“Pobeda” mühərrikli ilk “yerli” türk avtomobili – yaxın tarix - FOTO - VİDEO
Türkiyədə yeni Togg elektromobili barədə məlumatlar çoxaldıqca tarixə ekskurs edənlərin də sayı artır. Türk mediası ən çox ilk yerli avtomobil hesab edilən “Devrim” barədə məlumat yayır. Bəs necə oldu ki, Türkiyənin böyük həvəslə gözlədiyi “Devrim”, özlərinin təbirincə desək yolda qaldı?
Avtosfer.az xəbər verir ki, hər şey Türkiyənin dördüncü prezidenti Camal Gürsəlin (1961-1966) 15 may 1961-ci ildə təşkil edilən Avtomobil sənayesi konqresində çıxışı ilə başladı.
“Vaxtaşırı olaraq Türkiyənin aqrar ölkə olduğunu deyirlər. Bu sözlərdə həqiqət var. Kənd təsərrüfatında da uğur əldə edə bilərik, lakin ot satmaqla nəticəyə varmaq mümkün deyil. Bir gəmi dolusu pambıq əvəzində cəmi 7-8 avtomobil ala bilirik. Bir gəmi pambığın hansı əziyyətlə ərsəyə gəldiyini siz də təsdiqləyərsiniz. Bunun üçün sənaye də lazımdır” deyən prezident bir-neçə cümlə ilə Türkiyənin iqtisadi vəziyyətini xarakterizə etdi.
“Mədəni bir ölkə nəqliyyat vasitəsini özü istehsal etməlidir. Türkiyədə avtomobil istehsal etmək qeyri-mümkündür deyirlər. Bu tamamilə qara bir təfəkkürün məhsuludur” sözləri məmurlar arasında təşviş doğurdu. Hər kəs avtomobil idxalını daha üstün tuturdu. Lakin Paşa (yaş və subordinasiya fərqinə baxmadan hamı general Camal Gürsələ “paşam” deyə müraciət edirdi. Camal paşa özü də bu müraciət fomasından narahat olmurdu. Ona yalnız əcnəbilər prezident deyirdilər) israrlı idi.
Konqresin ardınca 22 aprel 1961-ci il tarixində Baş nazirlik tam məxfi qrifi ilə Maliyyə Nazirliyinə bildiriş göndərdi. Layihənin həyata keçirilməsi üçün Dövlət Dəmir Yollarının Eskişehirde texniki xidmət emalatxanası seçildi. Ankara, Sivas və Adapazarındakı fabriklər və Türkiyənin ən təcrübəli mühəndisləri layihəyə cəlb edildi. Layihə dövlət başçısı Camal Gürsəlin birbaşa nəzarəti və 23 mühəndisin səyi nəticəsində 129 gün ərzində başa çatdırıldı. İlkin olaraq layihəyə 1.400.000 lirə vəsait ayrılmasına baxmayaraq, sonradan məmurlar məbləği 900.000 TL-yə endirməyə “müvəffəq oldular”.
Əvvəlcə avtomobillərin eskizi tərtib edildi. Kütləsi təqribən 1 ton olacaq avtomobillərin 4 və ya 5 nəfərlik, orta sinif olmağı planlaşdırılırdı. Mühərrik 4 taktlı və 4 silindrli, 50-60 at gücündə olmalı idi. “Devrim” (Azərbaycan dilində bu söz “inqilab” mənası verir) dizayn etibarilə heç bir avtomobilə bənzəməməli idi. Türk mühəndisləri tamamilə yeni model hazırlamalı idilər. Buna görə də tökmə metal və digər ştamplanmış hissələr yerli fabriklərdə istehsal edildi. Uyğun gəlməyən detallar pres və çəkiclə düzəldildi.
Mühərrik kimi “Warszawa”nın (“Gaz M-20 Pobeda”nın Polşada istehsal olunan variantı) 4 silindrli mühərriki seçildi. Türk mediası o dövrdə yazırdı ki, ühəndislər qənaət üçün 4 silindrli yuxarı qaz paylama vallı mühərrik hazırladılar. Halbuki bu fakt doğru deyil. Sovetin “Pobeda”sında qazpaylama valı aşağıda olsa da, polşalı mühəndislər artıq valı yuxarı qaldırmışdılar. Amma hər bir halda 40-cı illərin ortalarında layihələmndirilmiş mühərrik köhnə idi.
Hazırlıqlar bayrama 1 gün qalmış başa çatır. Avtomobillər gecə ikən Ankaraya gətrilmək üçün qatara yükləndi və son tamamlama işləri elə vaqonda aparıldı.
Avtomobillər (krem rəngli “Devrim-1” və qara rəngli “Devrim-2”) səhər tezdən motosikletçilərin müşayiəti ilə Türkiyə Böyük Millət Məclisinin qarşısına gəlir. Eskişehirdən gələrkən yanğın ehtimalına qarşı avtomobillərə cəmi bir-neçə litr benzin tökülmüşdü. Məclis önünə gedərkən də yanacaqdoldurma stansiyasına girmək yaddan çıxır. Avtomobillər 29 oktyabr 1961-ci ildə dövlət başçısına təqdim olundu.
“Bir həqarət hissi ilə bizdə avtomobil hazırlamaq qeyri-mümkündür deyənlər utansınlar” söyləyən Camal paşa Anıt qəbirə getmək üçün qara “Devrim”ə əyləşir. Lakin bir-neçə yüz metr gedən avtomobil benzin qurtardığı üçün dayanır. Təmkinini pozmayan Camal Gürsəl avtomobildən düşərək o biri “Devrim”ə minir və onu əhatə edən jurnalist kütləsinə sonradan aforizmə çevriləcək sözünü deyir: “Qərb təfəkkürü ilə avtomobil hazırladıq, Şərq təfəkkürü ilə benzin tökməyi unutduq”.
Ertəsi gün media “Devrim”in 100 metr gedib xarab olduğunu manşetə çıxarsa da prezidentin digər Devrimlə Anıtkabirə getdiyini yazmağı “unudur”. Hamı dövlətin 1 milyon lirəsinin hədər getdiyini iddia edir. Halbuki həmin il ölkədə at cinslərinin yaxşılaşdırmaq üçün ayrılan 25 milyon lirənin boşa getdiyini heç kim söyləmirdi.
Layihə çərçivəsində 2 “Devrim” avtomobili və 10 mühərrik hazırlansa da sonradan layihə bağlandı, mühərriklər və qara “Devrim” doğranıb əridildi. Krem rəngli “Devrim” isə bu gün Eskişehirdə muzeydədir. 17 000 km qət etmiş avtomobil saz vəziyyətdədir. Avtomobilin necə ərsəyə gəlməsi “Devrim arabaları” filmində ustalıqla təsvir edilib.
Nəticə
“Devrim” öz adını doğruldaraq türk avtomobil sənayesində inqilaba səbəb oldu. Bu avtomobilin ərsəyə gəlməsi ilə “Türkiyə hara avtomobil istehsalı hara” fikri də şüurlardan silinməyə başladı. Bu gün türk avtomobil sənayesi çox sayda avtomobil və ehtiyat hissələri ixrac edən gücə çevrilib.
Həmin dövrdə yerli avtomobil istehsalına mane olan qüvvələr barədə çox danışılıb. Əksər müəlliflər bunu xarici qüvvələr və onların yerli əlaltılarının “zəfəri” kimi təqdim edib. Bu iddialarda həqiqət payı şübhəsiz ki var. Lakin əsəs səbəbi türk jurnalist Nəcati Doğru deyib: “62 il əvvəl yerli avtomobil layihəsinin iflasında xarici güclərin rolu şişirdildi... Amma kütləvi istehsala keçidin baş tutmamasının səbəbi rəqabətədavamlı məhsulun ortaya qoyulmaması idi.”