ci illərin idxalatındakı avtomobillərin faiz nisbəti də bunu deyir. İnsanların fikri artıq dəyişir. Onlar Renault, Ford, Opel üzərinə daha çox gedirlər. Çünki bu avtomobillərin işlənmişini xarici bazarda 4-6 min dollar civarında qiymətə tapmaq olar. Bu isə Azərbaycan bazarı üçün uyğundur. Yəni bazar özü bunu tənzimləyir. Qiymətin artacağından qorxmağa ehtiyac yoxdur. Ola bilər, müəyyən marka, model həddindən artıq sevilir, rəğbət görür. Məsələn, Mercedes E-Class 20 ildir, Azərbaycanın ən çox sevdiyi modeldir. Bunun qiymətinin növbəti 2 ildə də düşəcəyinə inanmıram. Amma bahalaşmanı bütün modellərə şamil edə bilmərik. Alternativ olduqda qiymət sabitləşir. Digər tərəfdən, bu hadisə 2014-cü ildə də baş verib. Sonradan avtomobil qiymətləri artmayıb. Artım yalnız devalvasiyaya görə olub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh