Reklam

Gecələr Nobel prospektində kabus dolaşır - VİDEO - FOTO

Avtoreyd 4 Noyabr 2014 10:01 Oxunub 10049
Gecələr Nobel prospektində kabus dolaşır - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakının ən böyük prospektlərindən biri sayılan Nobeldə işıq dirəkləri bir-bir yoxa çıxır

Bakının ən çox qəza baş verən prospektlərindən biri də Nobel prospektidir. Burada tez-tez ağır yol qəzalarına rast gəlinir ki, bunun da əksəriyyəti avtomobillərin səkiyə, işıq dirəyinə və ya bir-birinə çırpılmasından ibarətdir. Üstəlik, Nobel prospekti piyadavurma hadisələrinə görə də ön sıralardadır. Bəs, bu qəzaların səbəbi nədir? Əlbəttə, burada ilk növbədə yol hərəkəti qaydalarının pozulmasını önə çəkmək olar; sürət həddi, ötmə-manevr qaydalarının pozulması və s. O zaman maraqlı sual yaranır. Nədən, bu qəzaların əksəriyyəti məhz sutkanın qaranlıq vaxtına təsadüf edir? Niyə Nobel prospektində gündüzlər yox, məhz gecələr piyadalar daha çox vurulur? Yoxsa gündüz sürət həddini aşan, ötmə-manevr qaydalarını pozan olmur? Maraqlıdır, deyilmi? Elə isə gəlin bu sirri birlikdə açaq.

Avtomobillərin bu prospektdə sütkanın qaranlıq vaxtlarda daha çox qəza törətməsi kimlər üçünsə qeyri-adi sayılmaya bilər. Amma ortada elə ciddi məqamlar var ki, bunların üstündən «boş söhbətdir» deyib, keçmək olmaz.

Hər tərəfdən qara neftlə əhatə olunmuş Nobel prospektində gecələr dolaşan qara «kabusu» Avtosfer.az-ın əməkdaşı üzə çıxarıb. Məlum olub ki, bu prospektdə işıqlandırma sistemində problemlər var. Özü də elə-belə problem deyil, ciddi məsələdir…

«Amay» Ticarət Mərkəzinin – «Asan xidmət»in qarşısından başlayaraq düz Zığ dairəsinə – Gəncə prospektinə dönən yola qədər işıq dirəklərini bir-bir saydıq. Çünki Nobel prospektində qəzalar daha çox bu məsafədə qeydə alınır. Məlum oldu ki, hazırda qeyd olunan məsafədə 220 işıq dirəyi var. Amma əslində, onların sayı 250 olmalı idi. Yəni, hazırda 30 işıq dirəyi yerində deyil. Səbəbi odur ki, hər dəfə yol qəzası baş verəndə, avtomobillər işıq dirəyinə dəyib aşıraraq yararsız hala saldıqdan sonra dirəklər yoxa çıxır. Yararsız hala düşən, yerindən qopan işıq dirəyinin yerinə yenisi qoyulmur. Deməli, hər ağır yol qəzasından sonra bir işıq dirəyi yoxa çıxır. Hansı ki, qəza baş verirsə, yol təsərrüfatı orqanı Dövlət Yol Polisinin arayışı əsasında müəyyən edir ki, səbəbkar hansı sürücüdür və həmin sürücüdən aşırdığı, yararsız hala saldığı işıq dirəyinin pulu alınır. Bunu əvvəllər Bakı şəhər İcra Hakimiyyəti, indi isə həm də Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC edir. Deməli, yol qəzaları nəticəsində aşan, yararsız hala düşən həmin işıq dirəklərinin pulu ziyan vuran tərəfdən alınır. Özü də həmin işıq dirəkləri nə az, nə çox, 1000-3000 manat miqdarında dəyərləndirilir. O zaman, sual yaranır, işıq dirəyini niyə yerinə qoymurlar? Niyə yenisi ilə əvəz etmirlər? Bəs, sürücülərdən alınan pullar hara gedir?

Bəzən elə qəza baş verir ki, sadəcə olaraq avtomobil işıq dirəyinə toxunduğu üçün dirək yerindən çıxıb aşır. O qədər də yararsız olmur. Bu sahəyə nəzarət edən orqan cəhd etsə, 1-2 günə onu təmir edib yerinə qoya bilər. Amma bunu da etmirlər. Sadəcə, götürüb aparırlar və bir daha geri qayıtmır.

Bizsə yenə dirəkləri saymıq məsələsinə qayıdırıq. Qeyd etdiyimiz kimi, Nobel prospektində hazırda 30 işıq dirəyi yerində yoxdur. Özü də elə yerlər var ki, 3-4 işıq dirəyi ard-arda yerində deyil. Bu isə təxminən 200 metrə yaxın məsafənin qaranlığa qərq olması deməkdir. Bu cür yerlərdən keçən piyadanın avtomobillər tərəfindən vurulması qaçılmazdır. Məsələn, Çevik Polis Alayının qarşısında, üzü şəhər istiqamətində «Lukoil» yanacaqdoldurma məntəqəsini keçdikdən bir qədər sonra – «Asiman» plazanın yanındakı sərt döngədə bu cür qaranlıq mənzərəyə rast gəlmək olar. Hansı ki, sərt döngələrdə qəza ehtimalı daha çoxdur və bu ərazilərdə də piyada keçidləri demək olar ki, yoxdur. Olsa belə, təxminən 500-700 metr məsafədə yerləşdiyi üçün hər kəs onlardan istifadə edə bilmir.

Razıyıq, piyada təyin olunmayan yerdən keçməməlidir. Çünki təhlükəlidir. Amma gecənin qaranlığında kimə desən ki, 700 metr piyada yol get, sonra keçiddən keç, yəqin ki, adama xoş söz deməzlər.

Yerində olmayan işın dirəkləri bir yana, yerində olanların da bəziləri yolu heç düz-əməlli işıqlandırmır. Apardığımız müşahidələrdən belə məlum oldu ki, hazırda 21 elektrik lampası yanmır. Onların eləsi var ki, bir işıq dirəyində iki lampanın heç biri yanmır, qalanlarında isə biri yanır, biri yox. Ən acınacaqlısı isə odur ki, «Asan xidmət»in qarşısında piyada keçidi – zebra var. Amma buranı da işıqlandırmırlar. Bir tərəfdə işıq dirəyi yerində deyil, o biri tərəfdə isə lampalar yanmır. Odur ki, burada qaranlıqda piyada keçidində hərəkət edən piyadanı görmək çox çətin olur. Yəqin bizə irad tutacaqlar ki, piyada keçidində piyada varsa, deməli, avtomobillər üçün svetoforun qırmızı işığı yanır, dayanıb gözləmək lazımdır. Bəri başdan biz də cavab veririk ki, ay gözəl insanlar, axı bizim piyadaların hamısı piyada və avtomobil svetoforuna fikir vermir, zebra görən kimi hərəkətə başlayırlar. Nə olar ki, işıq dirəklərini yerinə qoyub, lampaları da üstünə bağlayasınız, biz sürücülər də həm piyadaları görək, həm də yolu? O zaman qəza da baş verməz, ölən də olmaz, yaralanan da. Siz özünüz də yaxşı bilirsiniz ki, Nobel, Babək prospektlərində qəzalar hansı səbəbdən baş verir. Səbəb bəllidir, nəticə də göz qabağandıdar. Sadəcə, bu qədər ölən, yaralanan, maddi-mənəvi ziyana düşən insanların taleyi bəzi səhlənkar məmurları narahat etmir. Görəsən, bu yollara nəzarət edən məmurlar o yollardan keçmirlər? Bəlkə, özlərinə başqa yol tapıblar?..

 

P.S. Yəqin ki, təqdim etdiyimiz foto və videomateriallar nəsə deyir. Elə biz də onu deyirik…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh