Reklam

Cərimə meydançasındakı avtomobillərdən qurtuluş yolu: Avropa və Belarus təcrübəsi

Avtodünya 29 Dekabr 2023 14:00 Oxunub 3598
Cərimə meydançasındakı avtomobillərdən qurtuluş yolu: Avropa və Belarus təcrübəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə Avtosfer.az saytında cərimə meydançalarında yığılıb qalmış avtomobillər məsələsi müzakirə edildi. Hətta belə bir fikir də səsləndirildi ki, meydançaların yeri dəyişdikdə polis böyük xərc çəkib bu maşınları (əslində metal yığını – müəl.) başqa yerə daşımalı olur. Bu da əlavə xərc, ekoloji problem və yolların yüklənməsi deməkdir. 

Çıxış edənlərin hər birinin fikrinə hörmətlə yanaşmaq şərti ilə başqa bir məsələni gündəliyə gətirmək istərdim: yarasız avtomobil məsələsi cərimə meydançalarının hüdudlarını çoxdan aşıb. Rayon yollarındakı polis postlarında, köhnə avtopark və qarajlarda, dalanlarda atılıb qalmış maşınların sayı heç kimə bəlli deyil. Problemin həllinin vaxtı çoxdan gəlib çatıb. Bə nə etməli?

 

Qanun baxımından polis bu texnikaya sərəncam verə bilməz. Bu maşınlar bir işə yaramasa da, xüsusi mülkiyyət hesab edilir. Lakin problem əbədi davam edə bilməz. 

Oxşar məsələ 20 il əvvələdək Belarusda aktual idi. Böyük şəhərlərin küçələri və cərimə meydançaları mühərriki, xarici detalları olmayan, qəzalı maşınlarla dolu idi. Problemi həlli üçün sadə yol seçildi: avtomobilin sahibi tapılaraq ona maşını küçədən və ya duracaqdan götürmək barədə xəbərdarlıq edildi. Rəsmi xəbərdarlığa məhəl qoyulmadıqda 1 ay sonra məhkəmə maşının sahibsiz əşya kimi dövlət nəfinə götürülməsinə qərar verdi. Bu proseslərə çox vaxt avtomobil sahibləri çağırılsa da gəlmirdilər. Lakin cavabdehin gəlməməsi işə mane olmur. Təxminən 1 ilə bu yolla Minsk, Qomel kimi şəhərləri tullantı avtomobillərdən təmizləmək mümkün oldu. 

Bakıdakı vəziyyətə gəlincə, polis bu məsələni vergi yolu ilə tənzimləyə bilər. Yəni, avtomobili sahibi onu istismar edib-etmədiyindən asılı olmayaraq Avropada olduğu kimi vergi ödəməyə və texniki baxışdan keçməyə məcbur edilə bilər. Bu zaman heç kim istismara yaramayan, ya da fiziki mövcud olmayan texnikanı öz adında saxlamayacaq.

Prinsip etibarı ilə Azərbaycan qanunvericiliyi də cərimə meydançalarındakı avtomobillərdən qurtulmağa imkan verir. Polis avtomobil sahibindən meydançadakı maşını götürməyi tələb edə bilər, lakin onu metal qəbulu məntəqəsinə vermək səlahiyyəti yoxdur. Məhkəmə isə sahibinə xəbərdarlıq etdikdən sonra maşın üzərində sərəncam verə bilər. Meydançalarda qalan maşınların arasınd sahibi çoxdan dünyasını dəyişmiş şəxslər də var. 

Bəzən polis qəza keçirən maşını duracağa yerləşdirir. Sonradan məlum olur ki, kiminsə uşağı bu maşında həyatla vidalaşıb və avtomobili bir daha görmək istəmir. Ən maraqlı vəziyyət də burda baş verir: “maşını görmək istəmirəm” deyən şəxsə imtina ərizəsi yazdırmaq mümkün olmur. Zənnimcə, bu da qeyri-səmimi davranışdır.

Cərimə meydançalarında on illərlə yığılıb qalan maşınlardan xilas olmaq üçün ilk növbədə qanunvericiliyə müəyyən dəyişiklik edilməlidir. Utilizasiya məsələsinə gəldikdə, son 10 ildə tikilmiş müəssisələr bu işin öhdəsindən layiqincə gələ bilər. 

Təhvil verilmiş avtomobillərdən əldə edilən vəsaiti yol polisinin təminatına yönəltmək mümkündür. Ən əsası, bu proses qısamüddətli və uzunmüddətli iş yerlərinin yaranması ilə nəticələnə bilər.

Vüqar 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh