Sovet avtomobilləri: Qadağa mümkündürmü?

Avtodünya 27 Aprel 2023 13:09 Oxunub 638
Sovet avtomobilləri:  Qadağa mümkündürmü?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlərdə sovet avtomobillərinin iştirakı ilə baş verən ağır qəzalardan sonra yenə də onların istismardan çıxarılması məsələsi gündəmə gəldi. Bəzi ekspertlər bu texnikanın təkrar dövriyyəsinin məhdudlaşdırılmasını da təklif etdilər. 
Əlbəttə, hər bir ekspertin fikrində haqlı məqamlar çoxdur və bu təkliflərə böyük hörmətlə yanaşırıq. Bəs radikal addımlar nə dərəcədə fayda verər? Ümumiyyətlə avtomobil alqı-satqısının qadağan olduğu ölkələr mövcuddurmu?

Təxminən 10 il əvvələdək Kubada avtomobil alqı-satqısı qadağan idi. Yalnız İnqilabadək əldə edilmiş avtomobillər alına və satıla bilərdi. Sosializmin qurulmasından sonra avtomobili dövlət “yaxşı nümunə göstərənlərə” hədiyyə edirdi. Lakin bundan çıxış yolu vardı. Hədiyyə edilmiş avtomobil “etibarnamə ilə” satılırdı (tanış mənzərədir!?). 
Şimali Koreyada isə minik avtomobili azdır, ölkədə avtosalon yoxdur. Xaricdə yaşayan qohumu kiməsə maşın yollamaq istəsə 2 ədəd göndərməlidir: biri qohuma, biri də dövlətə. Sürücülük vəsiqəsi almaq isə doktorluq dissertasiyasından daha çətindir. 
Bəs belə qadağaları tətbiq edən ölkələr sırasına qoşulmaq, köhnə avtomobil dövriyyəsini qadağan etmək ölkəmizə başucalığı gətirərmi? Cavab məlumdur. Ümumiyyətlə, belə bir qadağa mümkündürmü? Azərbaycan reallığını nəzərə alsaq YOX.
Məlumdur ki, ölkəmizdə əsas alqı-satqı etibarnamə ilə aparılır. Kəndlərdə isə “alqı-satqı” ümumiyyətlə sənədləşdirilmir. Bu maşınlar ömrünü təsərrüfatlarda baş vurur, sonra isə metal tullantısı kimi kiloqram hesabı ilə təhvil verilir. Bu proses də uçotsuz baş tutur. 
Kəndlərdə baş verən prosesə görə DYP-ni ittiham etmək mümkün deyil. Əldən düşmüş avtomobillər bir qayda olaraq əsas yollara çıxmır. 
Bəs sovet avtomobillərini qadağan etmək mümkündürmü? Statistikaya nəzər salsaq buna müsbət cavab vermək olmaz. Son statistikaya görə ölkəmizdə sovet avtomobillərinin sayı yarım milyona çatır. Başqa sözlə, ümumi parkın üçdə biri. Bu qədər avtomobil qısa vaxtda qadağan edilsə rayonlarda yaşayan əhali nəqliyyat sarıdan Şimali Koreya vəziyyətinə düşəcək.
Başqa bir məqam: köhnə avtomobil dedikdə yalnız sovet maşınlarını nəzərdə tutmaq da xətalıdır. Bu gün ölkəmizin yollarında 20-ci əsrdə istehsal olunmuş çox sayda Avropa, Koreya və Amerika avtomobilləri şütüyür. Bu avtomobillərin mütləq əksəriyyəti normal istismar ömrünü başa vurub və təhlükə mənbəyidir. 

Bəs köhnə avtomobillərlə bağlı çarə varmı?

İstənilən problem kimi köhnə avtomobil məsələsindən də qurtulmaq mümkündür. Bunun üçün bir neçə dövlət qurumu vəhdətdə  çalışmalıdır. Məsələn, fiziki cəhətdən mövcud olmayan avtomobillərin sahiblərini onları uçotdan çıxarmağa məcbur etmək mümkündür. Bunu vergi və DYP birgə edə bilər. Avtoxuliqanların bir qayda olaraq ucuz avtomobillərdən istifadə etdiyini nəzərə alsaq, onlarla mübarizədə Avropa təcrübəsini tətbiq etmək mümkündür (maşını müsadirə edib utilizasiyaya yollamaq). Hər 2 halda büdcəyə əlavə vəsait daxil olacaq.

Ən əsası isə ölkədə utilizasiya prosesinə start verməkdir. Azərbaycanın emal və təkrar emal sənayesi bu prosesə hazırdır. Həllini gözləyən yeganə məsələ ədalətli qaydalar müəyyən etmək və prosesə başlamaqdır. Əks təqdirdə hansısa sərt qadağa fayda verməyəcək. Böyük alman filosofu Marks kürəkəninə yazırdı: “Təqib etmək, arzu olunmayan meylləri gücləndirmək üçün ən yaxşı vasitədir”.  

PS. 1980-ci illərdə yolda nasaz “Toyota”nı görə Şimali Koreya rəhbəri Kİm İr Sen ölkədəki bütün yapon avtomobillərinin istismarını qadağan etmişdi. Bu məntiqlə gərək Azərbaycanda da bütün “Prius”lar “metallom”a göndərilsin.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh