Reklam

“Zombi avtomobillər” yanlış məlumat mənbəyi kimi

Avtodünya 24 Aprel 2024 15:29 Oxunub 534
“Zombi avtomobillər”  yanlış məlumat mənbəyi kimi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda avtomobillərin çoxunun köhnə olması heç kimə sirr deyil. Bakıdan kənarda bunu daha aydın hiss etmək olur. Faktı statistika xidməti də təsdiqləyir. 

Avtosfer.az xəbər verir ki, Dövlət Statistika komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə yaşı iyirmidən yuxarı olan maşınların sayı 634 447 ədəd olub. 
Statistikanın doğruluğuna şübhə etməsək də, başqa bir faktı, daha doğrusu qonşu ölkənin təcrübəsini xatırlatmaq istəyirəm. 
Rusiyada bu yaxınlarda dünyasının dəyişən 83 yaşlı kişinin əmlakı hesablanarkən məlum olub ki, onun adında 1 Pobeda, 2 Zaporojets, 2 Moskviç və 1 Jiquli var. Mərhumun uşaqları bildiriblər ki, onlar Pobedanı ümumiyyətlə xatırlamırlar. Zaporojets və Moskviçləri uşaq ikən görüblər, halbuki bütün avtomobillərin sənədləri evdədir. Jiquli isə köhnə olsa da istismar olunur. Digər avtomobillər kimi o da SSRİ-də istehsal edilib. 
Rus jurnalistlərin fikrincə, Federasiyada belə “zombi avtomobillər”in sayı milyonlarladır. 2000-ci ilədək istehsal edilmiş avtomobillərin çoxu ya metal kimi təhvil verilib, ya da harasa atılıb. Yaşlı nəslin mülkiyyətində olmuş bu texnikalar fiziki mövcud olmasa da, polisin, statistika xidmətinin sənədlərində istismarda olan nəqliyyat vasitəsi kimi qeydiyyatdadır. Bu statistika hər il növbəti ilə köçürülür və beləliklə, mövcud olmayan texnika kağız üzərində qocalaraq kateqoriya dəyişir. 
Rus həmkarlarımın fikirləri bizim üçün də keçərlidir. Necə ola bilər ki, 2016-2017-ci illərdə Zaporojets avtomobillərinin sayı təxminən 100 ədəd artsın! Eynilə də Moskviç və ya QAZ-24.
İş burasındadır ki, bu “zombilər” yanlış statistikanın ortaya çıxmasına səbəb olur. Son nəticədə statistik rəqəmlərlə real vəziyyət ziddiyyət təşkil edir.
Lakin bir məsələ də var: Statistika xidməti kiminsə nəqliyyat vasitəsi barədə sərəncam verə bilməz. Yaxud yol polisinin kiminsə qapısını döyərək 1972-ci ildə istehsal olunmuş VAZ-2101-in harada olduğunu soruşmağa nə vaxtı, nə səlahiyyəti var. Beynəlxalq təcrübədə də bu məsələləri polis deyil, digər qurumlar tənzimləyir. 
Mexanizm də kifayət qədər sadədir: hər bir nəqliyyat vasitəsi sahibi avtomobili istismar edib-etməməsindən asılı olaraq illik vergi ödəməli, müəyyən edilmş müddətdə onu texniki baxışa təqdim etməlidir.  Bu təqdirdə məntiqi olaraq heç kim 30 il əvvəl imtina etdiyi, yaxud hansısa çəpər dibində çürüyən maşını mülkiyyətində saxlamağa maraqlı olmayacaq. 
Bunun da həyata keçirilməsi üçün avtomobilin çıxdaş edilməsi, uçotdan silinməsi prosedurları sadələşdirilməlidir. Vətəndaşlar mövcud olmayan nəqliyyat vasitələrini kütləvi şəkildə uçotdan çıxaracağı təqdirdə dövlət büdcəsi də rüsum və xidmət haqlarından kifayət qədər vəsait qazana bilər. eyni zamanda statistikamız da “ağarar”.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh