Türkmənçay müqaviləsi ilə həmyaşıd elektromobil - FOTO

Avtodünya 13 Aprel 2023 14:18 Oxunub 1124
Türkmənçay müqaviləsi ilə həmyaşıd elektromobil  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çoxlarının yeni hesab etdiyi elektromobilin yaşı 2 əsrə çatır. 

Avtosfer.az-ın xəbərinə görə, macar keşiş Anyoş Yedlik icad etdiyi elektrik mühərrikini 1828-ci ildə bir arabacığa quraşdırır. Doğrudur, bu texnika indiki dövrdə primitiv görünə bilər. Lakin arabada müasir elektromobildə olan mühərrik və qalvanik batareya də yer alırdı. (Həmin ildə Azərbaycan Türkmənçay müqaviləsi ilə ikiyə bölünür).

Təxminən eyni dövrdə şotlandiyalı Robert Anderson da oxşar ixtira edir. Lakin hər 2 ixtira bir-neçə metr gedə bilirdi. Tam mənada elektromobilin istehsalı və istismara verilməsi təxminən yarım əsr sonra reallaşdı.

1881-ci ildə fransız mühəndis Qustav Truve insan daşıya bilən ilk elektrikli araba ilə Paris küçələrinə çıxanda fransızlar şoka düşdülər. Üçtəkərli araba özü hərəkət edirdi: bu trisikldə Siemensin elektrik mühərriki ilə paralel olaraq doldurulabilən batareya (Yedlikin ixtirasında adi qalvanik element idi) quraşdırılmışdı.

1890-cı ildə ABŞ-ın Ayova ştatında hazırlanan elektromobil isə Avropa modellərini qabaqlayır. Bu maşın 14 mil (22 km/saat) sürətlə hərəkət edə bilirdi. İxtira avropalıların rəqabətə girişməsinə səbəb oldu. 
Denverdə 1900-cü ildə icad edilən elektromobil isə daha təkmil idi. 270 kiloqramlıq batareya avtomobilin 1 dolumda 160 km qət etməsinə imkan verirdi. Avtomobilin kostruktoru Oliviye Friçl bu maşına 1908-ci ildə 2100 km qət edərək Nebraskadan Nyu-Yorka gedir. Elektromobil batareya doldurulmaq üçün dəfələrlə dayansa da, bu, əsl reklam idi. 

Beləcə, elektromobil yolda özünü doğruldur və həyata vəsiqə alır. Səbəb bu texnikanın daha səssiz olması, tüstü və iy verməməsi idi. Beləcə, elektromobilə maraq artır və Nyu-York və Londonda taksi parklarının, təcili yardım maşınlarının əsas hissəsini elektrik mühərrikli texnika təşkil edir. 1900-cü ildə Nyu-Yorkda hər 3 təzə atomobilin biri elektriklə hərəkətə gəlirdi. Bu gün ABŞ-da hər 20 təzə maşının biri elektromobildir. 

Bəs nə üçün elektromobil gözdən düşdü və yerini benzinə verdi? Səbəb sadədir: O dövrdə elektromobil istifadə rahatlığına və gediş məsafəsinə görə “qadın maşını” hesab edilirdi. Uzaq məsafəyə, xüsusən də elektrik olmayan şəhərə gediş mümkün deyildi. Benzin mühərrikli avtomobillər daha güclü idi, daha uzaq məsafə qət edirdi. Benzin də hər yerdə əlçatan idi. Ən əsası, benzin mühərrikli avtomobillə dağa-daşa da getmək olurdu. Beləcə, benzin mühərrikli avtomobillərin bazarda bu günədək davam edən hökmranlığı başladı.

O dövrdə elektromobilin inkişafına mane olan əsas amillərdən biri ağır və kiçik tutumlu qurğuşun akkumulyatorlar idi. 1985-ci ildə ixtira edilən litium-ion akkumulyatorlar 1991-ci ildə bazara çıxdı. Bununla da elektrikli texnikanın yükü azaldı.
1996-cı ildə “General Motors” şirkəti EV1 elektromobilini kütləvi istehsalına başladı. 1 il sonra “EV Plus” modelini təqdim edən “Honda” elektromobildə qurğuşun akkumulyatordan imtina etdi.
2003-cü ildə təsis edilmiş “Tesla” şirkəti isə elektromobil bazarında ciddi rəqabətə təkan verdi. 
Beləliklə, təxminən 130 il əvvəl yüksəlişə keçən, sonra tənəzzül edən elektromobil yenidən yüksəlir. Lakin inkişafa mane olan infrastruktur problemləri hələ də qalır. İstər Qərbdə, istərsə də kasıb ölkələrdə.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh