Mingəçevir trolleybusu və ya elektrik nəqliyyatının tabutundakı son mıx - FOTO
Ötən əsrin ortalarında təməli qoyulan Mingəçevirdə böyük sənaye müəssisələri olsa da, bura daha çox energetiklər şəhəri kimi tanınıb. Əlbəttə ki, bu tam təbii idi. Keçmiş SSRİ-nin ən böyük SES-lərindən biri burada qərar tutmuşdu. Lakin şəhərdə Yol təmiri maşınları zavodu (xalq arasında rus abreviaturası olan DORMAŞ tərcih edilir), kabel zavodu, toxuculuq fabriki kimi sanballı müəssisələr vardı. Lakin əhalinin sayına görə Mingəçevir Gəncə və Sumqayıtdan geri qalırdı. Şəhərdə nəqliyyat sistemi də inkişaf edirdi. Mingəçevir Qafqazın ən böyük enerji istehsalçısı olsa da şəhərə elektrik nəqliyyatı çox gec gəlib çıxdı.
Avtosfer.az-ın xəbərinə görə, keçmiş SSRİ-də yalnız əhalisi yüz mindən çox olan şəhərlərdə trolleybus nəqliyyatının işə salınmasına icazə verilirdi. Lakin ittifaqın bir neçə şəhərində bu qaydadan kənara çıxıldı. Mİngəçevir də bu sırada idi. Şəhərin yüz mininci sakini dünyaya gəldikdə artıq SSRİ adlı dövlət yox idi (2008-ci ilin siyahıyaalmasına görə şəhərin 118 000 sakini var).
Beləliklə, Azərbaycanın ən gənc trolleybus şəbəkəsi bu şəhərdə yenidənqurmanın son dövründə işə salındı. 19 mart 1989-cu ildə sınaq hərəkətləri başladı. Trolleybuslar müntəzəm sərnişindaşıma üçün xəttə 15 apreldə çıxdı. Gənc olmasına baxmayaraq Mingəçevir trolleybus şəbəkəsi Azərbaycanda ən dəqiq elektrik nəqliyyat sisteminə çevrildi. Burada kontakt xəttinə, maşın və avadanlıqlara müntəzəm qulluq edilməsi sayəsində sistem çox gözəl işləyirdi. İlk illərdə heç bir nəqliyyat trolleybusla ayaqlaşa bilmirdi. 1992-ci ilə olan məlumata görə, şəhərdə 19 ədəd “ZİU-9” trolleybus işləyirdi. Burada yaşayan qohumlarım da ilk dövrlərdə trolleybusların “saat kimi” dəqiq işlədiyini xatırlayırlar.
Şəhərdə marşrut sayı az olsa da, əsas ərazini əhatə edirdi:
1. Bağçılıq təsərrüfatı – Azərbaycan DRES qəsəbəsi
2. Varvara – Depo – Varvara
3. Dormaş – Depo
Cədvəldən göründüyü kimi, trolleybus xətləri sənaye zonası ilə yaşayış məntəqələrini əlaqələndirən əsas nəqliyyat olub, başqa sözlə Kürün 2 sahilini birləşdirib. Xəttin ümumi uzunluğu 2000-ci ildə 34 km idi.
Qara günlər
Azərbaycandakı bütün tramvay-trolleybus sistemləri kimi, 21-ci əsr bu şəhərdə də “buynuzlu nəqliyyat”ın tarixinə qara hərflərlə yazıldı. Müstəqillikdən sonra başlayan geriləmə ölkənin ən yaxşı işləyən trolleybus təsərrüfatını da vurdu. Bütün maşın və avadanlıqlar köhnəlmişdi. Trolleybusdan əsasən yük (o cümlədən ev quşları) daşımaq üçün istifadə edilirdi. Bakı və Sumqayıtdan sonra 2005-ci ilin dekabrında burda da trolleybuslar xətdən yığışdırıldı. 2006-cı ilin aprelində isə trolleybus nəqliyyatı bir müəssisə olaraq ləğv edildi. 17 yaşında ləğv edilən Mingəçevir trolleybusu (Naxçıvanda təxminən 18 il işləyib) tarixə Azərbaycanın gənc və ən qısaömürlü elektrik nəqliyyatı sistemi kimi düşdü. Trolleybuslar 2 il Kürün sahilindəki qarajda baxımsız vəziyyətdə qaldı, sonradan doğranaraq metaləritmə müəssisələrinə göndərildi.
Hazırda Mingəçevir trolleybusundan heç bir nişanə qalmayıb – arxiv fotolarından başqa.
Son söz yerinə
Mingəçevirdə trolleybusun ləğvi ilə Azərbaycan keçmiş SSRİ-də yerüstü elektrikli şəhər nəqliyyatını tam ləğv edən ilk ölkə oldu. Bundan sonra nəqliyyat sektoru (metrodan başqa) özəlləşdi, səssiz və ekoloji təmiz nəqliyyatın yerini əvvəlcə narahat və təhlükəli mikroavtobuslar, sonradan isə hay küylü, bir il ərzində bərbad hala düşən avtobuslar tutdu. Qarlı havalarda vətəndaşın köməyinə yenə də relsli nəqliyyat (metro) çatdı.
Əziz oxucu. Sizcə energetiklər şəhərinə elektrik nəqliyyatı yaraşmırmı?
P.S. Bu layihədən olan yazıları hazırlayarkən rus mənbələrindən istifadə etdik. Rusiyada Azərbaycandakı elektrik nəqliyyatına dair kitab nəşr olunsa da, ana dilimizdə bu mövzuya dair heç bir məndə yoxdur (Bakı tramvayı barədə bir-birinin təkrarı olan materialları çıxmaqla). Ən yeni Azərbaycan tarixini araşdıranların bu mövzuya müraciət etməsi yerinə düşər.
Vüqar Yaşaroğlu