İşlənmiş "Toyota Prius" alanlar bunları bilməlidir: mənfi və müsbət cəhətləri

Avtodünya 21 May 2020 21:42 Oxunub 10868
İşlənmiş "Toyota Prius" alanlar bunları bilməlidir: mənfi və müsbət cəhətləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan bazarında bu avtomobillərin sayı artıb

Son zamanlar Azərbaycanda Toyota “Prius”(hibrid) avtomobillərinin sayı durmadan artır. Bu avtomobillər yanacağa qənaət etdiyi üçün (100 kilometrə şəhər içi 4-5 litr yanacaq yandırır) ilk baxışdan hər kəsin diqqətini cəlb edir. “Prius” avtomobillərini vətəndaşlar daha çox Gürcüstandan gətirirlər. Oraya isə avtomobillər əsasən ABŞ-dan, az bir qismi isə Avropadan gəlir. 

ABŞ-da qəzalı vəziyyətdə olan bu avtomobillər auksiona çıxarılır. Alınan “Prius”lar təxminən 2 aya Gürcüstana, oradan isə Azərbaycana gəlir. Onlar qəzalı vəziyyətdə olduğu üçün öncə ustaya aparmaq lazım gəlir. Eyni zamanda son zamanlar Amerikadan öz adlarına “Prius” sifariş edən azərbaycanlıların da sayı çoxalıb. 

Bu avtomobillər də eyni qayda üzrə Gürcüstana gəlir, oradan isə alan şəxs tərəfindən ölkəyə gətirilir.  Bazalarda daha çox istehsal ili 2008-2010-cu il olan “Prius”lar satılır. Bu gün Azərbaycan bazarında “Prius”ların detalları əvvəlki illərlə müqayisədə çoxdur. Lakin əksər şəxslər ucuz olduğu üçün detalları Gürcüstandan almağa üstünlük verirlər. Hazırda koronavirusla bağlı sərhədlər bağlı olduğu üçün bu avtomobillərin bəzi detalları bazarda tapılmır. 

Bu barədə Musavat.com-a “Prius” sürən şəxslər məlumat veriblər. Sürücülər bildirirlər ki, “Prius”ların ən çox qulluq tələb edən hissəsi batareyalardır. 28 elementdən ibarət olan bu hissənin 1 ədədi 35-50 manatdır. Batareyaları bir-bir çıxarıb, dəyişmək mümkündür. Zavod baterayalara 400-500 min kilometr məsafə limit qoysa da, avtomobilə baxışdan asılı olaraq bu ömür azala bilir. Avtomobilin vin kodu vasitəsilə onun haqqında dolğun məlumat əldə etmək, qəzada hansı detallarının sıradan çıxdığını öyrənmək olur. 

Bəs, həmin avtomobilləri almağa dəyərmi? Onların Azərbaycanda servisi varmı?  

Öncə hibrid avtomobilləri barədə məlumat verək ki, Toyota 1997-ci ildə yeni “Prius” ilə hibrid texnologiyasını təqdim edib. Bildirilir ki, bu avtomobillər aşağı sürətdə (təxminən 60 kilometr/saat) hərəkət edərkən təmiz elektrik enerjisindən, sürət artdıqda isə səmərəli benzin enerjisindən istifadə edir. Lakin sürücülər bildirirlər ki, avtomobilin gücə düşməsindən asılı olaraq (qaz pedalının basılması, yoxuş ərazi və sairə) elektrik enerjisindən benzinə keçid daha aşağı sürətlərdə də mümkündür. Hibrid avtomobillərinin işləmə mexanizmi haqqında çoxsaylı məlumatlar olduğu üçün bu barədə uzun-uzadı yazmırıq...

Musavat.com-a danışan ekspert Elməddin Muradlı bildirib ki, “Prius”lara Azərbaycanda daha çox taksi sürücüləri maraq göstərirlər: “Çünki 60 km/saata qədər yanacaq sərfiyyatı az olur. Bu, sürücü üçün faydalıdır. Ona görə də bir çoxları həvəslənib, “Prius”lara maraq göstərirlər. Lakin təəssüf ki, Azərbaycanda elektromobillərin hələ də böyük servisləri, usta kontingenti yoxdur. Bu baxımdan taksi sürücülərini çıxmaq şərti ilə digər insanlar bunu almağa bir o qədər də risk etmirlər. Lakin taksi sürücüləri kütləvi şəkildə “Prius”ları alırlar və bu maşınların ölkədə satışı yaxşıdır.

Deyim ki, Azərbaycana gətirilən “Prius”ların 70 faizi problemli olur. Həmin avtomobilləri sürmək təhlükəlidir. Çünki bu maşınlar Yaponiyada şüalanmaya məruz qalan, ağır qəzaya düşən avtomobillərdir. Onların xərc tələb edən dövrü Azərbaycana düşür. Bu isə bir müddət sonra Azərbaycanda hibrid avtomobilləri sürənlər arasında mənfi rəy yaradacaq. Çünki işlənmiş maşının bir müddət sonra problemləri çıxır. Sürücü isə bunu həll etmək üçün xeyli pul xərcləyir. Məsələn, batareyaların təmiri ilə bağlı bəzən 5 min manata qədər xərc tələb edilir. Eyni zamanda digər detalların da sıradan çıxması nəticəsində sürücü əziyyət çəkir. Çünki Azərbaycanda  həm detal çətin tapılır, həm də peşəkar usta yox səviyyəsindədir. Sürücü var ki, hissəni sifariş verib, aylarla gözləyir. Belə hallar hibrid avtomobillərinə qarşı ölkədə bir kin yaradır. Lakin ümumilikdə hibrid avtomobilləri digərləri ilə müqayisədə çox faydalıdır. Həm ətraf mühitin qorunması, həm də sürücünün şəxsi büdcəsi üçün hibridlər xeyirlidir. Bu baxımdan düşünürəm ki, insanları bu vəziyyətə salan, işlənmiş hibrid avtomobilinin ümidinə qoyan rüsumlar aşağı salınmalıdır. Elektromobillə güzəşt tətbiq edilib. Lakin bu avtomobillər ölkədə barmaqla sayılacaq qədərdir. Hibrid avtomobilləri isə ölkədə çoxdur və buna maraq da yüksəkdir. Lakin rüsumlar çox olduğu üçün vətəndaşlar təzə avtomobil ala bilmirlər. Nəticədə isə xeyli əziyyət çəkirlər. Bununla da həm Azərbaycanın avtomobil parkı yenilənmir, həm də qəzalar zamanı ölümlər baş verir. Köhnə avtomobilin təhlükəsizliyi də zəif olduğu üçün qəza zamanı ölüm qaçılmaz olur. Ümid edirəm ki, müvafiq qurumlar bu nüansları nəzərə alıb, güzəştlər tətbiq edəcəklər”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh