“Ölüxana”dan alınan maşınlar, həyatları yarıda qoyan qəzalar: Yeni qərar nəyi dəyişəcək?

Avtodünya 3 Aprel 2023 18:50 Oxunub 1562
“Ölüxana”dan alınan maşınlar, həyatları yarıda qoyan qəzalar: Yeni qərar nəyi dəyişəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nazirlər Kabinetinin ölkəyə gətirilən nəqliyyat vasitələri ilə bağlı yeni qərarı bir neçə gündür ki, geniş müzakirələrə səbəb olur.

Belə ki, həmin qərara dair izaha əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Bu qərar bir neçə gündür, müxtəlif istiqamətlərdən şərh edilir. Nazirlər Kabinetinin mövcud qərarda məqsədi Azərbaycanda avtomobil parkının köhnəlməsinin qarşısının alınmasıdır. Lakin digər tərəfdən, köhnə və nisbətən ucuz olan avtomobillərin bahalaşmasına da zəmin yarada bilər.

Eyni zamanda, paytaxtda avtomobillərin sayının çoxluğu bəzən saatlarla çəkən tıxacların əsas səbəblərindəndir.

Bəs Azərbaycan daxilində avtomobil istehsalı tələbatı ödəmirsə, insanların ölkəyə öz büdcələrinə uyğun avtomobil gətirmələrinin məhdudlaşdırılması ədalətli qərardırmı?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizə gətirilən buraxılış ili köhnə olan avtomobillər öz ölkələrində utilizasiya proqramına düşən nəqliyyat vasitələridir:

“Əksəriyyəti də ABŞ-də suyun altında qalan avtomobillərdir. Bəlli məsələdir, Avropadan gələnlər artıq istifadə müddətini başa vurub. İmkanı zəif olanlar - elə dostlar, qohumlar, tanışlar, görmüşük ki, belə maşını sevinə-sevinə sifariş verir, gətizdirirlər ki, guya ucuzdur. Amma üç-beş ay ərzində o maşına o qədər pul qoyurlar ki, gedib yeni maşın alsaydılar, bəlkə də, daha az ziyana düşərdilər.

Reallıq odur ki, ölkəmizə gətirilən köhnə avtomobillərin 99 faizi problemlidir. Bu, reallıqdır. Bunu mən demirəm, bunu avtomobilin texniki tərəfini bilən mütəxəssislər də qeyd edirlər. O ki qaldı baş nazirimizin qərarına, doğru, dürüst bir qərardır”.

E.Əliyev onu da qeyd edib ki, AADA 2019-cu ildə Nazirlər Kabinetinə bir sıra təkliflər verib:

“Bu təkliflər arasında utilizasiya, müəyyən elektrik, hibrid avtomobillərinə güzəştlər idi. Güzəştlərlə bağlı təklifimiz artıq öz təsdiqini tapıb. Ekologiya Nazirliyi bu yöndə böyük işlər görür. Daha bir təklif isə köhnə avtomobillərin buraxılış illərinə görə ölkəyə buraxılmaması və yaxud da xüsusi mexanizmin hazırlanması idi.

Bəlli məsələdir ki, ancaq xüsusi mexanizm hazırlansa, böyük problemlər ola bilərdi. Belə ki, gətirilən maşın ölkəyə çatanda yararsız vəziyyətdə olarkən onu sərhəddə saxlamaq mümkün olmayacaqdı. Ona görə məsələnin asan, rahat çıxış yolu o idi ki, avtomobilə istehsal ilinə görə qadağa qoyulsun. İlə görə qadağa qoyulması məsələsi, əslində, bu gün rəsmi işləyən və balansında xeyli işçi olan, dövlətə vergi ödəyən, sosial müdafiəyə pul ödəyən şirkətlərin də əlbəttə ki, yolunu açır və onların bazarını artırır. Bundan başqa, bu bizim ekologiyamız üçün faydalı bir şeydir. Yəni hazırda Bakıda əvvəlki kimi rahat nəfəs ala bilmirik, tullantı qazları səhhətimizə birbaşa ziyandır. Ona görə də qərar ekoloji baxımdan da müsbət addımdır”.

Nazirlər Kabinetinin qərarının tıxac məsələsinə təsirindən də danışan ekspert Bakının meqapolis olduğuna diqqət çəkib:

“Biz burada tıxacları aradan qaldırmaq istiqamətində nə qədər işlər aparsaq da, yəqin ki, bu problem hələ davam edəcək. Çünki Bakıda əhali sayı çoxdur, bu da məsələnin bir başqa tərəfidir”.

O qeyd edib ki, əsas məsələ avtoparkın yenilənməsidir:

“Bildiyiniz kimi, avtoparkımızda olan maşınların 80 faizindən yuxarısı buraxılış ili 10 ildən yuxarı olan avtomobillərdir. Bu özü böyük bir göstəricidir. Bizim avtoparkımızda olan maşınların 22 faizi buraxılış ili 30 ildən, səkkiz faizi isə buraxılış ili 40 ildən yuxarı olan avtomobillərdir. Yəni avtoparkımız çox köhnədir. Düzdür, Bakıda çox dəbdəbəli, lüks avtomobillər var, amma ümumi götürəndə avtoparkımız çox köhnədir və bu həm ekologiyamıza ziyandır, həm də şəhərimizin görüntüsünü korlayır.

Burada məsələnin daha önəmli tərəfi yerli istehsal məsələsidir. O bizdə məhdud saydadır. Amma yerli istehsal, yəqin ki, büdcəsi məhdud insanların avtomobil əldə etmələrinə böyük dəstək olacaq. Mən buna əminəm. Yerli istehsal sahələrimizdən olan istər “Azərmaş” və balansındakı Hacıqabul, Neftçala Sənaye parklarındakı zavodlar olsun, istərsə də Naxçıvan Avtomobil Zavodu olsun, yəqin ki, bu qərardan sonra istehsalda öhdələrinə yeni planlar qoyulacaq. Əminəm ki, bu mənada yerli istehsal maddi durumu zəif olan təbəqənin avtomobillə təmin olunması üçün böyük cəhdlər göstərəcək, bu həm də onların özü üçün böyük şansdır.

Ölkədə, ola bilər ki, bəzi işbazlar, maşın alverçiləri süni yolla köhnə avtomobillərin qiymətini qaldıracaqlar. Bu, bəlli məsələdir, amma avtosalonlar, rəsmi dilerlər heç də bu mövqedə deyillər. Rəsmi dilerlər, əksinə, maksimum dərəcədə, bacardıqca müəyyən dönəmlərdə endirimlər etməyə çalışırlar ki, vətəndaşlarımız yeni avtomobil alsınlar. Yaxın altı ay ərzində, bəlkə də, ilin sonuna qədər mümkündür ki, Mərkəzi Bank yeni avtomobillərə ilkin ödəniş faizini 40 faizdən 20 və ya 15 faizə qədər salsın. Bu çox sevindirici hal olardı. Necə ki hazırda elektrik avtomobillərinə ilkin ödəniş 10 faiz, hibrid avtomobillərinə ilkin ödəniş 20 faizi təyin edilib, bunun benzinlə çalışan avtomobillərə də tətbiq olunması bizim avtoparkımızın daha da sürətlə cavanlaşmasına və paytaxtımızın tam yaxşılaşmasına gətirib çıxara bilər”.

Nəzərə almaq lazımdır ki, qərara qədər xarici ölkələrdən avtomobil sifariş edən şəxslər var. Onların yolda olan nəqliyyat vasitələri ilə bağlı Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirdi. Bu qərarla bağlı Dövlət Yol Polisinin də mövqeyini öyrənmək istədik.

Çünki indiyə qədər ili köhnə, ciddi deformasiyaya uğramasına rəğmən ölkəyə gətirilən bir çox nəqliyyat vasitələrində hava yastığı açılıb və sonradan bərpa olunmayıb, eləcə də ekoloji təmiz adıyla gətirilən bəzi avtomobillərdə katalizatorun olmadığı və ətraf mühitə ziyan vurduğu bəlli olub.

Bəs bu, ağır və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olmayıbmı?

Bu barədə Oxu.Az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, əlbəttə, ölkəmizdə qəzaların statistikasına baxsaq, görərik ki, yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları istehsal ili köhnə və ya təhlükəsizlik avadanlıqları olmayan avtomobillərdə daha çox baş verib:

“Təəssüf ki, bəzən biz belə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının şahidi oluruq. Qəzalar zamanı nəticə isə çox ağır olur. Hazırda ölkəmizə gətirilən və Dövlət Gömrük Komitəsinin müvəqqəti saxlanc ərazisində qəzalı halda olan çoxsaylı nəqliyyat vasitəsi görmək olar. Vətəndaşlar nisbətən ucuz qiymətə xaricdən istifadəyə yararsız avtomobilləri alıb, yüngül təmir etdikdən sonra öz həyatlarını riskə atırlar.  Bu gün bir çox ölkə avtoparkın yenilənməsi ilə yollarda ölüm hallarının qarşısının alınmasında böyük nəticə əldə edə bilib. Qəza sayına görə bəzi Avropa ölkələri bizdən çox daha yüksək statistikaya malik olsa da, bu qəzaların ağırlıq dərəcəsini azalda biliblər. Bu nəticəyə də həm avtomobil parkının yenilənməsi, həm də daha müasir təhlükəsizlik elementləri olan avtomobillərin sayının çoxaldılması ilə nail olublar. Bu səbəbdən ölkəmizdə də avtomobil parkının yenilənməsinə böyük ehtiyac var idi və düşünürəm ki, bu qərar bu prosesi daha da sürətləndirəcək. Avtomobil parkının yenilənməsindəki məqsəd isə sırf insan təhlükəsizliyinə və ətraf mühitin qorunmasına yönəlmiş bir addımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh