Avropa və Çin modellərinin idxalı necə olmalıdır? - Fərqli yanaşmalar var - FOTO
Oxucu üçün bu sual qəribə görünə bilər və bunun da səbəbi aydındır. Azərbaycanda avtomobil idxalında başlıca qanuni məhdudiyyət istehsal ilidir. Yəni, istehsal ili yaxın olan, ekoloji normalara uyğun avtomobil marka və modelindən asılı olmadan ölkəyə gətirilə bilər. Burada təəccüblü heç nə yoxdur. Oxşar məhdudiyyət əksər ölkələrdə mövcuddur. Lakin, məhdudiyyət təkcə bununla məhdudlaşmır.
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinə avtomobil idxalı 2 prinsiplə həyata keçirilir. Bunlardan biri diller vasitəsi ilə satışdır. Bu satışın Azərbaycandakından ciddi fərqi yoxdur. Salonda təzə avtomobili seç, pulunu ödə, nömrə və qeydiyyat şəhadətnaməsi al, vəssalam. Maşının satışa hazırlığı, digər sənədləşmələrini diler özü həyata keçirir, müştərinin bu prosedurlardan xəbəri olmur.
Bəs tutaq ki, bir isveçli, fransız və ya belçikalı özü qonşu Almaniyadan avtomobil gətirə bilərmi? Hər 3 ölkənin vətəndaşları heç bir sərhəd nəzarəti olmadan Almaniyaya asanlıqla gedib-gələ bilir. Bizdən fərqli olaraq, nəinki vizaya və təyyarə biletinə, heç pasporta da gərək yoxdur. Strasburqda yaşayan bir fransız tramvayla Almaniyanın Kel şəhərinə gedib həftəlik bazarlığını edə bilir. Almaniyada qiymət daha ucuzdur. Bəs ucuz ərzaqla birgə ucuz maşın da almaq mümkündürmü?
Bəli, mümkündür, amma bürokratiya ağırdır. Hansısa isveçli, fransız və ya belçikalı Almaniyadan avtomobil gətirdikdə onu axtarıb tapmalı, hüquqi şəxsdən aldığı halda 19 faiz ƏDV ödəməli, müvəqqəti sığorta etdirməli (35 avro), tranzit nömrə (15 avro) almalıdır. Bu nömrə ilə avtomobili Avropada 1 ay sürmək mümkündür.
Əsl çətinlik ölkəyə gəldikdən sonra başlayır. Prosedurlar kiçik istisnalarla əksər ölkələrdə eynidir. Fərdi qaydada idxal edilən avtomobilin mənşə ölkəsində heç bir yüklülüyü (vergi borcu və s.) olmamalı, maşının vaxtı-vaxtında servisinin aparılmasına dair sənədləri olmalıdır. Avtomobil ən geci 6 ay əvvəl texniki baxışdan keçmiş olmalıdır. Bununla yanaşı, Avtomobilin Avropa normnalarına uyğunluq sənədi də təqdim edilməlidir.
Lakin iş bununla bitmir. Sənədləşməyə təqdim edilərkən mütəxəssislər avtomobilin güzgülərini, səs səviyyəsini, dəm qazını, tormozlarını və hətta kütləsini də yoxlayırlar. Ardınca, təkərlərin, hava yastığı və kəmərlərin, oturacaqların və sairin Avropa sisteminə uyğunluğu yoxlanılır. Bir anlıq təsəvvür edin: Avropa avtomobili dedikdə ağla ilk gələn “Mercedes” və BMW olur. Bununla belə, həmin maşınlar belə yoxlanılır.
Avropa ölkələrində istismar müddəti 2 ay və ya 6000 kilometri keçmiş idxal maşınlar ikinci əl hesab edilir və xüsusi yoxlanılır.
Avropaya dilerlərlə yanaşı ayrıca hüquqi şəxslər də avtomobil idxal edə bilər. Bu idxal rəqabət yaratdığı üçün təşviq edilir. Lakin onların da ciddi öhdəlikləri mövcuddur. Belə ki, dilerlər kimi ayrıca firmalar da, gətirdikləri avtomobillərə zəmanət verməli, servis və ehtiyat hissələri ilə təmin etməlidir. Avropa normalarına uyğun olmayan maşınların gətirilməsi yolverilməzdir. Bu tələblərə görə Çin avtomobilləri ilə yanaşı, Çində istehsal olunmuş Almaniya və Yaponiya modelləri də Avropa bazarına ayaq aça bilmir.
İqtisadçı-ekspert Elman Sadıqov heesab edir ki, dünya bazarında Avropa və Yaponiya istehsalı olan modellər özlərini doğruldub. Lakin bu maşınların Çin modelləri də var. Avropa və Yaponiya istehsalı olan modellərin gec sıradan çıxdığı məlum olsa da, Çin modelləri ilə bağlı şübhələr mövcuddur.
Detalları tez sıradan çıxan avtomobillərin kütləvi istismarı böyük həcmdə ehtiyat hissəsinin gətirilməsini zəruri edir. Bu da ölkədən valyuta axını ilə nəticələnir. Çin modelləri ilə bağlı bir problem də bəzi istehsalı dayanmış maşınların ölkəyə gətirilməsidir. Bir müddət sonra bu avtomobillər üçün ehtiyat hissə problemləri qaçınılmaz olacaq.
Ümumiyyətlə, Çin modelləri ilə bağlı suallar çoxdur. Bəzi markalar, məsələn BYD özünü doğruldub, digərləri ilə bağlı şübhələr var. Biz isə Azərbaycanın avtomobil parkını yeniləyərkən hansı modellərə üstünlük verəcəyimizi düşünməliyik”.
Yenidən kütlə məsələsinə qayıdaq. Avropa polisi idxal avtomobilin kütləsini ölçməkdə məqsədi nədir? Bu, avtomobilin sırf regional variantları ilə bağlıdır. Eyni xarici görünüşə malik olan avtomobil müxtəlif bazarlara fərqli konfiqurasiyada təqdim olunur. Avropa bazarı üçün nəzərdə tutulmuş avtomobillərin ekoloji standartı ilə yanaşı təhlükəsizlik tələbləri də yüksəkdir. Buna görə də, eyni modelin Asiya bazarı üçün olan versiyaları daha sadə kofiqurasiyalı olur. Maya dəyərini azaltmaq üçün bir çox təhlükəsizlik elementi ixtisar edilir. Bunu isə ilk baxışda görmək olmasa da, ilk qəzada hökmən görünür. Nəticə isə əksər hallarda ağır olur.
Başqa bir məqam: qəza keçirmiş avtomobilin hansısa detalının yerinə qoyulmaması, ixtisar edilməsi də tez tez rast gəlinən hallardandır. Bunu əsasən görünməyən detallarda edirlər.
Bir sözlə, idxal avtomobili tərəziyə çıxaran avropalı məmurları ifrat bürokratiyada ittiham etmək doğru olmaz. Onların məqsədi bazarı və əhalini qorumaqdır.
Çox vaxt yerli bazara uyğunlaşmaq üçün istehsalçılar hansısa ölkədə və ya qitədə zavod qururlar. Bunun ən yaxşı nümunələrini yaponlar qurublar. Yarım əsrdir bazarda olan Toyota Corolla dünyada 51 milyon ədəddən çox satılıb. Bu modelin cəmi 30 faizi Yaponiya ərazisində yığılıb. Model uzun müddətdir Avropada da istehsal olunur və getdikcə populyarlaşır. Bu maşınların digər regionlar üçün nəzərdə tutulanlardan fərqi komplektasiyadır. Xarici görünüş çox da seçilməsə də, təchizat sırf Avropa tələblərinə əsaslanır. 1961-ci ildə Avropa bazarına girən Toyota hazırda İttifaq ərazisində 8 zavod qurub. Bütün əsas komponentlər burada hazırlanır. Avropa İttifaqında satılan Toyota avtomobillərinin 80 faizindən çoxu elə Avropada istehsal olunur. İdxal isə başlıca olaraq Yaponiya və Tükiyədən həyata keçirilir. Bir sözlə, Köhnə qitə üçün nəzərdə tutulmuş modellərin yalnız adı yapondur. Maşınlar konseptual olaraq Avropa sistemlidir. Bütün sınaqlar və kraş testlər Avropada və Avropa normaları üzrə aparılır. 90-cı illərdə isə şirkətin lüks brendi “Lexus”u yaratmaqda məqsədi də məhz Avropa bazarında iştirakı genişləndirmək idi.
Yenidən ölkəmizə qayıdaq. Avropa normalarına görə, hansısa modelin istehsalı dayandıqdan sonra azı 8 il bazarda ehtiyat hissələri olmalıdır. Bizim ölkəmizdə isə paralel yolla gətirilmiş Çin istehsalı olan modellərin ehtiyat hissə problemi təəssüf ki, model istehsaldan çıxmamış başlayır.
Vüqar Yaşaroğlu