"Mercedes-Benz EQXX" konsepti debüt edib
Mercedes-Benz şirkəti Vision EQXX konseptini təqdim edib. Dördyerli elektromobil elmin müəyyən sahələrində əldə olunmuş nailiyyətlərin nümayişçisi kimi çıxış edir: bunlara aerodinamikanı, batareyaları və kompozit materialları misal gətirmək olar. Məsələn, dolu batareya ilə elektromobil min kilometr məsafə qət edə bilər. Bununla belə, onun batareyası EQS modelində olduğundan 30% yüngüldür. Üstəlik, prototip günəşdən enerji alır, onun bort elektronikası isə impulslu neyron şəbəkələrin idarəetməsi altında çalışır.
Diqqəti çəkən ilk şey Vision EQXX konseptinin heç bir Mercedes-Benz modelinə bənzəməməsidir. Kamma quyruğu olan axıntılı kuzov 2015-ci ilin Concept IAA konseptinə açıq aydın işarədir. Bununla belə, yeni konseptdə aerodinamika üzərində çalışmalar tam yeni səviyyəyə çatıblar. İstehsalçı kuzovun aerodinamik müqavimət əmsalının rekord göstəriciyə - 0,17-yə bərabər olduğunu bildirib. Belə göstərici ön tərəfin kiçik sahəsi, kabinin damcı şəkilli forması, 50 millimetr daraldılmış arxa təkər izi, habelə passiv və aktiv aerodinamika sayəsində əldə edilib.
Məsələn, ön bamperə çəpərçiklər və hava yönləndiriciləri quraşdırılmışdır ki, onlar da təkər tağları zonasındakı hava burulmasını azaldır və hava axınlarını kapot vasitəsi ilə hərəkətli soyutma jaluzilərinə yönləndirirlər.
Maqneziumdan hazırlanmış 20-düymlük təkər disklərinin şəffaf qapaqlarının altında elektromotorun misdən sarınması olan statorunu xatırladaq naxış gözə çarpır. Bridgestone Turanza Eco şinləri yırğalanmaya qarşı çox kiçik müqavimət əmsalına malikdirlər. Arxada irəli çıxan diffuzor quraşdırılıb. Bu element çox yüngüldür və zərbə təhlükəsi olduqda avtomatik olaraq kuzovun altına yığışdırılır.
Vision EQXX prototipinin əsasını yığcam və orta ölçülü elektromobillər üçün nəzərdə tutulmuş yeni Mercedes-Benz Modular Architecture (MMA) arxitekturası təşkil edir. Prototipin arxa hissəsindəki yüngül alüminium alt çərçivə topoloji optimallaşdırma alqoritmlərindən istifadə etməklə (yəni yüklənməmiş yerlərdə boşluqlarla) tökülür.
Bərkidicilər təkrar emal edilmiş UBQ Materials plastikindən 3D printerində çap olunublar. Eyni texnologiyadan qabaq amortizatorların qübbələri (asqı komponentləri onlara bərkidilir), eləcə də seriya EQS modelindən götürülmüş şassi elementləri üçün istifadə olunur.
Mercedes-Benz şirkəti kuzov üçün ilk dəfə dünyanın ən möhkəm və ən yüngül ərintilərindən biri olan MS1500 martensitik poladını istifadə edib. Yastı məmulatlar elektrik qövs sobasından istifadə edilərək qırıntılardan hazırlanır və istehsal zamanı 70% az CO₂ ayırırlar. Konseptin qapıları hibrid kompozitdən hazırlanır: bu material liflə gücləndirilmiş plastikdən və alüminium möhkəmləndiricilərindən ibarətdir.
Silisium-karbid yarımkeçiriciləri olan güc qurğusu Mercedes-AMG High Performance Powertrains ilə əməkdaşlıqda hazırlanıb. Onun gücü o qədər də böyük deyil (arxa oxdakı elektrik mühərriki 150 kilovat və ya 204 at qüvvəsinə malikdir), lakin aqreqatın səmərəliliyi təxminən 95 faizdir.
1000 kilometr yürüş ehtiyatını təmin edən 900 voltluq 100 kilovat-saat tutumu olan batareya "hava axınının innovativ idarəolunmasına və soyuducu lövhənin istifadəsinə" əsaslanan passiv termotənzimləmə sisteminə malikdir. Tutumuna görə EQS modelinin batareyasına yaxın olan akkumulyator 50% kiçik və təxminən 30% yüngüldür.
Vision EQXX konseptinin damında Almaniyanın Fraunhofer adına Günəş enerji sistemləri institutu tərəfindən hazırlanmış 117 günəş batareyası özəkləri quraşdırılıb. Aydın havada onlar avtomobili əlavə 25 kilometr yürüş məsafəsi ilə təmin edirlər, çünki onlar köməkçi istehlakçıların (işıqlandırmadan kondisionerə və media sisteminə qədər) qoşulduğu yığcam litium-dəmir-fosfat batareyasını dolduracaqlar. Sonuncu 7680x660 piksel təsvir ölçüsünə və enerjiyə qənaət üçün üç min yerli "qaraltma zonasına", habelə mini-LED işıqlandırmaya malik olan və ön panelin eni boyu uzanan (1,21 metrlik) genişformatlı əyri 8K ekranıdır.
Vision EQXX modelinin sərnişinlərinin xidmətində qeyri-verbal ünsiyyətin əsaslarından agah olan virtual köməkçi durur. Avtomobilin rəqəmsal avatarı kimi məlumatların daxil olması ilə formasını dəyişən ulduzlu bulud seçilib. Əlavə olaraq Sonantic firması Hey Mercedes səs köməkçisini yaxşılaşdırmağa yardım edib: maşın təlimi alqoritmlərindən istifadə edərək, köməkçini daha təbii və hətta emosional “danışmağı” öyrədiblər.
Bütün bu yeniliklər 4D səs sistemi ilə sıx şəkildə qarşılıqlı şəkidə çalışırlar. Yeni səs sistemi dinamiklərin sayı ilə öyünə bilər – titrəyişli dinamiklər birləşdirilmiş genişzolaqlı səsləndiricilər cütlüyü oturacaq başlıqlarında quraşdırılıb. Bununla belə, bütün salon bir neçə səs zonasına bölünüb və sürücü intuitiv siqnallar şəklində fərdi məsləhətlər alır.
Vision EQXX konseptinin sistemi səs və jestləri neyromorf prossesorların və Kaliforniyada fəaliyyət göstərən BrainChip şirkətinin xüsusiləşdirilmiş Akida softu sayəsində tanıyır. Bu qurğular quruluşuna görə insan beynini xatırladır. Onlarda impulslu neyron şəbəkəsini təşkil edən neyronlar və analoq sinapsları vardır. Neyromorflu çiplər “dərin təlimi” dəstəkləyir və xarici məlumatlar bazasını tələb etmirlər, çünki bütün məlumatlar süni neyron-tranzistorlarda saxlanılır.
Onlara əsaslanan neyron şəbəkələrin sürəti adilərindən 100 dəfə çoxdur, enerji istehlakı isə millivatlarla ölçülür. Artıq bu gün neyromorf hesablamalar Hey Mercedes frazasının dəqiqliyini 5-10 dəfə artıra bilərlər.Lakin Mercedes-Benz bu texnologiyanın başlanğıc mərhələsində olduğunu və onun tamamlanmasına bir neçə il tələb olunduğunu bildirib.
Nəhayət, interyer tərtibatında almanlar bütün dünya üzrə startaplar tərəfindən hazırlanmış bir sıra innovativ materiallardan istifadə ediblər. Məsələn, AMSilk şirkətinin bioloji cəhətdən parçalana bilən liflərdən hazrılanmış Biosteel parçasıdan qapı qayışları üçün istifadə olunur. Göbələklərin miselyumundan əldə edilən Mylo dəri əvəzləyicisi və onun bənzəri olan kaktus liflərinə əsaslanan Deserttex oturacaqların və mərkəzi tunelin üzlənməsinə sərf olunur. Konsept xalçaları bambukdan, sükan çarxı Dinamica mikrofiberi ilə örtülmüş, örtmələr isə UBQ bioplastikindən hazırlanmışdır.
autograph.az