"Ferrari Purosangue". İtalyan markasının ilk krossoveri
Ferrari uzun müddətdir ki, populyarlığı günü gündən artan krossover seqmentinə müdaxilə etmək fikrindən uzaq idi. Hətta şirkətin keçmiş rəhbəri Sercio Markionne belə bir avtomobilin qəti əleyhinə çıxmışdı. Markionne, “Ferrari markası krossover buraxacaqmı?“ sualına cavab olaraq, - “ilk növbədə məni güllələməlisiniz”, - deyə cavabını vermişdi.
Lakin, necə deyərlər – “adın nədir, Daşdəmir, yumşalırsan, yumşalı”. 2017-ci ildə Markionne fikrini dəyişərək krossoverin yaradılmasına qərar verdi. Markionne artıq həyatda yoxdur və bu gün italyan markası özünün ilk krossoverini təqdim edib. Doğrudur, italyanlar onun krossover olmadığını israrla təkrar edirlər.
Onlar təkidlə SUV (Sport Utility Vehicle) və Ferrari məhfumlarının bir-birinə uyğun gəlmədiyini bildirərək, çoxdan işlənilən abbreviaturanı qəbul etmirlər. Ancaq bu inad əbəsdir, çünki artıq "krossover" terminindən qaçmaq mümkün deyil.
Eyni zamanda, Purosangue modeli həm də dörd yan qapısı olan ilk Ferrari seriya avtomobilidir. Bu krossover faktiki olaraq, salonunda dörd tamölçülü oturacaq olan üçqapılı GTC4Lusso modelini əvəz edib.
Purosangue adı italyan dilindən "təmizqanlı" kimi tərcümə olunur və bu ad F175 layihəsi üçün dörd il əvvəl təsdiq edilib. Qeyd etmək lazımdır ki, layihə rəhbərlərinə əhsən demək gərəkdir: onlar mövcud olan dəbin, ekoloji standartların və ya Çinin gömrük maneələrinin əsirinə çevrilməyiblər.
Buna görə də, Purosangue modelinin kapotun altında Ferrari avtomobilləri üçün kanonik olan V12 atmosfer mühərriki yerləşir! Bununla belə, avtomobilin yaradıcıları hibridlər də daxil olmaqla müxtəlif güc qurğularını nəzərdən keçiriblər - və onlar daha sonra peyda olacaqlar. Lakin əsas veriya 12-silindrli təmizqanlı versiya olacaqdır.
F140 mühərriki Ferrari 812 Superfast superkarındakı ilə eynidir. 6,5-litrlik atmosfer mühərriki birbaşa yanacaq püskürdülməsi və quru karterli yağlama sisteminə malikdir. Onun hasilatı 725 at qüvvəsi və 716 Nm təşkil edir. Qeyd etmək gərəkdir ki, digər Ferrari modellərində bu aqreqat 840 at qüvvəsi hasil edir.
Böyük ehtimalla, gələcəkdə krossoverin belə gücə malik olan ekstremal versiyasını da hazırlaya bilərlər. Bununla belə, Purosangue superkrossoverlər arasında liderliyi ələ alıb: bu günə qədər bazarda belə gücə malik olan model yox idi. Fırlanma anına görə isə, əlbəttə ki, digər avtomobillərin turbomühərrikləri çox irəlidədirlər.
Mühərrik öndə yerləşir, lakin bazanın daxilinə doğru sürüşdürülüb. İki muftalı səkkiz pilləli “robot” arxa oxda quraşdırılır. Bəli, Ferrari krossoverində superkarlar üçün xarakterik olan transaxle quruluşu tətbiq edilib! Buna görə də, onun tam ötürməli transmissiyası başqalarında olduğu kimi deyil.
Bu, on bir il əvvəl Ferrari FF modelində peyda olmuş 4RM sistemidir: ənənəvi paylayıcı qutu yoxdur, lakin ön təkərlər üçün, mühərrikin ön ucunda quraşdırılmış ayrıca iki pilləli ötürmələr qutusu nəzərdə tutulub. Differensialların əvəzinə, ön təkərlərlərin hər birindəki dartma qüvvəsini dəyişən iki “yaş” muftalar paketi var. Belə quruluş, çəkinin arxa oxun xeyrinə 49:51 nisbətində paylanmasına imkan verib.
Krossover üçün yeni alüminium platforma hazırlanıb: o, üçqapılı GTC4Lusso modelində olduğundan 5% yüngüldür, bununla belə, krossoverin kuzovunun burulmaya qarşı sərtliyi 30% daha çoxdur. Tam idarələnən şassi Ferrari 812 Competizione kupesindəki ilə eynidir.
Əlavə olaraq, Purosangue FAST (Ferrari Active Suspension Technology) adlı aktiv asqını alan ilk model olub. Asqı Multimatic ilə əməkdaşlıqda hazırlanıb: elektron idarəolunan amortizatorlar kuzovun yana əyilmələri ilə mübarizə apararaq, krossoverin idarə olunmasını ənənəvi Ferrari superkarları ilə eyni səviyyədə saxlamağa imkan verir.
Purosangue ölçülərinə görə Lamborghini Urus krossoverindən nəzərəçarpacaq dərəcədə geridə qalır: onun uzunluğu 4973 millimetr (- 140 millimetr), eni - 2028 millimetr (+ 11 millimetr), hündürlüyü isə 1589 millimetrdir (- 49 millimetr).
Lakin Ferrari krossoverinin təkər bazası daha uzundur: 3002 millimetrə qarşı 3018 millimetr. Təkər diskləri öndə 22, arxada isə 23 düymlükdürlər. Qapılarda pəncərə çərçivələri yoxdur, arxa qapılar isə hərəkətin əksi istiqamətində açılır - onların asan açılıb-bağlanması üçün elektrik ötürməsi tətbiq edilib.
Salonda dörd ayrı oturacaq var və onların hamısı elektrik ötürməsi ilə təchiz edilib. Müasir Ferrari superkarlarıa xas olan elementlər də mövcuddur: sükan çarxlnda idarəetmə rejimlərinin açarı (“manettino”), habelə fənərlər və dönmə siqnallarının idarə edilməsi düymələri var. Ötürmələrin dəyişdirilməsinə isə, mərkəzi tuneldə klassik mexaniki ötürmələr qutusunun kəsikləri şəklində tərtib edilmiş miniatür selektorlar cavabdehdir.
Media sisteminin ənənəvi mərkəzi ekranı yoxdur, onun əvəzinə sərnişinin qarşısında ayrıca 10,2-düymlük ekran var. Üstəlik, Ferrari standart naviqatordan imtina edib - bu funksiya Apple CarPlay və ya Android Auto interfeysi vasitəsilə qoşula bilən smartfona həvalə edilib. Baqajın tutumu - əvvəllər Maranellodan olan avtomobillər üçün əlçatmaz olan 487 litrdir. Uzun əşyaların daşınması üçün arxa oturacaqların kürək hissəsini qatlamaq olar. Məlum məsələdir ki, elektrik ötürməsi ilə.
Ferrari Purosangue modeli ağır alınıb: onun quru çəkisi 2033 kiloqrama çatır! Tam təchiz olunmuş avtomobilin çəkisi isə 2173 kiloqramdır – məsələn, təkcə yanacaq çəni 100 litr üçün nəzərdə tutulub.
Beləliklə, bu baxımdan V12 mühərrikli Ferrari krossoverini V8 biturbo mühərriki ilə təchiz olunmuş Urus modeli ilə müqayisə etmək olar: Lamborghini krossoverinin baza versiyasının ağırlığı 2197 kiloqramdır.
Ferrari Purosangue modelinin maksimal sürəti 312 km/saatdır, bu baxımından Ferrari krossoveri öz sinfində rekorda iddialıdır: o həm Aston Martin DBX707 (310 km/saat), həm də Lamborghini Urus Performante (306 km/saat) geridə qoyur.
Lakin onun 100 km/saat sürətlənmə vaxtı, adı çəkilən cütlük və Porsche Cayenne Turbo GT modeli ilə eynidir - 3,3 saniyə. Bununla belə, "Təmizqanlı" 200 km/saat həddinə, 10,6 saniyəyə sürətlənir ki, bu da Urus modelinin müvafiq göstəricisindən demək olar ki, bir saniyə yaxşıdır.
Ferrari Purosangue gələn ilin yazında satışa çıxarılacaq və təxminən 390 min avroya başa gələcəkdir. Alıcılarin artıq növbəyə düzüldüyünü söyləmək olar, çünki Ferrari bu modelin ümumi satışlardakı payının 20 faizdən çox olmayacağını əvvəlcədən bəyan edib: hətta krossover ilə belə, italyan markası rekord ardınca qaçmayaraq eksklüzivliyi qoruyacaqdır.
Keçən ilki satış rəqəmlərini nəzərə alsaq (11 155 Ferrari avtomobili satılıb), ildə cəmi 2200 krossoverin buraxılacağını gözləmək olar. Üstünlük brendin ən sadiq müştərilərinə veriləcəkdir, odur ki, yeni müştərilərə səbir ilə gözləmək qalır.
autograph.az