Fransız Almaniyada skuter sürə bilərmi? - FOTO

Avtodünya 8 İyun 2023 16:49 Oxunub 1798
Fransız Almaniyada skuter sürə bilərmi?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əziz oxucu, başlıq sənə qəribə gələ bilər. Təbii ki, haqlı olaraq deyəcəksən: Şengen zonasına aid bu 2 ölkə arasında sərhəd nəzarəti yoxdur. Paris-Berlin arasında sutkada 12 yüksək sürətli qatar reysi var. Strasburqda tramvaya minib 8 dəqiqə sonra Almaniyanın Kel şəhərinin bələdiyyəsi qarşısında düşmək olar. Həm də tramvaya skuterlə minməyə icaz verilir.

Nə qədər qəribə olsa da, bir fransız, italyan və ya isveçrəli Almaniyada özü gətirdiyi skuteri sürə bilməz. Səbəb hər ölkənin öz standartı olmasıdır. Hazırda Avropa Şurası skuterlərin parametrlərinin bütün ittifaqda eyniləşdirilməsi üzərində işləyir. Hələ ki, ildə yüzlərlə fransız və belçikalı Almaniyada cərimələnməyə davam edir. 

 

Avropada skuter çox geniş yayılsa da, hər ölkənin qanunu fərqlidir. Məsələni, İsveçrə, Almaniya, Belçika və Fransa üzərində araşdırsaq fərqlər məlum olar.

Əsas fərq yaş həddi və sürətlə bağlıdır.

 

ÖLKƏ

YAŞ HƏDDİ

MAKSİMAL SÜRƏT

Lüksemburq

10

25 km/saat

Fransa

14

25 km/saat

Almaniya

14

20 km/saat

Belçika

16

25 km/saat

İsveçrə

16

25 km/saat

 

Avropa ölkələrinin təxminən 10 il əvvəlki vəziyyətinə nəzər yetirsək həmin dövrdə skuterlərlə bağlı ciddi pərakəndəliyin olduğunu görərik. Son 5 ildə isə qanunvericilik dəyişib və sərtləşib. Məsələn, adlarını qeyd etdiyimiz ölkələrdən yalnız Lüksemburqda 10-13 yaşlı uşaqların səkidə skuterlə hərəkətinə icazə verilir. Qalan bütün hallarda və bütün ölkələrdə skuter ya velosiped yolu ilə, ya da avtomobil yolu ilə getməlidir. Belçikada skuterçi mütləq şəxsiyyət vəsiqəsini üzərində gəzdirməlidir ki, polis onun yaşının uyğun olub-olmadığını öyrənsin. Fransada isə əhalinin sıx olduğu yerlərdə sürət 6 km/saatı aşmamalıdır.

Adları çəkilən ölkələrdə skuterləri yalnız xüsusi yerlərdə parklamağa icazə verilir. Məhdud görmə qabiliyyətli insanların hərəkəti üçün ayrılmış yola nə skuter, nə də velosipedlə çıxmaq olmaz. Skuterdə 2 nəfər gedə bilməz. Həmçinin 2 skuterçi yanaşı hərəkət edə bilməz. Dönmə əməliyyatı zamanı əllə digəır hərəkət iştirkaçılarına xəbərdarlıq edilməlidir.

 

Bir maraqlı məqam da skuterçilərə tətbiq edilən qayda və cəzalarla bağlıdır. Motorlu nəqliyyat vasitəsi olduğu üçün skuter idarə edən şəxs digər hərəkət iştirakçılarına vurduğu ziyana görə məsuliyyət daşıyır. Doğrudur, skuterlə baş verən qəzada ən çox zərəri elə skuterçi gördüyü üçün hələ ki, çox ciddi məhkəmə qalmaqallarına rast gəlinmir. Hər bir halda, qəza zamanı skuterçi ilə avtomobil sürücüsünün məsuliyyəti arasında fərq yoxdur. Sürücülük vəsiqəsinin tələb edilməməsi məsuliyyətdən azad etmir. Bu hal sərxoş idarəəetməyə də aiddir. Sərxoş skuterçiyə digər sürücülər kimi cəza verilə, hətta həbs edilə bilər.

Almaniyada standarta uyğun olmayan skuterə görə 70 avro, qadağan olunmuş yerdə sürməyə görə 15 avro, təhlükəli sürüşə görə 25 avro cərimə nəzərdə tutulur. Fransada isə qayda pozuntularına görə cərimə 135 avroya çıxa bilir. Qeyri-standart (sürəti 25 km/saatı ötən) skuterin cəriməsi isə nə az, nə çox 1500 avrodur.

Hər bir ölkədə skuterlər motorlu  vasitə olaraq sığorta olunmalıdır.

Yekun olartaq deyə bilərik ki, Avropa ölkələrində skuterlərlə bağlı pərakəndəlik dövrü bitib. Onların da istismarı digər motorlu vasitələr kimi qanunla tənzimlənir. Avropada skuter icarə edən şirkətlər də demək olar tarixə qovuşub. Yəqin eyni proses bizdə də yaxın illərdə olduğu kimi.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh