Sovet sürücülərinə tətbiq edilən qəribə cəza - FOTO
Yaşlı nəsil yəqin ki “Sovtransavto” Cəmiyyətini və üzərində “Совтранс” yazılmış yük avtomobillərini xatırlayır. Biz müasir dövrdə səhvən TIR dediyimiz ki, sovet adamları da qoşqulu avtomobillərə “sovtrans” deyirdilər. Hər 2 metonimiya səhv olsa da, məqsədimiz dilçilik yox, tarixə nəzaər salmaqdır.
Avtosfer.az-ın xəbərinə görə, “Sovtrans”da işləmək hər sürücünün arzusu olsa da, hər kəs bura düşə bilməzdi. Seçim çox ciddi idi. Yalnız iş təcrübəsi olan və rəhbərliyin tövsiyə etdiyi adamlar bu cəmiyyətdə sürücü işləyə bilərdi.
Tələblərə gəlincə: namizədin azı 5 il qəzasız yük avtomobili sürücüsü stajı olmalı idi. Seçimdən əvvəl təlim keçirilir, xarici dil və gömrük qanunları öyrədilirdi. Təbii ki, KQB də təlimatını verirdi.
İlk 3 ili sürücü yalnız sosialist bloku ölkələrinə işləyə bilərdi. Burada təcrübə toplayan şəxs artıq Almaniya, Fransa, İran və digər “çürümüş kapitalist” ölkələrinə də yük daşıya bilərdi.
“Sovtransavto”nun SSRİ daxilində və xaricdə 15 mindən çox əməkdaşı vardı. Onlardan azı 7 min nəfəri peşəkar sovet sürücüləri idi. Əgər əvvəllər yüklər SSRİ və sosialist düşərgənin avtomobilləri ilə daşınırdısa, 1973-cə 100 ədəd “Volvo” alındı. Bir il sonra isə 400 ədəd “Mercedes-Benz L2232S” alınıb işə cəlb edildi. 1979-da isə eyni model təkrarən alındı.
“Sovtransavto” cəmiyyətinin şöbələrindən biri də Azərbaycanda yerləşirdi. Cəmiyyətdə sürücülərin davranışı ilə bağlı sərt tələblər də vardı. Əvvəla, uzaq reysə sürücü tək çıxmırdı (müasir Avropadakı kimi), davranış qaydaları və nəzakət ən yüksək səviyyədə olmalı idi. Xaricə qəza baş verdikdə isə, sürücü, təqsiri olmasa belə bir daha ittifaqdan kənara maşın sürməyə buraxılmırdı. Bu, “Sovtrans” sürücüsü üçün ən ağır cəza idi.
Lakin sürücülərin peşəkarlığı elə həddə idi ki, təxminən 50 il ərzində ciddi nəticələrə səbəb olan qəzaların sayı bir əlin barmaqları qədər olmadı. O zaman taxoqraf olmasa da, sürücülərin iş və istirahət rejiminə nəzarət edilirdi. Müasir dövrdə də yük avtomobili sürücülərinin törətdiyi qəzaların əsas səbəblərindən biri yorğunluq və yuxusuzluqdur.
PS. Son 50 ildə yük avtomobillərinin komfortu və təhlükəsizliyi artsa da, sürücülərin istirahətinə verilən tələblər dəyişmir. Çünki ən müasir texnika belə, yorğun sürücünün səhvini kompensasiya etmək iqtidarında deyil. İnsan amili hər zaman ilk sıradadır. Ən əsası, keçmiş SSRİ-də olan bir qadağa bu gün də Avropa ölkələrində tətbiq edilir: İctimai nəqliyyat və ağır yük avtomobillərinin idarə edilməsinə təsadüfi adamlar buraxılmır. Bu qayda bəlkə də kiməsə sərt gələ bilər. Lakin bir sürücünün xarakterindən onlarla insanın taleyi asılıdır.
Vüqar Yaşaroğlu