Türklərin 60 illik xəyalı - İlham Əliyevin də sifariş etdiyi TOGG neçəyə satılacaq?

Avtodünya 11 Noyabr 2022 14:49 Oxunub 838
Türklərin 60 illik xəyalı  - İlham Əliyevin də sifariş etdiyi TOGG neçəyə satılacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin ilk milli avtomobil markası TOGG ötən ay ictimaiyyətə təqdim olunub. Dizaynı ilə göz oxşayan milli marka gələn ildən etibarən istifadəçilərin xidmətinə veriləcək. İlkin məlumatlara əsasən, 6 fərqli rəng seçimi ilə satışa çıxarılacaq TOGG modelinin texniki üstünlükləri digərlərindən fərqlənir.

Avtosfer.az xəbər verir ki, milli avtomobil Türkiyənin Avtomobil Müəssisələri Qrupu tərəfindən istehsal edilir. İstehsalla bağlı ilk addımlar 27 dekabr 2019-cu ildə atılıb. Yeni avtomobil markası dövlət tərəfindən maliyyələşdirilir.

TOGG-un Türkiyənin ilk yerli və milli avtomobili olması ona marağı daha da artırır. Prezident Rəcəb Tayyib Ərdoğanın özünün şəxsən təqdim etdiyi TOGG Türkiyə üçün çox böyük uğur hesab olunur. 

Türkiyənin TOGG modeli yaxın zamanda Teslanın məşhur avtomobilləri ilə yarışmağa hazır olacaq. İnnovativ və ekoloji cəhətdən təmiz olan yerli elektroavtomobilin akkumulyatoru 300-500 kilometr məsafə qət etməyə imkan verəcək. Bu, elektriklə işləyən avtomobil üçün kifayət qədər uzun məsafədir.

Bundan əlavə, avtomobilin akkumulyatorunda sürətli enerji funksiyası nəzərdə tutulub. Avtomobilin enerjisinin 30 dəqiqə ərzində 0%-dan 80%-ə qalxacağı gözlənilir. 400 at gücünə malik avtomobillər bu sürətə 4,8 saniyəyə çatacaq. 

TOGG-un qiyməti və satış tarixi gündəmdə ən çox araşdırılan mövzular arasındadır. Türkiyənin 60 illik yerli avtomobil xəyalını reallığa çevirən TOGG dizaynı və xüsusiyyətləri milyonların rəğbətini qazanıb. 100 faiz elektriklə işləyən avtomobili əldə etmək arzusunda olan minlərlə insan TOGG-un satış qiyməti və satış tarixi ilə maraqlanır.   

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank əvvəlki açıqlamasında qiymətlə bağlı ipucu verib.  O, bildirib ki, yerli maşının qiyməti SUV model avtomobillər olan "Hyundai", "Opel", "Nissan", "Kia" kimi bir çox avtomobil qiymətləri ilə uyğunlaşdırılacaq.  

Ümumiyyətlə, SUV markalı avtomobillərin qiymətləri avadanlıqlarına, mühərrik gücünə, benzin-dizel fərqliliyinə görə 800 min ilə 1 milyon lirə (TL) arasında dəyişir. Bu da təxminən 70-90 min manat təşkil edir.   

TOGG modelləri ilə bağlı ən maraqlı məsələlərdən biri enerjinin necə doldurulacağıdır. Belə ki, avtomobil sahibləri öz imkanları ilə nəqliyyat vasitələrini tamamilə ev şəraitində enerji ilə təchiz edə biləcəklər. Bundan əlavə, yol kənarlarında və yanacaqdoldurma məntəqələrində elektriklə işləyən avtomobilləri enerji ilə dolduracaq platformaların yaradılması nəzərdə tutulur. 

İlkin qiymətləndirməyə əsasən, avtomobilə 3,3 milyard avro sərmayə qoyulub. Milli layihə olaraq TOGG-un məqsədi dünyaya açılmaqdır. Üstəlik, Türkiyədən yerli avtomobillərə tələbat çox yüksəkdir. Artıq minlərlə sifarişi olan TOGG Türkiyədə əsl həyəcan yaradıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan TOGG elektromobilini almaq üçün ilk sifariş verən liderdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyev iki avtomobil istədiyini söyləyib.  

Xatırladaq ki, oktyabrın 29-da Türkiyənin qlobal texnologiya markası TOGG-un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.

Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək niyyətindədir. Onun sözlərinə görə, ölkə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır. 

 

Modern.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh