"Mercedes": bir markanın tarixçəsi - FOTOLAR
Təşəkkül və inkişaf
Hər şey daxili yanma mühərrikinin (DYM) ixtirası ilə başladı.
1886-cı ildə alman mühəndis Qotlieb Daymler və Vliilhelm Maybak birlikdə benzinlə işləyən ilk DYM-ni hazırladılar. 1890-cı ildə isə onlar “Daimler Motoren Gesellschaft” şirkətini təsis etdilər. 29 yanvar 1896-cı ildə soyuq bir qış günündə alman mühəndis Karl Benzin qarajından üçtəkərli nəqliyyat vasitəsi çıxdı. Artıq yeni ixtira dünyaya səs salmışdı. İki alman beləcə avtomobil sənayesinin əsasını qoydular. Sonradan onların cərgəsinə Rudolf Dizel, Ferdinand Porşe, Adam Opel kimi dahilər qoşulacaqdı.
Karl Benzin avtomobillərinin əsas müştərisi olan Emil Jelinek 1902-ci ildə Avstriya-Macarıstan, Fransa, və ABŞ-da satmaq üçün eksklüziv müqavilə imzaladı. Müqavilənin əsas şərti hazırlanacaq avtomobillərə Jelinekin 13 yaşlı qızı Mersedesin adının verilməsi idi. Beləcə ilk “Emil Jellinek-Mercedes”lər hazır oldu. Bunun ardınca isə Jelinek idman yarışları üçün “Mercedes 35 HP” modelini sifariş verdi. Bu modellə də klassik avtomobillərin indiyədək dəyişməyən sxemi hazır olur (mühərrik + sürət qutusu + aparıcı arxa körpü). Bu avtomobilin Emil Levassorun avtomobilindən fərqi kardan-reduktor ötürməsi idi.
1909-cu ildə isə Qotlieb Daymler ixtira etdiyi modellərinin təyinatını açıqlayır: yer, su hava. Bu ideya bir mərkəzdən çıxan 3 şüa ilə ifadə edildi: Beləliklə də “Mercedes”in loqosu ortaya çıxdı. Yarandığı gündən bu loqo cüzi dəyişikliyə uğrayıb. 1911-dən etibarən bu loqo bütün “Mercedes” avtomobillərini bəzəyir.
Firmanın tarixi günləri
1883. 16 dekabrda Qotlieb Daymler qaz mühərrikinə dair patent alır. Bir həftə sonra isə o, “çıxış klapanının köməyi ilə mühərrikin sürətinin tənzimlənməsi” layihəsini patentləşdirir. Bununla da ilk sürətli DYM-nin əsası qoyuldu.
1885. 29 avqustda Daymler “qaz və ya benzin mühərrikli “Reitwagen””i (araba) patentləşdirir. Bu hadisə avtomobil tarixinin ilk dövrünün başlanğıcı hesab edilir.
1886. 29 yanvar tarixində Karl Benz özünün üçtəkərli motorlu arabasını təqdim edir. DRP No37435 saylı patent vəsiqəsini ilk avtomobilin “doğum şəhadətnaməsi” də hesab etmək olar.
1888-ci ildə isə Karl Benzin arvadı Berta iki oğlu ilə birgə Manheymdən Profzeymə gedib qayıdır. Bu 110 kilometrlik yürüş həm də avtomobillə ilk ən uzaq səfər idi. Belilklə, Berta ərinin ixtirasını reklam edir. Bundan bir ay sonra 29 sentyabrda isə Benz artıq ABŞ-da fəaliyyət göstərmək üçün lisenziya əldə edib.
1889-cu ildə Karl Benz ikisilindrli V2 mühərriki hazırlayıb.
1890-cı ilin yazında Vilhelm Maybax 4 silindrli 4 taktlı mühərriki təqdim edib. 153 kq kütləsi olan bu avtomobil 5 at gücü hasil edə bilirdi. Eyni ilin noyabrında Ştutqart şəhər notariusu “Daimler-Motoren-Gesellschaft (DMG)” şirkətini rəsmən qeydiyyata alır.
1892-ci ildə Maybak və Daymlerin ərsəyə gətirdiyi “Phoenix” mühərriki sonradan avtomobil, kater və aeroplanlarda tətbiq edilir.
1893. İngilis iş adamı Fridrix Riçard Sims “Daimler Motor Syndicate Ltd” şirkətini təsis edir. Şirkət ilk vaxtlarda mühərrik istehsal etməsə də, bu tarix ingilis avtomobil sənayesinin başlanğıcı hesab edilir.
1894-cü ildə Benz “Velo-Motorwagen”i (Velosiped) patentləşdirir. Bu, artıq seriya ilə avtomobil istehsalının başlanğıcı idi. Həmin ilin 22 iyulunda dünyada ilk avtomobil yarışı keçirilir. Paris-Ruan rallisində iştirak edən 21 avtomobildən 15-i finişə çatır ki, bunların arasında Bensin və Emil Levassorun avtomobilləri də vardı.
1895. 18 martda “Daimler-Motoren-Gesellschaft” Kronştad şəhərində ilk yük avtomobilini təqdim etdi. Bu avtomobildə 4 at gücünə malik 2 silindrli mühərrik quraşdırılmışdı.
1897. 16 iyunda Daymler ilk motorlu taksini ştutqartlı iş adamına təqdim etdi.
1923-cü ildə Berlindəki sənaye sərgisində “Mercedes” ilk dizel mühərrikli yük avtomobilini təqdim etdi.
1924-cü ildə “Daimler Motoren Gesellschaft la Benz & Cie” şirkətləri ortaqlı iş görməyə başlayır. 1926-cı ildə 2 firmanın birləşməsi ilə “Mercedes-Benz AG” ortaya çıxır.
1926-cı ildəki birləşmə firmaya çox sayda bacarıqlı mühəndisin təcrübəsindən istifadə etməyə imkan verdi. Həmin ildə Ferdinand Porşenin hazırladığı “K” (kompressor) versiyası dünyanın ən sürətli avtomobillərindən oldu. 6 litrlik bu avtomobili yüksək sürətinə görə (145 km/saat) “ölüm tələsi” adlandırırdılar. Bu modellə S seriyasının əsası qoyuldu. 1928-ci ildə Porşe şirkətdən ayrılır. Onu əvəz edən Hans Nibelin rəhbərliyi ilə yeni “Nurburg-500” modeli (8 silindr 5 litr) hazırlanır.
Nəhayət 1930-cu ildə “Großer Mercedes” (Böyük Mercedes) və ya “Mercedes-Benz 770” ərsəyə gəlir. Bu avtomobil 8 silindrli 200 at gücü mühərriklə təchiz edilmişdi. 1931-ci ildə firma kiçik qabaritli avtomobillər istehsal etmək niyyətinə düşür. Bu seriyadan olan ilk “Mercedes 170” çox uğurlu alınır. 1,7 litrlik mühərriki olan avtomobil həm də müstəqil arxa asqıya malik idi.
1933-1940-cı illrdə firma kiçik “Mercedes 130” “Mercedes 200” modellərini və bahalı “Mercedes 380” və “Mercedes 500K” (sonradan Mercedes-Benz 540K) modellərini hazırlayır. Bu modellər də çox uğurlu alınır.
1931-ci ildən başlayaraq yük avtomobilləri L hərfi ilə işarələnməyə başladı (Lastwagen, yəni yük avtomobili). 1938-ci ildə alman hökuməti şirkətə iki oxlu 3, 4 və 6 tonluq yük avtomobilləri istehsal etmək üçün lisenziya verdi. Müharibə illərində isə “Mercedes” alman ordusu üçün 64 000 yük avtomobili istehsal etdi. Müharibə dövründə “Mercedes”in zavodlarında əsirlərindən işçi qüvvəsi kimi geniş istifadə edildi. 1944-cü ildə belə işçilərin sayı 30 000-ə çatırdı.
İkinci Dünya Müharibəsi markanın tarixində dərin iz buraxdı. Müharibənin ilk illəri firma üçün uğurlu oldu. Reyxin ordusu üçün avtomobil istehsal edən firma bu sahədə çox böyük təcrübə əldə etdi. 1944-cü ildə isə “qara günlər” başladı. Sovet ordusu və müttəfiqləri “Mercedes”in zavodlarını bombalamağa başladı. 1944-cü ilin sentyabrında ingilis aviasiyasının bombardmanı nəticəsində “Daimler-Benz Aktiengesellschaft” yerlə yeksan oldu. Ştutqart, Zindenfilqen və Haqqenaudakı zavodlar, Berlindəki dizel mühərrikləri zavodu demək olar tamamilə məhv olur. Yalnız Mnheymdəki zavodun “bəxti gətirir”. Bombardman nəticəsində zavodun cəmi 20%-i dağıldı.
1945-ci ildə firmanın direktorlar şurasının yekun qərarında vəziyyət belə təsvir edilir: “Daimler-Benz” fiziki olaraq mövcud deyil.
Ardı olacaq
Fotolar Fransanın Milli Avtomobil Muzeyində çəkilib.
Vüqar Yaşaroğlu