Niva: Bir brendin tarixçəsi - FOTOLAR

Avtoreyd 10 Aprel 2023 15:38 Oxunub 2274
Niva:  Bir brendin tarixçəsi  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sovet istehsalı olan  məhsul dedikdə əcnəbilərin yadına 2 əsas şey düşür. “Kalaşnikov” avtomatı və “Niva”. Birinci barədə çox söz açılıb. Hörmətli oxucu bu silahı yəqin ki bir dəfə də olsa əlinə alıb. Istifadə etməsə belə, istənilən yetgin azərbaycanlının bu silahı tanıdığına əminik. Keçək “Niva”ya.

Alqı-satqı elanlarını nəzərə almasaq bu avtomobil barədə azərbaycandilli mənbələrdə dolğun məlumat yox dərəcəsindədir. Keçək mətləbə.

Avtosfer.az-ın xəbərinə görə, 1971-ci ildə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin ölkənin minik avtomobi istehsalçılarını toplayaraq yeni yüksək keçidli avtomobil hazırlamağı tələb edir. Yeni avtomobilin komfortu da minik avtomobillərindən fərqlənməməli idi. “İJ” və “AZLK” 2 model təqdim etsələr də, kütləvi istehsala tətbiq edilmədi. “VAZ” mühəndisləri isə layihələndirmə zamanı yeni modelə “Jiquli”dən çox sayda detallar əlavə etdilər. Salon isə  cüzi dəyişiliklərlə “VAZ-2106”dan götürüldü. Bu oxşarlığa səbəb isə yuxarının göstərişi idi. O zaman yeni modelin əksər detallarının “Jiquli” ilə eyni olması tövsiyə edilirdi.


1972-ci ildə “E-2121” adlı prototip (çeburaşka) hazır edilir. Növbəti il zavod kütləvi istehsala hazır olduğunu elan edir. 1974-də isə seriyadan qabakı modellər sınaq üçün yığılır. Avtomobillər Uralda ciddi sınaqdan keçirilir. Müqayisə üçün “Land Rover” və “UAZ”lardan da istifadə edilir. Sınaqdan sonra əvvəlki dizayndan imtina edilir. 31 iyul 1975-ci ildə kütləvi istehsal barədə qərar verilir.


Nəhayət 5 aprel 1977-ci ildə ilk “VAZ-2121” (avtomobilin texniki adı) konveyerdən çıxır. İlk ildə 25 000 avtomobil istehsal edilsə də, sonradan bu rəqəm ildə 70 000-ə çatdırılır. Avtomobillərin 80%-i isə ixrac edilirdi. “Niva” Yaponiyada satılan ilk və tək sovetavtomobili oldu.


Avtomobil SSRİ-dən kənarda daha böyük nüfuz qazanmasına səbəbi sadə idi. İstehsalçı bu avtomobili əsasən əcnəbi alıcılar üçün nəzərdə tutmuşdu. Avtomobilin konstruktiv özəllikləri də bu işdə az rol oynamırdı. 70-ci illərdə tam intiqallı avtomobillər sərt qoşqulu qabaq körpü ilə təchiz edilirdi (UAZ kimi).  “Niva”da isə mülki avtomobillər arasında ilk dəfə olaraq daimi tam ötürmə və müstəqil qabaq asqı tətbiq edildi. Qabaq yarımoxlar və şarnirlər isə “Land Rover”ə məxsus olub, SSRİ-də lisenziya əsasında istehsal edilirdi. Avtomobilin hündür, yüngül və qısa olması keçicilik qabiliyyətini artırır, eyni zamanda mühərrikin zəifliyini də kompensasiya edirdi. Avtomobilin ikipilləli paylayıcı qutusu da (razdatka) Porsche – VAZ əməkdaşlığının məhsulu idi. “Niva”da özünü doğruldan bu aqreqat nədənsə alman modelində tətbiqini tapmadı.


Avtomobil 1976-cı ildə Çexoslovakiyada qızıl medal alaraq sinfinin ən yaxşısı adına layiq görülür. Bir il sonra isə SSR-nin keyfiyyət nişanını alan avtomobil 1980-ci ildə Poznan yarmarkasında isə təkrarən qızıl medal əldə edir.
İstehsalın ilk illərindən etibarən avtomobil Avropada populyarlıq qazandı. 1978-ci ildə Paris avtosalonunda nümayiş etdirildikdən sonra avtomobil Qərbi Avropaya ayaq açdı. Avstriyada yüksək keçidli avtomobil parkının demək olar hamısını “Niva” təşkil edirdi. Fransızlar arasında bu modeli əsasən gənc xanımlar tərcih edirdi. Almaniyada isə sifarişin yerinə yetirilməsi üçün aylarla gözləmək lazım gəlirdi. 
Avtomobilin Avropaya gəlişi bazarı dəyişdi. Buna görə də “Niva” hazırda bütün krossoverlərin başlanğıc modeli hesab edilir. O dövrün yüksək keçidli modellərindən fərqli olaraq “Niva” yüngül, rahat, səliqəli və ucuz idi. SSRİ-nin süqutunadək bu model Avropada yüksək keçidli bazarının 40%-nə nəzarət edirdi. 
Avtomobilin idman qabiliyyətini isə fransızlar müəyyən etdi. “Lada”nın Fransaya idxal edən Jak Poş peşəkar pilotları cəlb edərək komanda qurdu və ilk dəfə bu  model Afrikada ralliyə çıxarıldı. 1981-ci ildə isə komanda bu avtomobillər Paris-Dakar rallisini qazandı. Halbuki bu dövrdə sovet adamı bu avtomobili çox da bəyənmirdi.
SSRİ-nin süqutundan sonra əksər sovet avtomobillərinin Avropaya ixracı dayansa da, bu modelə bu gün də Avropa yollarında rast gəlinir. Rusiya xaricində bu modelin əsas alıcıları Cənubi Amerika və keşmiş sovet respublikalarıdır. 
1994-cü ildə avtomobilin dizaynı, mühərriki və hərəkət hissəsi yenilənir və “VAZ-2123” (bizim səhvən “Dubay Niva”sı dediyimiz model) və 5  qapılı versiya ərsəyə gəlir. Yeni model əvvəlkinə nisbətən daha çevik və komfortlu olur. 2006-cı ildə “Chevrolet Niva”nın ortaya çıxması ilə “VAZ” da “Niva” brendini satır və model “LADA 4X4” adı ilə istehsal edilir. 
Hazırda avtomobilin çox sayda modifikasiyası mövcuddur ki, bunların da əksəriyyəti Rusiyada istismar edilir. “Niva” həmçinin Antarktidada istismar edilən ilk avtomobil kimi tarixə düşüb.  
Avtomobil barədə dünyanın bütün aparıcı dillərində məlumat əldə etmək mümkündür. Bu model barədə çox sayda tənqidə də rast gəlinir. Ekspertlər avtomobilin mühərrikinin zəif olmasını, qabaq oxun səsini, pis aerodinamikanı tənqid edirlər. Lakin hamının ümumi məxrəcə gəldiyi, tənqid edilə bilməyən bir məsələ də var: avtomobilin keçicilik qabiliyyəti. Bu xüsusiyyətinə görə “Niva”nı hərbi avtomobillərlə müqayisə edirlər. 
PS. Ukrayna müharibəsi ilə başlayan sanksiya dalğası bu avtomobili də vurdu. Lakin Avtovaz hələ də məhdud imkanlar şəraitində bu modelin istehsalını davam etdirir. Səbəb isə detalların 90%-ə qədərinin Rusiyada istehsal edilməsidir. Halbuki sovet dövründə bir çox detal Avropadan gəlirdi. O cümlədən kapitalist Almaniyası və Fransasından. Hazırda avtomobilin ixracı demək olar dayanıb.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh