Bu ölkədə avtomobil artdıqca qəzaların sayı azalır - Azərbaycanda mümkündürmü?
Təkrarçılıq olmasın deyə hər dəfə bu mövzuya qayıtmamağa söz versəm də, mümkün olmur.
Yol polisinin son statistikasına görə ilin 11 ayı ərzində 757 azərbaycanlı yol qəzalarında həlak olub. İl isə hələ başa çatmayıb, dekabrda baş verən ağır qəzalar statistikada əks olunmur.
Bu dəfə də ölkəmizi əhali sayı və ərazi baxımdan bizə yaxın, lakin avtomobil sayı bizdən 3-4 dəfə çox olan İsveçrə ilə müqayisə etməyə çalışacam.
Son statistika İsveçrədə 6,5 milyondan çox nəqliyyat vasitəsinin (bütün tiplərdən) olduğunu göstərir. Üstəgəl, qonşu ölkələrdən sərhəd nəzarəti olmadan hər gün on minlərlə avtomobil bu Alp ölkəsinə gəlir. Lakin ölüm sayı bizdən təxminən 4 dəfə azdır. 2021-ci ildə bu ölkədə 200 nəfər yol qəzalarının qurbanı olub.
İsveçrə Statistika Ofisi bildirir ki, ölkədə son 40 ildə avtomobil sayı 2 dəfə artdığı halda, yollarda ölüm göstəricisi 5 DƏFƏ AŞAĞI DÜŞÜB.
Qurum səbəbləri də açıqlayır. Bildirir ki, qəzaların qarşısının alınması hüquqi, maarifləndirmə və texniki tədbirlərin vəhdət şəklində həyata keçirilməsi sayəsində mümkün olub. Ölkədə qəzaların birinci səbəbi sürət, ikinci səbəbi isə alkoqoldur.
Qeyd edək ki, Konfederasiyanın həyata keçirdiyi tədbirlərdə qeyri-adi heç nə yoxdur. Oxşar təklifləri elə Avtosfer.az saytında, AzTV, İTV və digər kanallarda yerli mütəxəssislər də səsləndiriblər. Lakin təəssüf ki, bunlar elə təklif olaraq qalıb.
Nəqliyyat intensivliyinə gəlincə, isveçrəlilər orta hesabla günün 90 dəqiqəsini nəqliyyatda keçirirlər. Bunun 8 dəqiqəsi gözləməyə və nəqliyyatı dəyişməyə sərf olunur. Başlıca nəqliyyat vasitəsi şəxsi avtomobildir. Sonrakı yerlərdə qatar, tramvay, avtobus və trolleybus gəlir. Ən təhlükəsiz və rahat nəqliyyat qatar hesab edilir.
Bir maraqlı fakt: Cenevrədə olduğum müddətdə mən bakıdakına bənzər tıxaclara rast gəlmədim. Halbuki bu kiçik, dar küçələri olan şəhərdə hər min nəfərə azı 700 avtomobil düşür.
Vacib məqam: Azərbaycanda yol qəzalarının səbəbi İsveçrə ilə eyni olmaya bilər. Məsələn, 3 fransızdilli və oxşar ənənlərə malik ölkədə səbəblər bir-birinə tam əksdir. İsveçrədə qəzanın ilk səbəbi yüksək sürətdirsə, Fransada yorğunluq, Belçikada alkoqol və narkotik sərxoşluğudur. Bizdə də dəqiq səbəblər statistik məlumat şəklində araşdırılmalı və təcili tədbirlər görülməlidir.
Vüqar Yaşaroğlu