Reklam

Azərbaycanda məşhur klinikanın təcili yardım maşınına yayda qış təkəri taxılıb - FOTO

Avtosfer Foto 30 İyun 2022 09:29 Oxunub 2482
Azərbaycanda məşhur klinikanın təcili yardım maşınına yayda qış təkəri taxılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hansı təkərdən istifadə edək?

Sovet dövründə azərbaycanlı sürücülərdə belə ənənə vardı: istismar müddəti bitmiş (keçəl) təkərlər qabaq tərəfə taxılırdı. Sürücülər belə zənn edirdilər ki, qabaq körpü aparıcı olmadığı üçün hansı təkəri qoysan gedər. Əsas arxa təkər salamat olsun ki, qışda, palçıqda hərəkət etmək mümkün olsun. 
Bəs sovetdən qalmış bu yanlış düşüncə, zərərli ənənənin sonu gəlibmi? Təəssüf ki yox. Sadəcə olaraq forma dəyişib. Amma necə?

Bir haşiyə çıxaq: Ötən həftə Bakının ev sahibliyi etdiyi tədbirdə məşhur klinikalardan birinin avtomobilində qış təkərlərini gördükdə qərara aldım ki mövzuya nəzər yetirək. Bəri başdan deyim ki, niyyətimiz kimisə tənqid etmək və ya nüfuzunu ləkələmək deyil. Lakin baş verə biləcək hansısa fövqəladə hal barədə məlumat vermək də borcumuzdur. Keçək mətləbə.

Əksər sürücülər bilir ki şinlər qış, yay və 4 mövsümlük deyə 3 qrupa ayrılır. Temperatur +10dərəcəni keçdikdə artıq yay təkərlərinə keçməyin zamanıdır. Qış təkərlərindən Azərbaycan kimi isti ölkələrdə yay vaxtı istifadə ciddi fəsadlar doğura bilər. Bu təkərlər yumşaq olduğundan isti havada tez genişlənir, yola rezin kimi yapışır. Kənarda duran şəxs bunu təkərin səsindən ayırd edə bilər. İsti havada bu şinlərin partlama və ya diskdən çıxma riski böyükdür. Nəzərə alaq ki, təcili yardım avtomobilləri də missiyasından irəli gələrək vaxtaşırı sürət rejimini pozur (söhbət insan həyatından getdiyi üçün qanun da onların tərəfindədir). Yüksək sürətdə xəstə daşıyan təcili yardın karetası və ya reanmobilin təkərə görə qəza keçirməsinin doğuracağı fəsadları bizcə ətraflı yazmağa lüzum yoxdur. Bəlkə də bu hal xəstəxana rəhbərliyinin nəzərindən yayınıb, amma özlüyündə kiçik fakt deyil. 
Əslində təkəri düzgün seçməyənlər və ya təkərin əhəmiyyətini anlamayanlar az deyil. Şəxsən bahalı ciplərin (Rover, Touareg) sahiblərinin təkərlərə “Volqa” kameri salınaraq istifadə edilməsinə, işlənmiş təkər almasına dəfələrlə şahid olmuşam. Axı necə ola bilər ki, 100 minlik maşın sürənin təkər almağa pulu çatmasın!

Bəs arxa intiqallı avtomobildə qabaq oxa pis, arxa oxa yaxşı təkər taxmağn nəticəsi nə olar? Arxa ox sürüşərkən az-çox təcrübəsi olan sürücü vəziyyətdən çıxa bilər.  Qabaq ox sürüşdükdə isə qəzadan qurtulmaq üçün Formula-1 pilotu olmaq lazımdır. 
4 mövsümlük təkərlərə gəlincə, bunlar bizim ölkəmiz üçün yaramır. Qışda ciddi problem olmasa belə, iyun-sentyabr aylarında asfaltın temperaturu bu təkərləri tez sıradan çıxarır.
İşlənmiş təkər satışı nöqtələrinə baxsanız belə bir halın şahidi olarsınız: təkərlərin böyük əksəriyyəti qış təkəridir. Bu da istehlakçı seçimi ilə əlaqədardır. Təkər təmiri ilə məşğul olan bir tanışımın təbirincə desək sürücülər “şporlu təkər axtarır”. 
Protektor naxışlarının yeyilməsi nəticəsində təkərin aerodinamikası da pozulur və qızma riski artır. Bu səbəbdən yay aylarında təkər partlaması hallarına tez-tez rast gəlinir. 
Başqa bir problem də təkərlərin istehsal ilinin köhnə olmasıdır. Ilk baxışdan yaxşı təsir bağışlayan təkərin istehsal ilinin köhnə olmasına da çox rast gəlinir. 
İndi də keçən xarici təcrübəyə, daha doğrusu qonşularımız Türkiyə və Rusiyanın təcrübəsinə.
Türkiyədə texniki baxış zamanı ilk növbədə təkərlərin vəziyyəti yoxlanılır. Buna görə də çox vaxt sürücülər texniki baxışa gedərkən qohum-qonşudan 1 komplekt borc təkər alırlar.
Rusiyada isə texniki baxışla yanaşı polis avtomobili saxladaraq təkərləri də yoxlaya bilər. Mövsümə  və avtomobilin modelinə uyğun olmayan, protektoru normadan artıq yeyilmiş şinlərə görə Şimal qonşumuzda avtomobil cərimə meydançasına yerləşdirilir. Uzaq Şərq regionunda isə qışda xüsusi “tikanlı şinlər”dən istifadə mütləqdir. Vaxtilə bu ölkənin də bazarını ikinci əl idxal təkərlər zəbt etmişdi. Vladimir Putinin Baş nazir olduğu dövrdə problemi sadə yolla həll edildi: işlənmiş şinlərə tətbiq edilən rüsum təzənin 2 misli oldu. Nəticəni də gözləmək üçün çox gözləmək lazım gəlmədi.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh