Reklam

Avropanın ən böyük avtomobil muzeyində bir gün - FOTO

Avtosfer Foto 17 Oktyabr 2022 11:29 Oxunub 2494
Avropanın ən böyük avtomobil muzeyində bir gün  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təyinatı və eksponatların çeşidinə görə muzeylər müxtəlifdir. Bunların arasında yaranma tarixi baxımından ən gəncləri elə avtomobil muzeyləridir. Onların əksəriyyətinin yaşı yüzə çatmır. Eynən də bu gün söhbət açacağımız Fransanın Müluz şəhərindəki Milli avtomobil muzeyi (Musée National de l'Automobile) kimi.

Avtosfer.az-ın xəbərinə görə, bu muzeyin spesifik əlaməti burada nadir modellərin toplanmasıdır. Muzey eksponatları arasında, cəmi 6 ədəd buraxılmış “Bugatti” modelinə, “McLarens” komandasına dünya çempionluğu bəxş etmiş F1 bolidinə və ya 1,5 milyon dollar dəyərindəki “Bugatti Veyron”a rast gəlmək mümkündür. Bura antik “Rolls Roys” və “Bugatti”lərin ən böyük kolleksiyasıdır.

Ötən əsrin 70-ci illərində iki fransız sənayeçinin təməlini qoyduğu bu muzey, əhalisi 100 min nəfər olan Müluz şəhərinə (Fransa-Almaniya sərhədində Elzas regionu) hər il yüz minlərlə turist cəlb edir.

Muzeydə 100 markanın beş yüzədək avtomobili qorunur. Mərkəzdən idarə olunan qulaqcıqlar vasitəsilə tamaşa etdiyiniz avtomobil barədə 16 dildə məlumat almaq olar (elektron bələdçi). 6000 m2 sahəsi olan muzeyi gəzmək üçün yarım gün lazım gəlir. İdman bolidlərinin sərgiləndiyi zalda isə tamaşaçı özünü Formula 1 yarışındakı kimi hiss edir.

Muzeyin yaradıcıları Hans və Fritz Şlumf qardaşları İtaliyada anadan olsalar da onların anası əslən Müluzdan idi. Atalarının erkən itirən qardaşlar Müluzda böyüyür, sonradan toxuculuq işinə girişirlər. 1964-də köhnə avtomobilləri toplamağa başlayan Fritz gələcək muzeyin əsası qoyur. Ustalar ictimaiyyətdən gizli şəkildə Avropanın dörd bir tərəfindən gətirilmiş antik avtomobilləri bərpa edirlər.

1979-cu ildə dövlət bu kolleksiyaya tarixi irs statusu verir, 1981-ci ildə isə kolleksiya Milli Avtomobil Muzeyləri Assosiasiyası tərəfindən alınır. Muzey 1982-ci ildə tamaşaçıların ixtiyarına verilir.

Muzeyin girişində ziyarətçini dünyada ilk klassik avtomobil hesab edilən “Panhard Levassor” qarşılayır.

Bir haşiyə çıxaq: Əgər Qotlieb Daymler 1885-ci ildə ixtira etdiyi mühərriki velosipedə yerləşdirimşdisə (trisikl hesab edilir), mühəndis Lövassor bizim başa düşdüyümüz “klassik avtomobil”in birbaşa yaradıcısıdır. Lövassorun tətbiq etdiyi (həmin dövrün mətbuatı bunu texniki inqilab adlandırdı) mühərrik + sürət qutusu + kardan valı + arxa körpü sıralaması avtomobil sənayesində bu gün də tətbiq olunur. Lakin Lövassorun tətbiq etdiyi digər yenilik - reversiv ötürmə sistemi avtomobildə deyil, dəmir yol nəqliyyatında müvəffəqiyyətlə tətbiq olunmağa başladı (Reversiv ötürmə dedikdə nəqliyyat vasitəsinin hər iki istiqamətə eyni sürətlə hərəkət etməsinə imkan verən transmissiya başa düşülür. Bu sistem lokomotivlərin, metro vaqonları və tramvayların manevr etməsi üçün böyük yer tutan və çox xərc tələb edən dairəvi dəmir yollarının çəkilməsi zərurətini aradan qaldırır).  

Mühəndisər Röno Panhard və Emil Lövassor 1875-ci ildə qaz mühərriklərini layihələndirməyə başlayırlar. Kütləvi istehsala növbəti il start verilir. Daymler mühərriklərinin Fransa distributoru Eduard Sarazen bunu görərək Emil Levassorla əlaqə qurur. Levassor 1890-cı ildə Sarazenin dul arvadı ilə evlənir və 1891-də Daymlerin lisenziyası əsasında “Panhard&Levassor” Cəmiyyəti “Levassor” markalı benzin mühərriklərinin istehsalına başlayır. Beləliklə, Parisin 13-cü dairəsində dünyada ilk avtomobil zavodunun təməli qoyulur.

Bu əfsanəvi model 1967-də maliyyə böhranı zamanı “Peugeot” tərəfindən alınandan sonra mülki avtomobillərinin istehsalı dayansa da, hərbi texnika istehsalı bu gün mövcuddur. Bu markadan olan zirehli texnika münaqişə zonalarında uğurla xidmət edir.

Muzeyin idman avtomobilləri bölümündə isə 1,5 milyon dollarlıq “Bugatti Veyron” dayanır. Bu model üçün səciyyəvi hal: Ban (şassi) nömrəsi eyni zamanda dövlət nömrə nişanı ilə eyni olur - əlbəttə ki Avropada.

Muzeydə dünyanın ilk rekordçu avtomobili “Jamais Content”, və ya sosialist Almaniyanın istehsalı olan “Trabant” da yer alır. Yeri gəlmişkən, Almaniyanın ənənəvi avtomobil nəhəngləri olduğu halda məhz Şərqi Almaniyanın məhsulu olan “Trabant” vahid Almaniyanın simvolu oldu (Azərbaycanın pambıq sənayesinin tullantılarından istehsal edilən bu avtomobil barədə ayrı yazımız olacaq).

Muzeydə həmçinin uşaqlar üçün avtomobillərə, nadir motosikletlərə də rast gəlmək mümkündür.

PS. Giriş bileti 15 avro olan Muzey dünyanın istənilən ölkəsindən gələn jurnalistlər üçün pulsuzdur. 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh