Reklam

Bakıda piyada səkisini metr-metr satdılar - VİDEO

Avtoreyd 4 Mart 2015 22:27 Oxunub 2646
Bakıda piyada səkisini metr-metr satdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«20 Yanvar» dairəsi yaxınlığında səkinin ticarət obyektləri ilə tutulması piyadaların həyatına təhlükə yaradır

Bakı şəhərinin nəqliyyat sahəsində ən ciddi probleminin tıxaclar olduğu heç kəsə sirr deyil. Adi vətəndaşdan tutmuş dövlətin ali orqanlarına qədər hər kəsi düşündürən əsas məsələ bunun həlli yollarının axtarışıdır. Belə sosial problemin yoluna qoyulması üçün dövlət büdcəsindən külli miqdarda vəsait xərcləndiyini də yaxşı bilirik. 

Bakıda nəqliyyat sıxlığını yaradan əsas səbəblərdən biri küçə və yolların azlığı, o cümlədən bəzi küçələrin müxtəlif qanunsuz tikililərlə zəbt edilməsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin hələ 2006-cı ildə təsdiqlədiyi 1255 saylı sərəncamda Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı əsas tədbirlərdən biri kimi şəhərin müxtəlif küçə və prospektlərinin zəbt olunması hallarının aşkar edilərək aradan qaldırılması, gələcəkdə buna yol verilməməsi göstərilib. Belə olan halda hər bir dövlət orqanının, xüsusən Bakı Şəhər İcra Hakimiyyətinin, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin və şəhər təsərrüfatına məsul olan digər qurumların başlıca vəzifəsi küçə və yolları qanunsuz tikililərdən azad etmək, onları genişləndirmək və abadlaşdırmaq olmalıdır. Amma gəlin görək bəziləri nə ilə məşğuldurlar.....

Sizə təqdim etdiyimiz fotoları və videonu Avtosfer.az saytının əməkdaşları Bakının ən ciddi nəqliyyat sıxlığı olan ərazilərindən birində, “20 Yanvar” metrostansiyası yaxınlığında - Müzəffər Həsənov küçəsində çəkiblər. Respublika Klinik Xəstəxanası ilə “Azərsu”ASC-nin baş ofisi arasından keçən bu küçə paytaxtın Şimal-Qərb tərəfində həm nəqliyyatın, həm də piyadaların intensiv hərəkəti ilə fərqlənən küçələrdəndir. Küçənin xəstəxana tərəfində hələ sovet dövründən xəstəxananın hasarının yanı ilə enli səki yerləşirdi. Həmin səki ilə küçənin avtomobillər üçün nəzərdə tutulan hərəkət hissəsi arasında yaşıllıqdan ibarət ayırıcı zolaq var idi. Ona görə “var idi” yazırıq ki, artıq nə həmin enli səki, nə də bu yaşıllıq zolaq var. Hansısa işbazlar səlahiyyətli məmurların xeyir-duası ilə küçənin bu hissəsini əməlli-başlı ticarət mərkəzinə çeviriblər. Ərazidə çəkiliş aparan əməkdaşımıza etiraz edən obyekt sahiblərindən biri deyib ki, buradakı obyektlərin əksəriyyətinə Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən icazə verilib: «Burada peroşki satırıq, camaat da razıdır».

Fotolardan və videodan aydınca görünür ki, həmin küçədə səki və ayırıcı zolaq müxtəlif xarakterli ticarət və iaşə obyektləri ilə zəbt edilib, piyadaların hərəkəti üçün balaca bir cığır saxlanılıb.

Kadrlardan görünür ki, həmin ərazini elə zəbt ediblər ki, hətta zibil qutularını qoymağa da yer qalmayıb və həmin qutular yolun hərəkət hissəsinə atılıb. Əgər orada belə boş ərazi var idisə, 2-3 cərgədə dayanaraq bütün günü yolu kəsən avtobuslar üçün genişləndirilmiş dayanacaq meydançası tikmək mümkün olmazdımı?

Yəqin, bunu edənlər bilmirlər ki, bura yoldur. Yol hərəkətinə və avtomobil yollarına dair qanunvericilik, habelə şəhərsalma və tikinti normaları və qaydaları birmənalı olaraq səkini və səki ilə yol arasındakı ayırıcı zolağı yolun tərkib hissəsi hesab edir. Elə bu qanunvericilik yolda, o cümlədən onun səkisində, ayırıcı zolağında, hərəkət hissəsində nəinki ticarət və iaşə obyekti tikməyi, hətta iki daşı bir-birinin üstünə qoymağı da qadağan edir. Belə olan halda, 21-ci əsrdə, ölkədə avtomobilləşmə prosesinin getdiyi bir zamanda, paytaxtın küçə və yollarının azlığının aşkarca hiss olunduğu bir şəraitdə bu əməllərə nə ad vermək olar? Görəsən, belə tikintilər üçün həmin ərazini kim ayırıb? Kim belə tikintiyə icazə verib? Bəlkə bunu heç kəs görmür? Bəs onda həmin yolu öz balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyəti və ya “Azəryolservis” ASC, eləcə də həmin ərazidə xidmət edən DYP qurumları hara baxırlar? 

Əminik ki, ürək ağrısı ilə qeydə aldığımız və sizə təqdim etdiyimiz bu mənzərənin arxasında konkret cinayət faktları gizlənir. Ona görə də üzümüzü hüquq-mühafizə orqanlarına, xüsusən də Respublika Baş Prokurorluğuna tuturuq. Axı Cinayət Məcəlləsinin 314-1-ci maddəsi dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etməyə görə, 314-2-ci maddəsi qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırmaya, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə, 222-1-ci maddəsi özbaşına tikinti işləri aparmaya görə, 222-2-ci maddəsi müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparmaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Əminik ki, göstərdiyimiz faktları araşdıran olsa, başqa cinayət əməlləri də tapa bilər. 

Bu faktları aşkar edərək həm ictimaiyyətin, həm də hüquq-mühafizə orqanlarının diqqətinə çatdırmaqda məqsədimiz son illər paytaxtın digər yerlərində də geniş vüsət alan, şəhərsalma və tikinti norma və qaydalarına uyğun olmayan, xüsusən yol-nəqliyyat infrastrukturunun hazırkı durumu və perspektiv inkişafı ilə uyğun gəlməyən qanunsuz tikililərə diqqəti artırmaqdır. Dövlət büdcəsindən milyardlarla vəsaitin yol-nəqliyyat infrastrukturuna xərcləndiyi bir şəraitdə belə halların qarşısı qətiyyətlə alınmalıdır. Buna yol verən şəxslər istisnasız olaraq cinayət məsuliyyətinə cəlb edilməli və onların şəhərimizə vurduğu zərər özlərinin hesabına aradan qaldırılmalıdır. 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh