Maşının "ABS sistemi" haqqında bunları bilirdinizmi?

Avtodünya 23 May 2020 13:36 Oxunub 7248
Maşının "ABS sistemi"  haqqında bunları bilirdinizmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sistem də təkərlərin kilidlənməsi problemini həll etmədi

Kilidləmə əleyhinə sistemi (ABS; almanca Antiblockiersystem, ingiliscə Anti-lock braking system) - əyləc zamanı nəqliyyat vasitəsinin təkərlərinin kilidləməsinə mane olan sistemdir. Sistemin əsas məqsədi – təyinatı avtomobilin sabitliyini və idarə olunmasını qorumaqdır (bəzi hallarda əyləc məsafəsi ABS sistemi olmadan daha çox ola bilər).

Hal-hazırda ABS – bir qayda olaraq dartma nəzarət sistemi, elektron sabitliyə nəzarət, habelə təcili əyləc yardım sistemi daxil ola bilən daha mürəkkəb elektron əyləc sistemidir.

ABS minik və yük avtomobillərində, motosikllarda, qoşqularda, habelə təyyarənin təkər şassisində quraşdırılmışdır. "Za rulyom" jurnalının müəllifləri hesab edirlər ki, 2008-ci il vəziyyətinə görə istehsal olunan avtomobillərin 75%-də kilidləmə əleyhinə əyləc sistemi quraşdırılmışdır.

TARİXİ

İlk dəfə əyləc zamanı təkərlərin kilidlənməsi problemi bir dəmiryol avtomobilində meydana gəldi, çünki kilidlənmiş təkərlər əyləc təsirini xeyli aşağı saldı və təkər çarxında vaqonun və ya lokomotivin hərəkət keyfiyyətini azaldan aşınma yaranır. Bundan əlavə, kilidlənmiş təkər diskləri ilə relsdən çıxma ehtimalı əhəmiyyətli dərəcədə artır. Problem, bu gün yük avtomatik rejimi kimi tanınan avtomatik əyləc gücü tənzimləyicilərinin köməyi ilə həll edildi. Xidmət əyləcinin elektrikli olduğu elektrik qatarlarında və tramvaylarda, generator rejimində əyləc zamanı işləyən dartma elektrikli mühərriklərində yaranan cərəyanı avtomatik tənzimləyən elektrikli və elektron sistemlər tərəfindən təkərlərin kilidlənməsi həyata keçirir. Belə sistemlər 1920-ci illərdən məhşurdur.

İlk ABS sistemi 1929-cu ildə hazırlanmış və istifadə edilmişdir. Fransız aviasiya və avtomobil sənayesinin pioneri, “Avions Voisin” şirkətinin rəhbəri Qabriel Vuazen ilk dəfə belə bir sistemi təyyarələrdə sadə bir səbəbə görə istifadə etdi: prinsipcə təyyarəni əyləci sıxmaqla birbaşa əyləmək olmurdu. O dövrdəki texnologiyanın xüsusiyyətləri səbəbindən, əyləc pedalını uzun müddətli sıxma əyləclərin tez aşınmasına və səmərəliliyinin itirilməsinə səbəb olurdu. Pilotlar, bu və ya digər şəkildə, tez-tez əyləci sıxmağa və buraxmağa məcbur olurdular, Q.Vuazen isə pilotların əyləc pedalını sadəcə sıxmasına imkan verən və təyyarənin əyləc sisteminin tam gücündən maksimum istifadə etməyə imkan verən bir mexanizm kəşf etdi.

O dövrdə əksər avtomobillərdə tross ötürücüsü olan mexaniki əyləc var idi və sürücüdən ciddi fiziki güc tələb edirdi, başqa sözlə, təkərlərin kilidlənməsi üçün əyləc pedalını möhkəm sıxmalı və bu da öz növbəsində avtomobilin idarə olunmasına mənfi təsir göstərmişdir. Daha sonra vakuum gücləndiricisi olan hidravlik əyləclər yarandı, lakin bu sistem də təkərlərin kilidlənməsi problemini həll etmədi.

1936-cı ildə Boş (Bosch) qəfil əyləc zamanı təkər kilidlənməsi texnologiyasını patentləşdirdi. Ancaq praktikada bu fikir o illərdə 1 saniyə ərzində təkər kilidinə cavab verməyə imkan verən rəqəmsal elektronikanın olmaması səbəbindən gerçəkləşmədi. Vəziyyət 1960-cı illərdə tədricən avtomobil sənayesinə çatan yarımkeçirici texnologiyaların yaranması ilə dəyişdi. Lakin 1971-ci ildə “General Motors” konserninin modellərindən birində görünən ilk ABS nümunələri də təhlükəli idi, çünki onlar da aparıcı təkərlərin kilidlənməsi problemini həll etmədilər.

1958-ci ildə ilk belə sistem motosiklda istifadə edildi. Bu iki təkərli nəqliyyat vasitəsi, ən azı təkərlərindən biri sürüşməyə başladıqda xüsusilə qeyri-sabitdir. ABS istifadə etməklə, nəm asfaltda belə, motosiklın əyləc məsafəsi 30% azaldı. Düzdür, belə sistemlər motosikllarda daha sonra quraşdırılmağa başlandı. Bunlardan birincisi ABS sisteminin ilk dəfə 1972-ci ildə qurulduğu "Triumph" motosiklı idi.

İlk, həqiqətən iş qabiliyyətli ABS – almanlar tərəfindən icad edildi. Bosch ilə yanaşı, 1964-cü ildən etibarən "Teldix GmbH" şirkəti ABS yaradılması üzərində işləməyə başladı. Onun mühəndisi Hainz Liber (Heinz Liber) gələcək ABS-in əsas təməllərini hazırladı. Daha sonra Daimler-Benz-də elektrik və elektronika şöbəsinə rəhbərlik etdi və 1970-ci ildə Daimler-Benz ilk əməliyyat ABS-nin yaradıldığını təntənəli şəkildə elan etdi. "ABS 2" adlı sistem – elektron nəzarət cihazından, hər təkərdə quraşdırılmış sürət ölçənlərdən və əyləc dövrəsində iki və ya daha çox hidravlik klapandan ibarət idi. Sistem müxtəlif təkərlərin fırlanma sürətlərindəki fərq barədə məlumatlar sayəsində işləyirdi: əgər onlar, fərqli sürətlərdə fırlansalar, əyləc gücünü təyin edən nəzarətçi, fırlanma sürətini bərabərləşdirirdi. Bundan sonra sistem əyləc gücünü artırmağa imkan verdi.

Bu sistemin hərtərəfli sınaqları bir əhəmiyyətli çatışmazlığı – elektron komponentlərin etibarsızlığını üzə çıxardı. Daimler – Benz-in təklifi ilə Liberdən asılı olmadan işləyən və avtomobil elektronikası sahəsində geniş təcrübə qazanan Bosch mühəndisləri layihəyə cəlb edildi.

Beləliklə, seriyalı kilidləmə əleyhinə sistemi yaratmaq üçün Liberin uğurlu fikirləri və Bosch mühəndislərinin rəqəmsal elektron komponentlərin hazırlaması və istehsalındakı geniş təcrübəsi birləşdirildi. 1970-ci illərin ortalarında ABS, seçimli olaraq dəbdəbəli sinifli (müştərinin istəyi və əlavə ödənişə görə), 1978-ci ildən isə standart olaraq iki alman - Mercedes Benz W116 (S-class) və BMW 7 seriyalı avtomobillərində quraşdırılmağa başlandı, o dövrdəki sistemin dəyəri bütün avtomobilin dəyərinin təxminən 10%-i idi. 2004-cü ilin iyul ayından etibarən AB ölkələrində satılan hər yeni avtomobil standart olaraq ABS sistemi ilə təchiz olunmalıdır.

Tərcümə etdi: Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh