Bakıda hər gün ölümə atılanlar - FOTO
Bakının Heydər Əliyev prospektində, SOCAR-ın baş ofisinin yaxınlığında yolu keçmək istəyən yüzlərlə piyadaların həyatı hər gün təhlükə qarşısında qalır. Məlum olduğu kimi yolda sürət həddi 90 kilometrdir, üstəlik prospektin Bağırov körpüsündən başlayaraq metronun Koroğlu stansiyasına qədər olan bir neçə kilometrlik hissəsində cəmi iki yerdə ("Şəfa" stadionu yaxınlığında yeraltı və "Koroğlu" metrostansiyasından bir qədər aralıda yerüstü) piyada keçidi mövcuddur.
Avtosfer.Az virtualaz.org-a istinadən bildirir ki,altı zolaqlı, hərəkətin kifayət qədər intensiv olduğu prospektin hər iki tərəfində zavod və müəssisələr yerləşdiyindən hər gün işə gedib-gələnlər, o cümlədən yaxınlıqda yaşayanlar həyatını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından yolu keçməli olur.
Yaxınlıqda yaşayanların çoxsaylı şikayətlərdən sonra səhər və axşam saatlarında yolu keçənlərə son vaxtlar polis kömək etməyə başlayıb. Amma bu da problemin həlli deyil və az qala hər saat, hər dəqiqə bu yolda piyadaların vurulması riski yaranır. Yaxınlıqda yaşayanlar deyirlər ki, 2004-cü ildən, yəni prospektin salınmasından bəri bu yolda avtomobillərin təkərləri altında can verənlərin sayını itiriblər.
Sonuncu dəfə bir neçə gün əvvəl iki uşaq anası Lalə İmaməliyevanı bu yolda avtomobil vuraraq öldürüb. Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib.
Virtualaz.org-un əməkdaşları bu gün prospektin Zəki Məmmədov küçəsi ilə kəsişməsində, bədbəxt hadisələrin ən çox baş verdiyi ərazidə müşahidə aparıblar. Günorta saatları və qeyri-iş günü olmasına baxmayaraq cəmi bir neçə dəqiqə ərzində yoldan 10-dan çox piyada keçib. Onlar həyatlarını riskə atdıqlarını etiraf etsələr də, başqa əlacları olmadıqlarını bildirirlər.
18 yaşlı Şəbnəm Vəliyeva deyir ki, hər gün evdən çıxanda valideynləri ona buradan keçməməyi tapşırsalar da, çarəsizlikdən vədinə əməl edə bilmir: "Hər gün valideynlərim dönə-dönə tapşırırlar ki, buradan keçməyim. Onlara söz verirəm, amma yenə də bu yoldan keçməli oluram. Bilirəm təhlükəlidir, başqa çarəm yoxdur. Siz özünüz də baxın, burada yaxınlıqda piyada keçidi görürsünüzmü?", - deyə müsahibimiz sual edir.
Doğurdan da, prospektin bu hissəsində göz işlədikcə görünən uzaqlıqda piyada keçidi yoxdur. Magistral yolda nəqliyyat vasitələri sıx hərəkət etdiyindən piyadalar bəzən dəqiqələrlə gözləməyə məcbur olurlar. Avtomobil axını azalan kimi bir neçə zolağı qaçaraq keçirlər.
Piyada Dilşad Yaqubovanın sözlərinə görə, demək olar ki, hər həftə bu yolda bədbəxt hadisələr müşahidə olunur: "Uşaqlarım 82 saylı məktəbdə oxuyublar, düz 8 il bu yolu keçməmək üçün 2 kilometr əlavə yol gedib gəliblər. Hər gün əlimizi ürəyimizin üstünə qoyub yolu keçirik ki, kaş bizə heç nə olmasın. Hər həftə burada bədbəxt hadisələr baş verir. Neçə illərdir ki, kollektiv şəkildə müxtəlif orqanlara, o cümlədən, Nizami Rayon İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edirik, amma heç nə etmirlər. Yalnız bu ilin yanvarında müraciətimizə cavab gəldi ki, burada keçidin inşası nəzərdə tutulub. Həmin hissəni qazıb piyada keçidi tikmək istəyirdilər, məlum oldu ki, ərazidən iri kollektor keçir və onu zədələyiblər. Ona görə də, işlər dayandırıldı və yarımçıq qaldı..."
Qeyd edək ki, Bakının bir çox digər küçələrində də piyada keçidlərinin kifayət qədər olmaması səbəbindən insanlar hər gün belə təhlükəli vəziyyətlə üz-üzə qalırlar. Təkcə Nizami rayonunda deyil, digər rayonlarda da intensiv hərəkət olan yollarda piyada keçidlərinin azlığı faciəvi hadisələrə səbəb olur. Nəticədə Bakıdapraktiki olaraq hər gün piyada vurulmaları baş verir Bəzi ərazilərdə nizamlanmayan piyada keçidləri olsa da, çox zaman sürücülər onlara əhəmiyyət vermirlər.
Ötən il Bakı Nəqliyyat Agentliyi ekspertlərin iştirakı ilə piyada keçidləri ilə bağlı monitorinq keçirmişdi və keçidlərin çatışmamasını təsdiqləmişdi. Agentlik yaxın müddət ərzində azı 17 yeni piyada keçidinin tikilməli olduğunu bildirmişdi.