Avtomobilin çox yanacaq sərf etməsi hansı problemlərə yol aça bilər? - HƏLL YOLLARI
Avtomobilin çox yanacaq sərf etməsi əslində ciddi problemlərdən xəbər verir. Bunu insan orqanizmi ilə müqayisə etmək olar. İnsan qida normasını aşdıqda öncə hər şey xoş görünsə də, sonradan piylənmə, artıq çəki, qanda, orqanlarda problem, təzyiq və hətta ölümlə nəticələnir. Avtomobil də belədir, gərək normal "yeyə".
Bəs hədsiz "iştah" nəqliyyat vasitəsi üçün nə kimi problemlər yarada bilər?
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, bu, bir neçə halla müşahidə olunur: "Birinci hal az təhlükəli hesab edilir. Çünki yanacaq sərfiyyatı az qalxır. Məsələn, bəzi insanlar çox yesə də, buna ehtiyacları var. Çünki ağır, fiziki işlə məşğuldurlar. Avtomobil də ağırlaşdırılmış istismar hallarında çox "yeyə" bilər. Ağır istismar dedikdə yük daşınması, çətin relyef, qısa məsafələr, aşağı orta sürət, hər hansı detalın gec dəyişdirilməsi (hava, yanacaq filtri, şamlar), kəskin soyuq hava və s. nəzərdə tutulur".
Mütəxəssisin sözlərinə görə, ikinci hal çox təhlükəlidir: "Maşın yanacağı çox yeyirsə, öncə farsunkalar nəzərdən keçirilməlidir. Amma o dəqiqə qaçıb yuduzdurmayın, kömək etməyəcək. Normalara diqqət edin, bu normaların üzərində çox xəta verirsə, təzəsini alın, yaxud təmir etdirin. Bu zaman motorda disbalans olur, yağ tez sıradan çıxır (iy gəlir, viskozluğu aşağı düşür, qaralır), birdən-birə şiddətli yağ yemə müşahidə edilir, aşınma şiddətlənir, motorun ömrü gedir, səs artır. Həmçinin şatun qırıla, ya da porşen sına bilər. Digər hallarda isə avtomobil yanacağı çox işlədir və "Pereboy" olur. "Pereboy" əsində həm də tibbi termindir, ürək üçün istifadə edilir. Mənası dayanma, gecikmə, ahəngsiz iş deməkdir. Motor da belədir. Porşenlər ahəngsiz işləyir, inanılmaz yanacaq sərf edir. Çox adam motorunun pereboy olmasından xəbərsiz olur. Məsələn, səhər soyuq matorda gedir və dayanır. Sürücü düşünür ki, "nə olsun? keçib getdi". Amma əvvəl qeyd etdiyim zərərlər (2-ci halın 1-ci bəndi) daha şiddətli olur. Sürücü bir də onda ayılır ki, motor işləmir".
Ş.Göyləroğlu qeyd edib ki, çox işlətdikdə motor boğulur: "Burada artıq emissisiya sistemi sıradan çıxır (katalizator, EGR, Saja Filtri, kollektor və buna bağlı datçiklər). Bəzən motor sönür, sürət yığmır. Sanki insan yeyir, amma həzm edə, nəfəs ala bilmir. Burada da əvvəlki zərərlər keçərlidir. Amma bir əlavəsi var: Dizellərdə yağ azalmaq əvəzinə arta bilər. Bəzən azalma da mümkündür, bu, avtomobildən asılıdır. Əslində yağ çoxalmır, sadəcə dizel şiddətli qarışır. Bir çox dizellərin dağılmasına səbəb elə budur. Bəzən isə avtomobilin çox yanacaq sərf etməsinə səbəb hava sisteminin düz işləməməsi olur. Daxili yanma mühərrikində yanacaqla birgə hava da qarışır və yanma olur. Hava çox gəlsə, yanacaq da artır. Bu, hava verən sistemin xətasıdır. Zərərləri isə eynidir. Avtomobilin köhnə olması da çox yanacaq sərfiyyatına yol açır. Bu halda avtomobil sadəcə tam təmir olunmalıdır. Əksər sürücü problemi hissə-hissə axtarır. Sonda isə deyir ki, "bir dünya pulum getdi, düzəlmədi". Bu halda ya avtomobili tam yığdırmaq, ya da pul yoxdursa, heç əl dəyməmək məsləhətdir. Ümumiyyətlə, köhnə maşınları yığdırmaq mənasızdır. Təbii ki, mənəvi dəyəri yoxdursa".
Ekspert vurğulayıb ki, çox yanacaq işlətmənin fəsadları inanılmaz xərc aparır. Bu, modeldən asılı olaraq bir neçə min manata çıxa bilər: "Avtomobillər müasirləşdikcə şiddətlənir və daha da çox xərc gətirir. Bütün bu nüanslar bir-biri ilə bağlıdır, vəhdətdə işləyirlər. Biri xarab olduqda digərinə də təsir edir.
Gələn ildən idxalatda normalar yenidən dəyişə bilər. Yəni istər-istəməz təzə müasir maşınlar idxal olunacaq. Ona görə də, daha da diqqətli olmaqda fayda var".