Velosipedçilərin avtomobillərlə vurulması DYP-nin kameralarında – VİDEO

Avtoreyd 23 İyun 2015 13:53 Oxunub 3293
Velosipedçilərin avtomobillərlə vurulması DYP-nin kameralarında – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların əksəriyyəti velosiped sürücülərinin günahı ucbatından baş verir

Bəzən velosiped sürücüləri elə zənn edirlər ki, onlar da piyadalar kimi yolun harasında istəsələr hərəkət edə, necə istəsələr yolu keçə bilərlər və sürücülər də onlara mütləq yol verməlidir. Əslində, belə deyil. Çünki heç piyadalar da düz eləmirlər…

Qanunvericiliyə görə, 14 yaşı tamam olmamış şəxsin velosipedlə yolun hərəkət hissəsinə çıxması qadağandır. Avtosfer.az-ın təqdim etdiyi qəza görüntüləri isə onu göstərir ki, azyaşlılar, yeniyetmələr maşınların arasında velosiped şousu göstərirlər və bu da əksər hallarda qəza ilə nəticələnir. Böyüklər də onlardan geri qalmır.

Kadrlara diqqət etsək görərik ki, qəzaların əksəriyyəti velosiped sürücülərinin günahı ucbatından baş verir. Məsələn, elə birinci qəzada orta yaşlı velosiped sürücüsü qəflətən svetoforun yaşıl işığında hərəkət edən avtomobillərin yoluna çıxır və vurulur.

İkinci qəzaya diqqət edək. Avtomobil yolunda yüksək sürətlə hərəkət edən yolayrıcına daxil olan velosipedçi özünü saxlaya bilmir və üzü üstə asfalta çırpılır. Üçüncü qəzada sadəcə olaraq, velosipedçinin bəxti gətirir. Amma o kobud qayda pozuntusu edərək hərəkətdə olan maşınların qarşısına atılır. Velosipedçiyə heç nə olmasa da, onu vuran maşına yüngül ziyan dəyir.

Dördüncü velosiped qəzasında da velosipedçi günahkardır. Yolun sağ zolağı baş olduğu halda velosipedçi düz avtomobil yolunda hərəkət edir və dönmə zamanı sükanı yığışdıra bilməyib minik avtomobilinə dəyərək aşır.

Sonuncu velosiped qəzasına isə şərh yazmaq çətindir. Hər halda, bu görüntülərdə sürücünü qınamaq olmaz. Çünki velosipedçi göz görə-görə özünü avtomobilə çırpır.

Dünyanın ən inkişaf etmiş ölkələrində velosiped aparıcı nəqliyyat vasitəsinə çevrilir. İnsanlar tıxaclardan və ekoloji problemlərdən yaxa qurtarmaq üçün velosipedə üstünlük verirlər. Həmin ölkələrdə maddi cəhətdən olduqca sərfəli olan velosipedi sürməklə yanaşı, qaydalara da əməl edirlər. Azərbaycanda da zaman-zaman velosipedə üstünlük verilməsi məsələsi gündəmə gəlir. Amma bu videokadrları izlədikdən sonra əmin oluruq ki, biz hələ velosipedi gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməyə hazır deyilik. Sözün düzünü demək lazımdır; avtomobillə normal hərəkət edə bilməyən, kobud qayda pozuntularına yol verib ağır qəzalara səbəb olan sürücülər varkən velosipedə keçid etsək, küçələrdən meyit toplamaq üçün xüsusi qüvvə tələb olunacaq. Odur ki, gəlin, hələ məşq edək. Çünki velosiper sürməkdən tutmuş, velosipedçi yoluna qədər çoxlu problemlərimiz var.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, doğrudan da velosiped sürücülərinin yolun hərəkət hissəsinə çıxması ciddi təhlükə yaradır: «Aparılan müşahidələr göstərir ki, paytaxt ərazisində velosiped yolları kifayət qədər olmadığı üçün velosipedçilər yolun hərəkət hissəsinə çıxırlar. Bəzi velosipedçilər yolun ortası ilə elə hərəkət edir ki, sanki sürücülər dayanıb buna yol verməlidir. Biz kamera görüntülərinə baxıb belə dəhşətli mənzərələri görürük. Bu, çox təlükəlidir. Düzdür, hadisə baş verirsə, səbəbkar müəyyənləşir. Amma hər kəs öz məsuliyyətini dərk etməlidir. «Yol hərəkəti haqqında» qanunda velisipedçinin hüquq və vəzifələri, eyni zamanda, velosipedin texniki göstəriciləri ilə bağlı müəddəalar var. Lakin biz şəhərdə görürük ki, idarə olunan velosipedlərin əksəriyyəti texniki tələblərə cavab vermir. Avtomobillərdə olduğu kimi, velosipedlərə də ikrah doğuran, eybəcər səslər çıxaran siqnallar quraşdırıb insanları narahat edirlər. Biz də tərəfdarıyıq ki, ekoloji tarazlığı qorumaq üçün avtomobildən yox, velosipeddən istifadə edilsin. Lakin hər şey qanun çərçivəsində olmalıdır».

Vaqif Əsədov bildirib ki, Dənizkənarı Milli Parkada velosipedçilər üçün ayrıca yer ayrılıb. Lakin son vaxtlar bulvarın hər yerində velosiped sürənlərə rast gəlmək olar. Bu da insanların narahatlığına və narazılığına səbəb olur: «Eyni mənzərə yollarımızda da yaranıb ki, yol polisi bu vəziyyəti qaydaya salmaq üçün tədbirlər görməyə başladı. Lakin bəzi media orqanları bunu başqa yerə yozaraq yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır. Bu, heç kimə qarşı qərəzli addım ola bilməz. Velosipedçlərlə bağlı yol polisinin gördüyü işlər təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır».

Vaqif Əsədov bildirib ki, ekoloji cəhətdən velosiped əlverişli sayılsa da, təhlükəsizlik qaydalarında bu nəqliyyat vasitəsinə hər hansı güzəşt nəzərdə tutulmur. Son 6 ayda paytaxt ərazisində 4 velosipedçini avtomobil vurub. Bunların dördü də velosipedçilərin səhvi ucbatından baş verib: «Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları şəhərin mərkəzi küçə və prospektində velosipedi təhlükəli sürənlərə qarşı sərt cəza tətbiq edəcək. Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh