Banner

Şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb - FOTO + VİDEO

Avtodünya 17 İyun 2024 21:27 Oxunub 4584
Şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər Azərbaycanda gənclər arasında avtomobil sahəsinə maraq artıb. İngilis, rus və türk dillərini bilən 27 yaşlı salyanlı gənc Aqil İbrahimov “AgillaS Alone” adlı idman avtomobil modelinin dizaynını hazırlayıb.

İki təhsili olan Aqil turizm sahəsini bitirsə də, özünü avtomobil sahəsində sınayıb və indi ən böyük arzusu da elə Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır. O, hazırladığı eskizlərin müəllif hüququnun qorunmasını da əvvəlcədən düşünüb. Gənc ixtiraçı deyir ki, əvvəlcə avtomobilin kağız üzərində eskizini çəkib, sonra həmin avtomobil modelini gildən və plastik materialdan hazırlayıb. O, bunun üçün 4 il vaxt sərf edib və müəlliflik hüququ da alıb. Gənc ixtiraçının avtomobilə verdiyi ad da maraqlıdır - “AgillaS Alone”. Aqil bu avtomobil markasının gələcəkdə hər hansı avtomobil istehsalı ilə məşğul olan şirkətin diqqətini cəlb edəcəyinə ümid bəsləyir. İstəyi isə bu modelin Azərbaycan markası olmasıdır. Aqil İbrahimov müəllifi olduğu avtomobil modelinə xüsusi loqo da hazırlayıb. “AgillaS” brendi adı altında özümə məxsus olan konsepsiyalar hazırlayıram. Yəni, Aqil və Sultan qardaşları loqosunun əsasında bu avtomobil 15-ci layihəm kimi ərsəyə gəlib. Hazırda 30-a yaxın avtomobil layihəm var. Hər biri üstün və fərqli cəhətlərə malikdir. Bu avtomobil sektorunda mən özümü uğurlu hiss edirəm. İstəyim odur ki, “AgillaS” modelimiz bütün dünyada tanınsın, Azərbaycan brendi kimi öz sözünü desin”.

Real həyatda olmayan bir avtomobil modelini fikirləşməyi, həmçinin adından tutmuş onun modelinin hazırlanmasını, dizaynını Aqil özü tək edir. Təbii ki, bu işdə ona valideynləri də dəstək olur. Atası Mikayıl İbrahimov deyir ki, müxtəlif qurumların da köməyi olsa, bu layihə gerçəkləşə bilər. “İstəyirəm ki, qısaca olaraq Aqilin istedadından danışım. Əvvəlcə o, bir neçə velosiped modeli kəşf etdi, düzəltdi, yaratdı. Mən əvvəl inanmırdım ki, Aqil bundan nə isə yarada bilər. Şükür Allaha, Aqil bunu bacardı. Sonradan da dedi, gildən avtomobil düzəltmək istəyir. İndi bir az mən təəccübləndim ki, Aqil bunu necə düzəldə bilər. Allaha çox şükür, o, bunu da bacardı. Bu gün onun hər bir detalını, cizgilərini gildən düzəldib. Kağıza çəkib, sonra onun plastmas formasında oyuncağını da ərsəyə gətirdi”, - deyə o qeyd edib.

Aqil bundan əvvəldə bir neçə yeni velosiped növü icad etmişdi. Həmin velosipedlər sakinlər tərəfindən maraqla qarşılanmışdı. Məlumat üçün bildirək ki, Aqil 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Onun qardaşı - Dövlət Sərhəd Xidməti Xüsusi Təyinatlı Dəstəsinin giziri Sultan İbrahimov da Xudafərin, Zəngilan, Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib, 2020-ci ilin oktyabrında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Gənc ixtiraçı Aqil İbrahimov icad etdiyi idman avtomobili ilə yanaşı, xüsusi geyim də hazırlayıb. Bu geyim məhz həmin avtomobilə aiddir. İnanırıq ki, dizayner Aqilin xəyal etdiyi arzusu reallaşacaq.

 

Mənbə: Azərtac

ŞƏRH YAZ
Ad

E-mail

Şərh