Reklam

İlk Lamborghini Countach modelinin replikası hazırlanıb - FOTO

Avtodünya 4 Oktyabr 2021 15:02 Oxunub 948
İlk Lamborghini Countach modelinin replikası hazırlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aventador modelinə əsaslanan kiçik seriya ilə buraxılan Countach LPI 800-4 superkarı əfsanəvi Lamborghini Countach modelinin 50 illik yubileyinə hazırlanmış yeganə hədiyyə deyil. Klassik avtomobillərə xidmət göstərən və onların bərpası ilə məşğul olan Lamborghini Polo Storico bölməsi, 1971-ci ildə Cenevrə avtosalonunun ulduzuna çevrilmiş ilk Countach modelinin replikasını hazırlayıb.

İlkin olaraq Lamborghini LP500 Countach adlanan kupe yalnız şou avtomobili olaraq inşa edilmişdi. Yeni kupenin dizaynı üzərində o vaxt Bertone atelyesində çalışan gənc Marçello Qandini işləmişdi. Lamborghini şirkəti Countach modelini kütləvi şəkildə istehsal etməyi planlaşdırmırdı, ancaq avtomobilə olan böyük maraq və çoxsaylı sifarişlər Ferruçço Lamborginini fikrini dəyişməyə məcbur etdi.

Bununla birlikdə, avtomobilin kütləvi istehsalını təşkil etmək üçün, onun üzərində ciddi şəkildə yenidən işləmək tələb olunurdu və italyanlar bunu dərhal anlamamışdılar. Avtomobil sınaqlara göndərildi və daim təkmilləşdirildi. Mühərrikin effektiv soyudulmasını təmin etmək üçün kuzovda hava girişləri peyda oldu, yan güzgülər quraşdırıldı, interyeri isə tamamilə dəyişdirildi ...

İlk parlaq sarı rəngli nüsxə kuzovun polad əsasına və 5,0-litrlik V12 mühərrikinə malik olsa da, ikinci prototipdə məkanvari çərçivəyə bərkidilmiş alüminium kuzov  və 4,0-litrlik V12 mühərriki var idi. 1974-cü ildə, yol testlərindən sonra, ilk prototip MIRA poliqonunda keçirilən krəş-testdə iştirak etdi  və bundan sonra yoxa çıxdı.

Lamborghini Polo Storico bölməsi klassik Countach modelini orijinal şəklində yenidən yaradıb. Adı çəkilməyən kolleksiyaçının tələbi ilə işlər 2017-ci ildə başlayıb. Mümkün olan qədər keçən əsrin 70-ci illərində istehsal olunmuş hissələrdən istifadə edilib, lakin komponentlərin əksəriyyəti orijinal sənədlər və fotoşəkillərdən istifadə edilməklə yenidən yaradılmalı olub. Kuzovu inşa etmək üçün, əlavə olaraq, zavod muzeyindəki 001 nömrəli şassisi olan Lamborghini Countach kupesinin üçölçülü skan edilməsi həyata keçirilmişdir.

Tərəfdaşlar da kömək edib. Məsələn, Pirelli orijinal prototipdə olan Cinturato CN12 təkərlərinin yeni nüsxələrini hazırlayıb. Şinlər öndə 245/60 R14 və arxada 265/60 R14 ölçülərinə malikdir. PPG firması kuzovun rənglənməsi üçün parlaq sarı Giallo Fly Speciale boyasını yenidən yaradıb. Təəssüf ki, şirkət avtomobilin interyer şəkillərini yayımlamayıb. Xatırladaq ki, ilk Countach modeli rəqəmsal cihazlar paneli və bort kompüteri olan qeyri-adi bir kokpitə sahib idi.

Replikanın inşasına 25 min iş saatı sərf edilib - lakin bu kəmiyyəti hərfi mənada qəbul etmək lazım deyil, əks halda avtomobilin üzərində üç il fasiləsiz iş aparıldığını düşünmək olar. Avtomobil yeganə nüsxədə inşa edilib və müştəriyə heç də ucuz başa gəlməyib. Üstəlik, Lamborghini şirkətinin belə replikaları digər şəxslərə təklif edəcəyi barədə heç bir məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh